"COP29 bizim üçün əhəmiyyətlidir" - ŞƏRH EDİLDİ

“COP29 həcm və əhatəlilik etibarilə çox nəhəng tədbirdir. Dünyanın bütün dövlətlərindən təmsilçilər bu konfransda iştirak edəcək. İki həftə ərzində bütün dünyanın diqqəti birbaşa Azərbaycanın üzərində olacaq”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, ilk öncə ölkəmizin yaxşı mənada tanıdılması baxımından COP29 bizim üçün əhəmiyyətlidir: “Digər tərəfdən isə iqlim dəyişmələri ilə bağlı geniş müzakirələrin aparılması və müzakirələrin mərkəzində yenə də Azərbaycanın olması COP29-u daha da əhəmiyyətli edir.

Qeyd etmək lazımdır ki, bir qayda olaraq COP tədbirlərinə dövlət rəhbərləri, baş nazirlər və ən yüksək vəzifəli şəxslər gəlir. Belə ki, bu il COP29-a ev sahibliyi edən Azərbaycana dünyanın ən aparıcı dövlət rəhbərləri gələcək və onlar paytaxt Bakıda bir araya toplaşacaqlar. Bütün bunlar dövlət olaraq bizim üçün əlavə dividentlər deməkdir. Həmçinin konfrans çərçivəsində mühüm sənədlər qəbul ediləcək və həmin sənədlər birbaşa Azərbaycanın, Bakının adı ilə assosiasiya olunacaq. Yəni, məhz “Bakı sənədi” və ya “Azərbaycan sənədi” adı ilə qeyd olunaraq, tarixə keçəcək. Bunun özü də Azərbaycanın dünyada tanınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumiyyətlə COP29 Azərbaycan üçün yeni imkanlar açılması baxımından da olduqca əhəmiyyətlidir. Hesab edirik ki, biz bu konfransı da ən yüksək səviyyədə keçirəcək və dünyaya bir daha göstərəcəyik ki, balaca dövlət olmasına baxmayaraq, Azərbaycan ən böyük qlobal tədbirlərə layiqincə ev sahibliyi etməyi bacarır. Necə ki, bu vaxta qədər bacarmışıq, bu dəfə də ustalıqla bu işin öhdəsindən gələcəyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə