Gənc pianoçunun təqdimatında Azərbaycandan dünyaya musiqi töhfəsi

Macarıstan paytaxtında fəaliyyət göstərən “Azərbaycan Evi”ndə beynəlxalq müsabiqələr laureatı, Qran-Pri mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı layihəsinin təqdimatı keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycan Evi”nin təşkilatçılığı ilə reallaşıb.

Musiqi proqramının təqdimatından öncə gənc pianoçu mədəniyyətimizdə milli irsin qorunub saxlanılması və dünyada təbliği sahəsində böyük işlər görüldüyünü bildirib. O, musiqi sənətimizə dövlətimiz tərəfindən xüsusi qayğı göstərildiyini, bütün bu işlərin Azərbaycan mədəniyyətinin inkişafına, onun dünya miqyasında yayılmasına xidmət etdiyini vurğulayıb. Pianoçunun bu layihəni hazırlamaqda məqsədi onu xarici auditoriyalarda təqdim etməklə milli musiqimizi təbliğ etmək və gələcəkdə əcnəbilərlə yeni əməkdaşlıq əlaqələri yaratmaqdır.

Tədbirdə layihə çərçivəsində dahi bəstəkarlarımız Qara Qarayev və Fikrət Əmirovun əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə