“COP29 platforması sayəsində dünyaya mühüm mesajlar ötürüləcək” - ŞƏRH OLUNDU
“COP29 konfransı noyabrın 11-22-si arasında Azərbaycanda keçiriləcək qlobal əhəmiyyətli platformadır. Bu qlobal tədbir bir sıra ölkələrdə keçirilib, getdikcə də əhatə dairəsi, iştirakçılarının sayına, qaldırılan problemlərin aktuallığına görə, daha da öz əhəmiyyətini artırır. Bu qlobal konfransın əsası 2009-cu ildə inkişaf etmiş ölkələrin digər ölkələrin iqlim dəyişikliklərinə nəzarət etməsi üçün nəzərdə tutulub. 2015-ci ildə bu konfrans çərçivəsindəki dəstəyin miqdarı 100 milyard dollar civarında müəyyənləşmişdi. Hərçənd ki, bu məbləğlə bağlı da mübahisəli məqamlar var idi. İnkişaf etməkdə olan ölkələr bu rəqəmin 1.3 trilyona çatdırılmasını istəsələr də, konfransda ilkin olaraq 100 milyard dollar hədəfə alındı. 2022-ci ildə isə təxminən bu hədəfə çatmaq mümkün oldu. Əslində bu hədəfə çatmaq 2026-cı il üçün nəzərdə tutulmuşdu, amma görünən odur ki, COP konfransı çərçivəsində yeni maliyyə hədəfləri də müəyyənləşdirilib”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Sosioloq bildirib ki, COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ölkə və iştirakçı sayına görə, ən genişli tutumlu tədbir olacaq: “Çünki konfransın təxminən 70-80 min şəxsi əhatə edəcəyi gözlənilir. Azərbaycan tarixdə ilk dəfə olaraq bu maştapda qlobal tədbirə ev sahibliyi edəcək. Bu isə Azərbaycandan böyük məsuliyyət, imkanlar tələb edir.
Həmçinin COP29-un ölkəmizdə keçirilməsi ona dəlalət edir ki, Azərbaycanın beynəlxalq nüfuzu getdikcə daha da artır və beynəlxalq səviyyədə dövlətimizə böyük etimad göstərilir. Bu ölkəmizin xarici siyasət uğurudur.
Azərbaycan məsuliyyətlə COP29-a hazırlaşır. Atılan addımlar deməyə əsas verir ki, Azərbaycan öncəki beynəlxalq tədbirlər kimi bu tədbiri də yüksək səviyyədə həyata keçirəcək.
COP29 konfransının ölkəmizdə keçirilməsi bir çox baxımdan mühüm əhəmiyyət kəsb edir. İlk növbədə bu Azərbaycana beynəlxalq investisiya yatırımını təşviq edəcək, Azərbaycana turistlərin marağı formalaşacaq. Həmçinin Azərbaycan həqiqətləri bütün dünyaya bir daha çatdırılacaq. COP29 platforması sayəsində dünyaya mühüm mesajlar ötürüləcək.
Əslində Azərbaycan neft ölkəsi olduğundan tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı narahatlıqlar var idi. Lakin ölkə başçısının da vurğuladığı kimi, bu cür tədbirlər məhz neft ölkələrində keçirilməlidir ki, onlar alternativ enerjiyə istiqamət götürmək baxımından daha maraqlı təşəbbüslər irəli sürsünlər. Hazırda da Azərbaycanın əsas prioritet məsələlərindən biri yaşıl enerjiyə keçidin təmin edilməsidir. Görülən işlər və qarşıda duran vəzifələr çox aydındır. Bu istiqamətdə ciddi işlər görülür”.
Bütün xəbərlər Facebook səhifəmizdə