“Qara qan” romanının yenilənmiş nəşrinin təqdimatı

Noyabrın 29-da Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist, Əməkdar jurnalist Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən “Qara qan” romanının yenilənmiş 5-ci nəşrinin təqdimatı keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Əməkdar elm xadimi Tofiq Məlikli tədbir və təqdim olunan kitab haqqında danışaraq, onun milli-mənəvi dəyərlər baxımından çox qiymətli bir əsər olduğunu vurğulayıb və hər kəsə əsəri oxumağı tövsiyə edib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Şahin Fazil kitab haqqında təəssüratlarını bölüşərək, Fazil Güneyin yaradıcılıq yolundan söhbət açıb. Bildirib ki, F. Güney Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsində təhsil aldığı vaxtlardan bədii yaradıcılığa başlayıb. Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi olduğu illərdə milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb.

Əməkdar incəsənət xadimi, nasir, dramaturq Firuz Mustafa diqqətə çatdırılıb ki, XX əsrin sonlarında Azərbaycan ictimai-siyasi mühitində baş verən hadisələr, müstəqillik ab-havası Fazil Güneyin yaradıcılıq istiqamətini daha çox jurnalistikaya yönəldib. 1991-ci ilin əvvəlində yaradılan “Assa-İradə” Azərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən çıxmağa başlamış ingiliscə “AzerNews” qəzetinin təsisçisi və baş redaktoru, “Azeri Observer” jurnalının direktoru olan Fazil Güney Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görüb. Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən, müasir Azərbaycan reallıqlarını əks etdirən yenilənmiş “Qara qan” tarixi romanı ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli ədəbi yaradıcılıq nümunəsidir.

Azərbaycan Tibb Universitetinin professoru, Əməkdar həkim Nadir İsmayılov yenilənmiş kitabın 5-ci nəşrini kitabsevərlər üçün yeni bir töhfə kimi dəyərləndirib və belə bir əsərin ərsəyə gəlməsinə görə yazıçıya öz təşəkkürünü bildirərək, yaradıcılıq uğurları arzulayıb.

Diplomat, filologiya üzrə fəlsəfə doktoru Tofiq Abdullayev Fazil Güneyin yaradıcılığından və Vətən qarşısında xidmətlərindən danışaraq deyib: “Fazil Güney “Qara qan” romanı üzərində 30 il çalışıb. Yazıçı üzün illərdən bəri davam edən yaradıcılıq axtarışlarının yekunu olaraq maraqlı bir əsəri oxucuların ixtiyarına verib. Romanda döyüş səhnələri canlı və inandırıcı boyalarla qələmə alınıb. İnsan taleyindən bəhs edən əsərdə ayrı-ayrı millətlərin nümayəndələrinin mənəvi aləmi də peşəkarlıqla əks olunub. “Qara qan” Azərbaycan ədəbiyyatında dəyərli əsərlərdən biridir".

Ədəbiyyatşünas, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri Asif Rüstəmli Fazil Güneyin yaradıcılığından və onun qələmə aldığı "Qara qan” romanının yenilənmiş 5-ci nəşrinin motivlərindən söhbət açıb. Diqqətə çatdırıb ki, roman sevgi və ismət sınağı ilə qarşı-qarşıya qalmış Aysunun əsirliyi fonunda Qarabağ savaşının geniş və dərin mənzərəsini əks etdirir.

Onun sözlərinə görə, Fazil Güney “Ulduz sövdəsi” pamfletlər toplusunun, “Qara qan” tarixi romanının, müxtəlif illərdə yazdığı hekayə, esse və povestlərindən seçmələrin toplandığı “Yalanın gerçəkliyi” kitabının müəllifi kimi şöhrət qazanıb. “Yalanın gerçəkliyi” kitabı ABŞ-da ingilis dilində nəşr edilib. F.Güney bir alim kimi də öz sözünü deyib. Onun “Müasir Suriya romanı” və “Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası” monoqrafiyası mütəxəssislər tərəfindən bəyənilib və bu sahədə yazan müəlliflər üçün istinad mənbəyinə çevrilib" , - deyə A.Rüstəmli bildirib.

Tədbirdə çıxış edən digər natiqlər yazıçının yaradıcılıq axtarışlarından bəhs etməklə yanaşı, roman haqqında təəssüratlarını bölüşüblər. Çıxışlarda romanın bədii-publisistik əhəmiyyəti vurğulanıb, vətənpərvərlik, ana torpağa məhəbbət və yurd təəssübkeşliyi ruhunda yazıldığı qeyd olunub. Diqqətə çatdırılıb ki, roman insanların haqsız olaraq zülm və işgəncələrə məruz qalması, doğma yurdunu, ev-eşiyini itirməsi fonunda müharibənin doğurduğu mühiti, əsirlik əzabı çəkən insanların düşüncə tərzini, zülmə mərdliklə sinə gərdiklərini, habelə neofaşizmlə müqayisə edilə biləcək erməni faşizminin insanlığa böyük təhlükə olduğunu açıq-aydın göstərir. Əsərdə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, hərbi və siyasi gerçəkliklər inandırıcı boyalarla təqdim olunur. Yazıçının Uzaq Sibirdən, Çin səddindən tutmuş Aralıq dənizinədək böyük bir ərazidə məskunlaşmış qədim bir millətin övladlarını başımıza gələnlərdən xəbərdar etməkdən ötrü hərbi-siyasi, tarixi və məhəbbət süjeti üstündə qurulmuş romanı olduqca maraqlı, oxunaqlı və bitkin təəssürat oyadır.

“Qara qan” romanının Azərbaycan tarixində özünəməxsus yer tutacağını bildirən natiqlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbirin sonunda müəllif romana verilən yüksək dəyərə görə iştırakçılara təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə