Naxçıvanda “Şuşa, sən azadsan!” adlı rəsm sərgisi açılıb

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Şuşa, sən azadsan!” adlı rəsm sərgisi açılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın öz sahibinə qovuşmasının sevincini yaşayır. Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı olaraq Şuşa əvvəlki şan-şöhrətinə qovuşur. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa olunub. Bütün bunlar dünyanın diqqətini bir daha qədim şəhərimizə cəlb edir.

Qeyd olunub ki, bu gün hər birimiz qürurluyuq. Azərbaycan xalqı tarixi Zəfəri ilə yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Mədəniyyət paytaxtımızın gözəlliyini seyr etmək, onun tariximizə şahidlik edən hər daşı, qayası ilə ünsiyyətdə olub, onları rəsmlərin dili ilə insanlara çatdırmaq böyük şərəf və məsuliyyətdir. Şuşa hər bir azərbaycanlı üçün doğma və əziz şəhərdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Həmzə Sadiqov və digər rəssamlar sənətsevərləri sərgi münasibətilə təbrik edib, uğurlar arzulayıblar.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar. Sərgidə 16 rəssamın 38 rəsm işi və 9 dekorativ-tətbiqi sənət əsəri nümayiş etdirilir. Sərgi noyabrın 29-dək sənətsevərlərin ixtiyarında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə