Emin Sabitoğlunun 85 illiyinə həsr olunmuş tədbir

Noyabrın 23-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Emin Sabitoğlunun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Emin Sabitoğlunun rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən şəxsiyyətlərdən olduğunu vurğulayıb.

“Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, çox sayda kinofilmlər və teatr tamaşaları üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaradıb. Elə bunun nəticəsində də bədii əsərlərin təcəssümü olan zamanın ruhunu çox dəqiqliklə hiss etdirir, hadisələrin məğzini açır”,- deyə Alla Bayramova qeyd edib.

Daha sonra musiqişünas, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Emin Sabitoğlunun musiqi mədəniyyəti tariximizdəki xidmətlərindən, yaradıcılıq yolundan danışıb.

Eyni zamanda, tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyev, kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımov, operator, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Rafiq Qəmbərov çıxış edərək Emin Sabitoğlunun Azərbaycan milli musiqisinə verdiyi töhfələrdən söhbət açıblar.

Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou və görkəmli Azərbaycan bəstəkarının musiqi müəllifi olduğu filmlərdən fraqmentlər nümayiş etdirilib.

Daha sonra bəstəkarın qızı, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova Emin Sabitoğlunun səs və fortepiano üçün romanslar not məcmuəsinin yeni nəşrini təqdim edib.

Sonda iştirakçılar Azərbaycan Dövlət Film Fondunun materialları əsasında hazırlanmış sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə