Firudin Ağasıoğlunun “İslamöncəsi Türk Tarixi”nin təqdimatı olub

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət “İslamöncəsi Türk Tarixi” adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub.

Türk dünyasının tarixinə olduqca böyük töhfə ola biləcək, Anadolu və Azərbaycanda türk xalqlarının keçmişi ilə bağlı müxtəlif manipulyasiyalara birdəfəlik son qoyacaq ensiklopediya İstanbulda nəşr edilib.

Təqdimat mərasiminin moderatoru, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı ensiklopediya haqqında fikirlərini söyləyib. O, kitabın Azərbaycan və bütövlükdə türk dünyası üçün qiymətli bir töhfə olduğunu qeyd edib.

Ensiklopediyanın müəllifi professor Firudin Ağasıoğlu 30 ildir türk xalqlarının birləşməsi arzusu ilə yaşadığını qeyd edib. “İslamöncəsi Türk Tarixi” ensiklopediyası haqqında danışan müəllif 30 ildir Urmu nəzəriyyəsi üzərində işlədiyini deyib. Professorun sözlərinə görə, bu əsər həmin araşdırmaların nəticəsidir. İslamaqədərki tarix mürəkkəb məsələdir, çünki qaynaqlar çox azdır. Bu kitabı yazarkən də çox böyük əmək sərf etmişəm. Urmu nəzəriyyəsini araşdırmışam. Bu nəzəriyyə türklərin köçəri xalq kimi Anadoluya və Azərbaycana gəlmələrini irəli sürən baxışların yanlış olduğunu faktlarla sübuta yetirir. 30 illik araşdırmalarımın nəticəsində “İslamöncəsi Türk Tarixi” adlı doqquz kitabdan (9 Bitik) ibarət bu elmi əsər ortaya çıxdı.

Tədbirdə sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Millət vəkili Hikmət Babaoğlu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Türk dünyasının tanınmış şairi Rüstəm Behrudi və digərləri çıxış edərək Firudən Ağasıoğlu ilə olan xatirələrini bölüşüblər. O da qeyd olunub ki, türk etnosu ön Asiyadan dünyanın başqa yerlərinə pərvazlanıb. Bu konsepsiya Firudin Ağasıoğlunun bütün yazılarında əksini tapıb.

Qeyd edək ki, doqquz cilddən ibarət “İslamöncəsi Türk Tarixi” adlı ensiklopediyası “Palmali” Şirkət Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə İstanbulda nəşr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə