İkinci “4.4 Qısa Tamaşalar Festivalı”nın açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə II “4.4 Qısa Tamaşalar Festivalı”nın açılış mərasimi keçirilib. SİA xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova "4.4 Qısa Tamaşalar Festivalı"nın Mədəniyyət Nazirliyinin pandemiyadan sonra dəstəklədiyi ilk böyük layihələrdən olduğunu vurğulayıb. Bildirib ki, festivalın təşkil edilməsində məqsəd pandemiya dövründə durğunlaşmış teatr mühitini yenidən canlandırmaq, teatra yeni nəfəs verməkdir. “Maraqlı cəhətləri odur ki, biz janr, üslub baxımından heç bir məhdudiyyətlər qoymadıq. Festivalda dövlət teatrları ilə yanaşı, həmçinin özəl teatr kollektivləri və hətta kollektivi olmayan bütün yaradıcı şəxslərə öz işlərini təqdim etməyə imkan verildi”.

Festivala peşəkarlardan ibarət münsiflər heyəti dəvət olunduğunu diqqətə çatdıran nazirliyin əməkdaşı bu layihənin davamlı olacağından inamını ifadə edib: “Şadıq ki, bu il artıq ikinci festivalımızı keçiririk. Bu dəfəki festival çox zəngin proqramla və daha geniş formatda olacaq. Eyni zamanda, xaricdən dəvət olunmuş mütəxəssislər tədbirə qatılıblar. Əminik ki, festival ötən il olduğu kimi bu il də teatr mühitinə öz faydalı töhfəsini verəcək".

Gənc teatrşünas Dağlar Yusifli "4.4 Qısa Tamaşalar Festivalı"nın Azərbaycanda əhəmiyyətli mədəniyyət hadisələrindən olduğunu qeyd edib. Tədbirə Vətən müharibəsi iştirakçılarının da qatıldığını deyən teatrşünas bildirib ki, Vətən uğrunda şəhid olanlar bizi xalq və Vətən uğrunda şərəflə yaşamağa səsləyirlər. “Düşünürəm ki, builki festival Azərbaycan teatrının “mühasirə” şəraitindən çıxmasında önəmli rol oynayacaq", - deyə D.Yusifli vurğulayıb.

Layihə barədə geniş məlumat verən teatrşünas Elçin Cəfərov diqqətə çatdırıb ki, festivala göndərilən 20-dən artıq tamaşadan 12-si müsabiqə proqramına daxil edilib: "Bu tamaşaların 6-sı Bakıda, 4-ü bölgələrdə fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür. Maraqlıdır ki, builki festivala dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb. Proqramda müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər. Zəngin festival proqramı yalnız tamaşalarla bitmir. 50-yə yaxın xarici qonağın qatıldığı festival ərzində teatrsevərlər tanınmış teatr mütəxəssislərinin fərqli ustad dərslərində, treninqlərdə və panel müzakirədə iştirak edə biləcəklər".

Festivalın münsiflər heyətinin sədri, teatrşünas İsrafil İsrafilov mədəniyyət sahəsi üçün bu cür festivalların əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, festivala təqdim edilən ötənilki tamaşalarla müqayisədə builki tamaşalar arasında xeyli dərəcədə fərq, xeyli irəliləyiş var. Festivalın əsas məqsədi də yeni adların və istedadların ortaya çıxarılmasına xidmət edir.

Keçən ilki festivalın qalibi olan ƏSA Teatrının təsisçisi, rəhbəri Nihad Qulamzadə qalibiyyətlərindən və bu festivalın teatr sahəsi üçün önəmli bir çəkidə olmasından danışaraq bütün teatr sahəsinin yaradıcı insanlarını, həmçinin teatrsevərləri bu cür teatr bayramı münasibətilə təbrik edib.

Sonra festivalın proqramına həsr olunmuş videoçarx nümayiş olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən "Şuşa İli"nə həsr olunmuş “II 4.4 Qısa Tamaşalar Festivalı”nın proqramı ilə Teatro.az sənət portalında, festivalın veb-saytında və sosial media hesablarında tanış olmaq mümkündür.

Festival Noyabrın 25-dən 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə