Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır
ABŞ Prezidenti Donald Trampın administrasiyası bir il ərzində ölkədən bir milyona yaxın qeyri-qanuni immiqrantı deportasiya etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Washington Post” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Qəzetin qeyd etdiyi kimi, bu rəqəm ABŞ Prezidenti Barak Obamanın administrasiyası dövründə müəyyən edilmiş əvvəlki 400 min deportasiya rekordunu xeyli üstələyir. Analitiklər bu rəqəmi qeyri-real hesab edirlər, çünki bu iş üçün hüquq-mühafizə orqanlarına kifayət qədər kadr və maliyyə ayrılmayıb. Bundan əlavə, miqrantların məhkəməyə müraciət etmək və onların deportasiyasına etiraz etmək hüququ var.
Nəşrin məlumatına görə, bu məqsədə çatmaq üçün departamentlər arasında koordinasiyaya cavabdeh olanlardan biri də Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerdir. “The Washington Post” qeyd edir ki, Trampın komandası bu məqsədə artıq məhkəmə qərarı verilmiş 1,4 milyon miqrantı deportasiya etməklə əldə etməyi planlaşdırır. ABŞ administrasiyası miqrantların vətənə qaytarılması üçün ən azı 30 ölkə ilə danışıqlar aparır.
Qəzet vurğulayır ki, Tramp administrasiyası deportasiya olunanların sayı ilə bağlı aylıq statistika dərc etməyi dayandırıb. Eyni zamanda, ABŞ Daxili Təhlükəsizlik Departamenti ilin əvvəlindən 117 min insanın ölkədən deportasiya edildiyini açıqlayıb.
Tramp dəfələrlə ABŞ-ın immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə