252 tarix-memarlıq abidəsinə məlumat lövhələri vurulacaq - QURUM RƏSMİSİ AÇIQLADI

“Ümumiyyətlə tarix-mədəniyyət abidələrinin mühafizəsi işinin təşkili, bu sahədə mövcud olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də öz səlahiyyətlərinə aid edilən tarix-mədəniyyət abidələrinin qorunması, bərpa-konservasiyası, eləcə də təbliğini müvafiq normativ aktlar əsasında təmin edir”. Bu sözləri SİA-ya açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.

Onun sözlərinə görə, həm Bakı şəhəri, həm də regionlarda yerləşən abidələrin mühafizəsinə nəzarəti Dövlət Xidmətinin regional idarələrinin əməkdaşları olan abidə mühafizəçiləri həyata keçirir: “Həmin əməkdaşların da gündəlik fəaliyyəti tabeliklərində olan abidələrə nəzarət etmək, onların cari vəziyyətini yoxlamaq, eləcə də baş vermiş hər hansı müdaxilə faktları barədə müvafiq məlumatları rəhbərliyə ötürməkdən ibarətdir.

Bakı şəhəri də tarixi abidələrlə zəngindir. Paytaxtımızda və onun ətraf ərazilərində tarixin bütün mərhələlərini əks etdirən unikal abidələr mövcuddur.

Bu günlərdə Bakı şəhərində yerləşən tarixi abidələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə abidələrə yeni məlumat lövhələrinin vurulmasına başlanılıb. İlkin mərhələdə Səbail rayonunda yerləşən 252 tarix-memarlıq abidəsinə məlumat lövhələri vurulacaqdır. Artıq lövhələrin vurulması işinə başlanılıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə