“Toponimlər və ana dilimiz milli kimliyimizin ayrılmaz tərkib hissəsidir” - İsa Həbibbəyli
“Hazırlanmış ədədi xəritələr bir daha göstərir ki, bu xəritələrdə əks olunan toponimlər - yəni coğrafi adlarımız - bizim tarixi varlığımıza, milli kimliyimizə və məmləkətimizə aid olan dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu xəritələr vasitəsilə toponimlərin coğrafi yayılma miqyası və bu adların tarixi mahiyyəti açıq şəkildə ortaya qoyulur”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr olunmuş konfransda çıxışı zamanı səsləndirib.
O bildirib ki, milli ideologiyanın əsas müddəaları içərisində Azərbaycan dili ilə bağlı çağırışlar və fikirlər xüsusi yer tutur: “Cənab Prezidentin ana dilinə dair apardığı siyasət həm dövlət dili səviyyəsində, həm də ümumi ictimai şüur müstəvisində böyük uğurla davam etdirilir”.
İsa Həbibbəyli qeyd edib ki, akademik dairələrdə və dövlət qurumlarında ana dilimizin qorunması və inkişafı ilə bağlı aparılan müzakirələr yalnız elmi aspektləri deyil, bütövlükdə cəmiyyətin düşüncə sistemini və milli özünüdərk proseslərini əhatə edir: “Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, əgər biz dilimizi qorumasaq, zamanla onun əsasları zəifləyə bilər. Bu isə milli kimliyimiz üçün ciddi təhlükədir”.
Akademiya prezidenti vurğulayıb ki, dilin saflığını qorumaq, onu yad təsirlərdən müdafiə etmək, lazımsız alınma sözlərdən uzaq durmaq hər bir Azərbaycan vətəndaşının mənəvi vəzifəsidir: “Bu məsələdə alimlərimiz, ziyalılarımız, müəllimlərimiz və maarifçilərimiz xüsusilə fəal rol oynamalı, dil siyasətində milli mövqeni qorumalıdırlar”.
O, xüsusilə qeyd edib ki, dilin zənginləşdirilməsi yalnız beynəlxalq təcrübə hesabına deyil, eyni zamanda Azərbaycan dilinin daxili imkanları əsasında aparılmalıdır: “Bu, əsrlər boyu formalaşmış Azərbaycan mütəfəkkir fikrinin ana dilinə göstərdiyi münasibətin davamıdır. Cənab Prezident tərəfindən ana dilinə göstərilən qayğı onu birbaşa dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib”.
İsa Həbibbəyli hazırda müxtəlif sahələrdə – reklam bazarında, mediada, təhsil müəssisələrində və gündəlik məişətdə alınma sözlərin geniş yayılmasından təəssüf hissi keçirdiyini də bildirib: “Bu tendensiyanın qarşısı alınmalı, cəmiyyətin bütün təbəqələrində Azərbaycan dilinin qorunması və düzgün istifadəsi sistemli şəkildə təşviq edilməlidir”.
Sonda AMEA prezidenti çıxışında Cənab Prezidentin dil və ideoloji sahələrlə bağlı qaldırdığı məsələlərin onlar üçün yol göstərici olduğunu vurğulayıb: “Qarşımızda böyük vəzifələr dayanır. Buradan Cənab Prezidentə təşəkkürümüzü bildirir, ziyalılarımızı isə bu məsələlərin məsuliyyətini daha dərindən dərk edərək bilik və enerjilərini bu istiqamətə yönəltməyə çağırırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB