Quzanlı qəsəbəsindəki Ağdam Muğam Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Valehin 300 illik yubileyinə həsr edilmiş “Qarabağdan səfər etdim” adlı kitabın təqdimatı olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Mustafa Çəmənlinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanda aşıq sənətinin inkişafına göstərilən dövlət qayğısından, Qarabağın ustad sənətkarı Aşıq Valehin həyat və yaradıcılığından bəhs edilib.
Bildirilib ki, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr edilən “Qarabağdan səfər etdim” kitabının müəllifi Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyevadır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tədbirin bədii hissəsində aşıqlar tərəfindən ustad sənətkar Aşıq Valehin sözlərinə yazılmış mahnılar və aşıq musiqiləri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə