Fərhad Bədəlbəylinin 75 illiyi təntənəli şəkildə qeyd olunacaq

Dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin 75 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil ediləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Qeyd edək ki, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan Fərhad Bədəlbəyli 1965–1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969–1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) təhsil alıb. F.Bədəlbəylinin adı B.Smetana adına (Çexoslavakiya, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı - 1967) və Vianna da Motta adına (Portuqaliya, Lissabon, Pianoçuların Beynəlxalq Müsabiqəsi laureatı - 1968) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşıb. Hazırda F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçu mütəmadi olaraq dünyanın bir çox ölkələrinə qastrol səfərləri edir. O, həmçinin 1986–1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub. F.Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olub) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılıb. Eyni zamanda 1991-ci ildən Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə