"Hər dövrün özünəməxsus münasibət formatları olur ki, bugünkü dövrdə də bu, daha çox internet üzərindən sosial şəbəkələr, platformalar, eyni zamanda "WhatsApp" tipində ünsiyyət texnologiyaları vasitəsilə mümkündür". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq, sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, əslində bəşəriyyət inkişaf etdikcə, özü üçün yeni texnologiyalar kəşf edir: "Sosial şəbəkələr də bu kəşflərdən biridir və insanların bir-biri ilə münasibət qurması, əlaqə yaratması üçün texnoloji imkanlar onları bir-birinə daha da yaxınlaşdırır. Onlayn ünsiyyət real ünsiyyətlə paralel inkişaf etsə də, biz qəbul etməliyik ki, gec-tez real ünsiyyət öz yerini online əlaqələrə verəcək. Dünya böyüyür. Artıq 8 milyard 200 milyon əhali var və onların bir-biri ilə real əlaqədə olması əvvəllər də mümkün deyildi, indi də mümkün deyil. Nəzərə alsaq ki, Azərbaycanın 60 milyona yaxın soydaşı dünyanın müxtəlif yerlərində yaşayır, onların bir-biri ilə online ünsiyyət qurması həm maddi, həm zaman, həm də enerji baxımından daha əlverişlidir. Ona görə də bu vəziyyəti normal qəbul etmək lazımdır. Əlbəttə, həm online, həm real ünsiyyətin müsbət və mənfi tərəfləri var. İstəsək də, istəməsək də, 1980-ci illərdən bu yana qonşuluq əlaqələri, qohumluq münasibətləri zəifləməyə başlayıb. İnsanlar bir-birinin evinə getmir, münasibətlər formal xarakter alıb. Amma yeni smart qurğular, ünsiyyət vasitələri, xüsusən sosial şəbəkələr bu münasibətlərə yeni bir çalar qatıb. Bu da onlayn, virtual münasibətlərdir. Hətta bir-birini sevməyən insanlar belə bayram, yas və ya hər hansı önəmli günlərdə bir-birinə online başsağlığı verir, təbriklər və arzular göndərirlər. Bunun nəyi pisdir ki?
Tutalım, mənim ailəmdə 8 nəfər var. Onlar evlənib, hərəsinin 2 uşağı, hətta uşaqlarının da uşaqları var və onlar da xaricdə yaşayırlar. Mən onlarla real ünsiyyət qura bilməsəm də, online imkanlar sayəsində hər gün onlarla görüntülü və ya səsli əlaqə saxlaya bilirəm. Öz fikirlərimi bölüşürəm, onların uğurlarını eşidirəm. Onlayn ünsiyyət bizə yeni formatlar da təqdim edir: virtual ofislər, məsafədən iş, distant təhsil və s. Bunların hamısı insan münasibətlərinə yeni dəyər qatır. Bu münasibətlərin adı sosial şəbəkələrdir, sosial münasibətlərdir. Sadəcə onun elektron, online, virtual variantıdır. Təbii ki, bunun insan emosiyalarına da təsiri var. Bəzən onlayn ünsiyyətdə insanları aldatmaq, fırıldaqçılıq halları da real aləmdəki kimi olur. Amma necə olursa olsun, ünsiyyətin formasından asılı olmayaraq, insanlar bir-biri ilə əlaqədə olmalıdır. Qohumlar, dostlar, tanışlar, qonşular fərqi yoxdur həm online, həm də real münasibətdə olsalar, bu daha gözəl olar. Çünki biz insanlar digər canlılardan fərqli olaraq, daim sosiallaşmağa, fikir mübadiləsinə və münasibətdə olmağa ehtiyac duyuruq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB