Türkiyə nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub

Azərbaycana səfərə gələn Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksəkvəzifəli şəxsləri, ali məktəb rektorları, alimlər və sahibkarların daxil olduğu Türkiyə nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub.

SİA xəbər verir ki, əvvəlcə Komitənin sədri Fuad Muradov Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən bəhs edərək, bütün müstəvilərdə olduğu kimi diaspor sahəsində də əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Şuşa ilə Kayseri şəhərlərinin qardaşlaşması və Kayseridə Şuşa Azərbaycan Evinin fəaliyyətindən bəhs edən F.Muradov bildirib ki, Türkiyə ilə bu sahədə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və iki qardaş ölkənin diaspor qurumları arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında münasibətlər təkcə dostluq və qardaşlıq deyil, həm də ortaq tarixə, mədəniyyətə və dəyərlərə söykənən sarsılmaz birliyin nümunəsidir. O qeyd edib ki, sarsılmaz, nümunəvi münasibətlərimiz regional sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

TBMM-in Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxışında hər iki ölkənin strateji maraqlarının üst-üstə düşdüyünü və siyasi, iqtisadi, hərbi, humanitar sahələrdə əməkdaşlığın durmadan inkişaf etdiyini diqqətə çatdırıb, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı etimada əsaslanan münasibətlərinin bu birliyi daha da möhkəmləndirdiyini bildirib. O, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa xüsusi toxunaraq, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da qardaş dəstəyini davam etdirəcəyini vurğulayıb.

Sonra Fuad Muradov Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçını və Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qənbərovu “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

Sonda nümayəndə heyətinin üzvlərinə hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə