“COP29-a sədrlik etmək böyük məsuliyyət tələb edir“ - POLİTOLOQ FİKİR BİLDİRDİ

“Keçən il Dubayda COP28 keçirildi və orada qərara alındı ki, COP29 Azərbaycanda keçirilsin. Yəni, ölkələrin əksəriyyəti COP29-un Azərbaycanda keçirilməsinə səs verdi. O cümlədən Ermənistan da səs verən dövlətlər sırasında idi. COP29-a sədrlik etmək böyük məsuliyyət tələb edir, buna görə də Azərbaycan Prezidenti bir neçə dəfə bu barədə müşavirə keçirib. Hazırda da konfrans üçün hazırlıq işləri sürətlə davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, COP29 indiyə qədər ölkəmizdə keçirilmiş ən böyük tədbir olacaq: “Ölkəmizdə bir çox mühüm və genişmiqyaslı beynəlxalq tədbirlər keçirilsə də, COP29 miqyasına görə daha əhatəlidir. Belə ki, COP29 konfransı ilə bağlı ölkəmizə 50-80 min qonaq gələcəyi gözlənilir. Bu qədər qonağın 2 həftə müddətində ölkəmizdə qalması, təhlükəsizliyinin təmin edilməsi çox böyük məsuliyyətdir. Lakin Azərbaycan yüksək səviyyədə bunun öhdəsindən gələcək.

COP29-un əsas mahiyyəti iqlim dəyişmələri ilə bağlı problemlərin həll edilməsidir. Bu il istilərin artması səbəbindən Hindistanda 200-dən artıq adam həyatını itirdi. Əsas olaraq istixana qazlarının artmasının 1.5 faizdən yuxarı olmaması hədəflənir. 2030-cu ilə qədər istixana qazlarının 35 faiz azaldılması qarşıya məqsəd qoyulub. 2030-cu ildən 2050-ci ilə qədər isə 40 faizə qədər azaldılması nəzərdə tutulub. Bunun üçün də çox böyük işlər aparılır. Azərbaycanda da yaşıl enerji sahəsində son dövrlər çox mühüm işlər görülür. Günəş, külək enerjisindən istifadəyə üstünlük verilir. Bu sahədə də biz BƏƏ-nin şirkətləri ilə böyük işlər aparırıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə