Şeir müsabiqəsinin final mərhələsi yekunlaşıb - FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin final mərhələsi yekunlaşıb. Baş İdarədən SİA-ya bildirilib ki, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında keçirilən müsabiqədə Bakı şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin rayonlar üzrə təşkil olunmuş seçimlərində fərqlənən oxucular Hüseyn Cavid yaradıcılığından nümunələr səsləndiriblər.

İştirakçıların çıxışları şeir seçiminə, savadlı nitqə, mətnin obrazlı sisteminin və məna strukturunun dərindən dərk edilməsinə görə dəyərləndirilməklə münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.

Münsiflər heyətinin ümumi qərarına əsasən, Səbail rayon MKS-nin oxucusu Məlahət Kazımova birinci yerə layiq görülüb. Binəqədi rayon MKS-nin oxucusu Ələsgər Şahbazov ikinci, Yasamal rayon MKS-nin oxucusu Fərid Mahmudzadə isə üçüncü yerlərə sahib olublar.

Qeyd edək ki, Baş İdarənin təşkilatçılığı ilə keçirilən şeir müsabiqəsində fərqlənən şagirdlər I, II, III dərəcəli diplomla, digər iştirakçılar isə fəxri fərmanla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə