Kiçik və orta biznes nümayəndələrinə COP29 tərəfdaşlıq proqramı təqdim edilib
COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli kiçik və orta biznes nümayəndələri ilə görüşərək COP29 tərəfdaşlıq proqramını təqdim edib. SİA-nın məlumatına görə, COP29 Azərbaycan Əməliyyat Şirkəti bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində yerli kiçik və orta bizneslərin təmsil olunması üçün unikal tərəfdaşlıq proqramını elan edib.
Proqram çərçivəsində təklif olunan fürsət və imkanlar Əməliyyat Şirkətinin və COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin kiçik və orta biznes nümayəndələri ilə keçirilən görüşündə açıqlanıb.
Tərəfdaşlıq proqramının əsas hədəfləri yerli sahibkarlar arasında ekoloji cəhətdən təmiz və dayanıqlı istehsal üsullarının tətbiqini təşviq etmək və ətraf mühit və iqlim dəyişmələri mövzusunda maarifləndirmə işləri aparmaqdır. Tərəfdaşlıq proqramı milli brendlərin məhsullarını beynəlxalq auditoriya qarşısında tanıtmaq məqsədilə yerli KOB məhsullarını dünya əhəmiyyətli COP29 konfransı çərçivəsində sərgiləmək və ölkə iqtisadiyyatının inkişafında KOB payını dəstəkləməyə xidmət edir. COP29 çərçivəsində yerli məhsulların sərgilənməsi eyni zamanda misilsiz ənənəvi Azərbaycan naxış və motivlərinin, milli ənənə və mənəvi dəyərlərimizin beynəlxalq səviyyədə təbliğinə də bir töhfədir.
Görüşdə çıxış edən N.Arpadarai İqlim üzrə yüksək səviyyəli çempion olaraq prioritet fəaliyyət istiqamətlərindən birinin KOB subyektlərinin yaşıl biznesə keçidinin dəstəklənməsi olduğunu qeyd edib. O, yerli sahibkarlara müraciət edərək KOB ilə birgə fəaliyyətin gücləndirilməsinin önəmindən bəhs edib.
Görüşdə yerli biznes subyektlərinin nümayəndələrinə proqrama müraciət şərtləri və qaydaları, məhsulların keyfiyyətinə dair tələblər, COP29-un Yaşıl və Mavi Zonalarında sahibkarlar üçün yaradılacaq şərait, məhsulların brendinq və qablaşdırmasına dair ətraflı məlumatlar verilib.
Görüşün sonunda sahibkarları maraqlandıran mövzu və suallar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, COP29-la tərəfdaşlıq imkanlarından yararlanmaq niyyətində olan kiçik və orta biznes nümayəndələri iyulun 31-dək [email protected] elektron poçt ünvanına müraciətlərini yönləndirə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə