“Azərbaycan dilinin rəqəmsal (yenilənmiş) texnologiyası hazırlanır” - Nadir Məmmədli

“Onu zənginləşdirmək bizim borcumuzdur. Cənab Prezidentin çıxışları və doktorantların təqdimatları bizə dövlət siyasətində dilin inteqrasiyasının çərçivəsini bir daha göstərdi. Bizə aydın oldu ki, dil, ümumiyyətlə, milli kimlik və strategiya məsələləri son dərəcə vacibdir. Həmçinin texnologiyaların inkişafı və süni intellekt sahəsində düzgün idarəetmə çətinliklər yarada bilər. Ən əsas məsələ isə normativ bazamızdır – əgər o zəifdirsə, bu ciddi təhlükədir”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan alimi və naşir Nadir Məmmədli Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” konfransında bildirib.

O vurğulayıb ki, bu problem yalnız normativ sənədlərlə məhdudlaşmır: “Dilimizin qorunmasında hələ də ciddi çətinliklər mövcuddur. Əvvəllər rus dilinin təsiri güclü idi, lakin 1994-cü ildən sonra bu müdaxilə əhəmiyyətli dərəcədə azalıb. Lakin hər gələn sözü dilimizə qəbul etmək düzgün deyil. Beynəlxalq terminlərin, məsələn, demokratiya kimi sözlərin diqqətlə seçilməsi vacibdir. Dilimizin özünəməxsusluğunu qoruyub saxlamaq əsas məqsədimiz olmalıdır”.

Nadir Məmmədli qeyd edib ki, dil siyasətində yeni standartlar hazırlanmalıdır: “Türk dili bizim aləmimizdir, ona görə də xarici dillərdən söz götürərkən daha çox Türk dilindən götürmək uğurlu olar. Yeni korpuslar və standartlar yaradılmalıdır və bu məsuliyyət mənim üzərimdədir”.

Alim üçüncü mühüm istiqamət kimi tərcümə proseslərinin və tərcümə alqoritmlərinin inkişafını qeyd edib. Dördüncü vacib məsələ isə rəsmi yazı üslubunun təkmilləşdirilməsi, adi sözlərin yazılışında səhvlərin aradan qaldırılması və ciddi nəzarətin təmin olunmasıdır.

O həmçinin dilçilik sahəsində süni intellekt və rəqəmsal platformalardan istifadənin önəmini vurğulayıb: “Azərbaycan dilinin rəqəmsal (yenilənmiş) texnologiyası hazırlanır. Dil tarixi sahəsində ilk dəfə süni intellekt və regensal platformalardan istifadə edərək korpus yaradılır. Bu, uzun müddətli faydalar təmin edəcək. Artıq 550 milyon sözü analiz etmişik və milli lüğətlərimizə əlavə etmişik”.

Nadir Məmmədli çıxışının sonunda qeyd edib ki, bu istiqamətdə tədqiqatlar yalnız texnologiya və normativ bazaya deyil, həm də milli irs və qədim mətnlərin araşdırılmasına, divan ədəbiyyatı kimi zəngin mənbələrin öyrənilməsinə yönəldilməlidir: “Bu, Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi sahəsində tarixi və strateji bir addımdır”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə