"Hər kəs atdığı addımların məsuliyyətini nəzərə almalıdır” - ŞƏRH EDİLDİ

“Siyasi, idealoji və təşkilati nöqteyi-nəzərdən baxdıqda COP29-a hazırlıq işləri sürəti və istiqamətləri ilə diqqəti cəlb edir. Görülən işlər nəticə çıxarmağa imkan verir ki, COP29 yüksək səviyyədə keçiriləcək. Xarici ölkələrdən COP29-da iştirak etmək üçün müxtəlif dövlət xadimləri və dövlət başçılarının dəvət olunması ilə bağlı mütəmadi olaraq informasiyalar əldə edirik. Hətta öz təşəbbüsü ilə də iştirak istəyini bildirən dövlət xadimləri var”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, COP29-a böyük maraq var: “COP29-un mühüm göstəricilərindən biri orada dünyanın müxtəlif siyasi xadimləri, alim və tanınmış şəxsiyyətlərinin iştirak etməsidir. Bu cəhətdən COP29-un yüksək səviyyədə təmsilçik əsasında keçiriləcəyi və müzakirə olunan məsələlərlə bağlı dünyada diqqət cəlb edəcəyi şübhəsizdir. Bununla bərabər bəzi ölkələrin artıq təxribat əməlləri də özünü göstərir. Xüsusilə belə bəyanatlar Ermənistan və İrandan eşidilir. Hətta Beynəlxalq Cinayət Məhkəməsinin Ermənistanın lobbiçiliyini edən keçmiş prokuroru ideya irəli sürüb ki, Ermənistandan Azərbaycana COP29-da iştirak etmək üçün heç kim getməsin. Gediləcəyi təqdirdə isə Bakıda məhkəmələri davam edən keçmiş cinayətkar, separatçı liderlərin azadlığa buraxılması məsələsi qaldırılsın.

Bütün bunlar göstərir ki, COP29-a ölkə daxilindəki hazırlıqla bərabər, beynəlxalq müstəvidə də həm müsbət, həm də mənfi mənada hazırlıq gedir. COP29-un ölkəmizdə keçirilməsindən məmnun olmayanlar tədbirin mötəbərliyinin aşağı düşməsi və təxribatların törədilməsi üçün bəzi niyyətləri göstərirlər. COP29-un yüksək səviyyədə keçirilməsi bir çox dünya dövlətlərinin də marağına uyğun olacaq. İqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkən bütün dünya dövlətləri üçün COP29-un əhəmiyyəti böyükdür. Buna görə də hazırlıq mərhələsində hər kəs atdığı addımların məsuliyyətini nəzərə almalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə