“Bizim üçün yaşıl enerjiyə keçid prioritet məsələdir” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“COP29 BMT mandatı altında keçirilən tədbirdir. İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransı bu günə qədər çox uğurlu yol keçib. Sonuncu dəfə konfrans Birləşmiş Ərəb Əmirliklərində keçirildi, ardıncı isə paytaxtımız Bakıda noyabr ayında keçiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, COP29-un keçirilmə tarixi yaxınlaşdıqca görürük ki, ölkəmizə qarşı məkrli və çirkin kampaniya sürətlənir: “Bunun arxasında isə ölkəmizi istəməyən qüvvələr, erməni lobbisi və Cənubi Qafqazda yeni geopolitik reallıqları qəbul etməyən qüvvələr dayanır. Lakin onların səyləri heç bir nəticə verməyəcək.
Hesab edirəm ki, COP29 konfransı böyük uğurla nəticələnəcək və hamılıqla birlikdə konfransın çox müsbət nəticələrini müşahidə edəcəyik. Konfrans çərçivəsində ölkəmizə çoxsaylı dövlət və hökumət başçıları gələcək, təqribən 80 min konfrans iştirakçısının Bakıya gəlməsi gözlənilir. Azərbaycanda həm turizm potensialının inkişafı, həm də ölkəmizin təbliği baxımından sözügedən tədbirin müstəsna əhəmiyyəti var. Eyni zamanda burada Azərbaycan iqlim dəyişiklikləri, yaşıl enerji, alternativ və bərpaolunan enerji sektoruna olan münasibətini də ortaya qoyacaq. Qeyd edim ki, bizim üçün yaşıl enerjiyə keçid prioritet məsələdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB