“Avroviziya-2023”də Azərbaycanı təmsil edəcək ifaçı elan olunub

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimini elan edib.

Bu barədə SİA-ya İTV-dən məlumat verilib.

Seçimlərdə iştirak etmək istəyən ifaçılar və bəstəkarlar dekabr ayının 31-nə qədər öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və Avroviziya üçün hazırlanmış yeni mahnılarını song@eurovision.az elektron ünvanına göndərə bilərlər.

Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və Avroviziya mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

Qeyd edək ki, “Avroviziya-2023” mahnı müsabiqəsi Liverpulda 9, 11 və 13 may tarixlərində baş tutacaq.

Müsabiqədəki Azərbaycan nümayəndə heyətinin rəhbəri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini Vasif Məmmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə