Bakıda Port İncəsənət Mərkəzi açılıb

Dekabrın 9-da Bakı Dəniz Vağzalında Bakı limanının 120 illik yubileyinə həsr edilən Port İncəsənət Mərkəzinin açılışı olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov açılışa gələn qonaqlara sərgi və Bakı Limanı barədə məlumat verib.

Bildirib ki, Bakı limanının 120 illik yubileyi qeyd edilsə də, əslində limanın tarixi 500 ildən çoxdur. Bu gün belə bir mərkəzin açılışı, "Mincə Sənət" Rəsm Qalereyasının dəstəyi ilə keçirilən sərgi Bakı limanının yubileyinə həsr olunan ən gözəl hədiyyədir.

Baş direktor qeyd edib ki, burada 37 rəsm və 16 heykəltəraşlıq nümunəsi sərgilənir. Mərkəzdəki sənət əsərləri arasından 3 ən yaxşı rəsm və heykəltəraşlıq nümunəsi səsvermə yolu ilə seçilib və onların müəlliflərinə sertifikatlar veriləcək.

Daha sonra "Mincə Sənət" Rəsm Qalereyasının direktoru Fidan Bədəlova, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko sərginin əhəmiyyətindən danışıb, Bakı limanını 120 illik yubiley münasibətilə təbrik ediblər.

Sonra sərgi ilə tanışlıq olub, qaliblərə sertifikatlar təqdim edilib.

Tədbirə 30-dan çox ölkənin səfirləri, diplomatlar, incəsənət nümayəndələri qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə