Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verən son hadisələr səbəbindən qarşıdurmaların kəskinləşməsi, eləcə də sonradan “gərginliyin aradan qaldırılması” növbəti “geosiyasi turizm” dalğasına səbəb oldu. İrəvana səfər edən xarici qonaqların sayında sıxlıq yarandı. Ermənistanın paytaxtına müxtəlif ölkələrdən rəsmi şəxslər, parlamentarilər gəldi və onlar çalışdılar ki, hansısa yolla hadisənin inkişafına təsir göstərsinlər və sülh gətirməyə qadir olduqlarını nümayiş etdirsinlər.

Sentyabrın 16-18-də Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də Ermənistanda səfər etdi. Rusiyalı parlamentari İrəvana, oradan isə Azərbaycanla sərhəddəki Cermux şəhərində müşahidələr apardı.

Xatırladaq ki, sentyabrın 12-də axşam saatlarında Ermənistan Müdafiə Nazirliyinə tabe olan silahlı birləşmələr Azərbaycan Silahlı Qüvvələrinin sərhədyanı ərazilərində yerləşən mövqeləri arasında, təminat və təchizat yollarını minalanmaq istəsə də Ordumuzun sayıqlığı nəticəsində düşmənin təxribat qrupları aşkar olundu və darmadağın edildi. Bundan sonra hadisələr bir az da gərginləşdi. Hər iki tərəf müxtəlif növ iriçaplı silahlardan, o cümlədən artileriya qurğularından istifadə etməklə üstünlük qazanmaq istəsə də Azərbaycan silahlı qüvvələrinin çevikliyi bu qarşıdurmanın taleyini həll etdi. Düşmən həm canlı qüvvə, həm də texnika sarıdan ağır məğlubiyyətə uğradı. Xarici ölkə nümayəndələrinin İrəvandan daha çox ermənilərə ünvanlanmış iddiaları Bakı tərəfindən rədd edildi. Azərbaycanın rəsmi dairələri silahlı qüvvələrimizin keçirdiyi əks həmlə əməliyyatlarının Ermənistanın təxribatlarına cavab olduğunu bildirdilər.

Qayıdaq Zatulinin İrəvana və Cermuka səfərinə. Sülhməramlı səfərdən adətən hansısa barışdırıcı bəyanatlar gözlənilir, lakin Zatulinin açıqlamaları daha çox od üzərinə benzin tökmək cəhdinə bənzəyirdi. Deputat dəfələrlə səfər etdiyi Ermənistana gələn kimi dərhal Ermənistanın və tanınmamış "Dağlıq Qarabağ"ın eks-prezidenti Robert Köçəryana “ziyarət”ə gedib. Deputatın sözlərinə görə, o, Qarabağın keçmiş "prezidentlər"i Arkadi Qukasyan və Bako Saakyanla da görüşüb. Digər görüşlərdə Zatulin rəsmi olaraq daxili və xarici siyasət gündəmini, Rusiya-Ermənistan münasibətlərinin inkişafını müzakirə edib. “Çətin vaxtlarda Ermənistana səfər etmək zərurətinə cavab verməyə bilməzdim. Azərbaycan və Türkiyə ermənilərdən və Ermənistandan Dağlıq Qarabağdakı soydaşlarından tam imtinanı gözləyir və bunu güc yolu ilə xatırladırlar. Ermənistana bütün region kimi sülh lazımdır, lakin daimi rüsvayçılıq bahasına deyil”, - deyə deputat münaqişənin sona çatmasında maraqlı görünmədiyini nümayiş etdirib.

“Sülh müqaviləsi və Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası 30 ildir beynəlxalq münasibətlərin gündəmində olan Dağlıq Qarabağın statusu problemini aradan qaldırmır”, deyə ermənidən artıq erməni olmağa iddia edən Zatulin bildirib.

Qeyd edək ki, Zatulin 2020-ci ildə də Ermənistanla Azərbaycan arasında yaranmış sakitlikdən narazılığını ifadə edərək, ölkələrin əldə etdiyi razılaşmaları (üstəlik, Rusiya Federasiyasının vasitəçiliyi ilə) tənqid etmişdi: “Münaqişənin nəticələri təkcə Ermənistana deyil, Rusiyaya da ziyan vurdu. Müttəfiqiniz məğlub olduqda, onun yükü sizə yüklənir".

Maraqlıdır, amma erməni mediasının gündəminə baxanda, Ermənistan hakimiyyəti Zatulinin səfərinə o qədər də əhəmiyyət vermədi. Paşinyanın ətrafı açıq-aşkar həddən artıq məşğul olduqlarını göstərdilər və Zatulinlə görüşməyi belə lazım bilmədilər. Axı Ermənistan ABŞ Konqresinin spikeri Nensi Pelosinin səfərini gözləyirdi və xanım spiker Vaşinqtonun münaqişənin həllində skripkada ilk dəfə çalmaq niyyətində olduğunu nümayiş etdirməyə gəlirdi. Pelosinin İrəvana gəlişi bütün yerli mətbuatda işıqlandırılıb və bu, yəqin ki, rusiyalı deputatı incidib. O da Ermənistan hakimiyyətini tənqid etməkdən yorulmayıb: “Mən İrəvandan ayrıldım və Nensi Pelosi qaldı. Bu acı zarafatdır. Amma bu, Ermənistan hökumətinin və onun havadarlarının bu işdə ölkə daxilində və xaricində dəstək qazanmaq üçün ABŞ və Qərblə yaxınlaşmağa çalışdığı vəziyyəti əks etdirir”.

Bax belə, adamı çöllün ortasına pişik kimi belə azdırarlar. Görəsən, ermənilərin möhtəşəm "hörmət və sayqılarından" sonradamı Zatulun zatını erməni hərracına çıxaracaq?

Amma deputatın açıqlamalarını diqqətlə izlədikdə görmək olar ki, Zatulin prinsipcə hamını – Azərbaycanı da, Türkiyəni də, Ermənistanı da, şərti Qərbi də, hətta Rusiyanı da tənqid edib. Məsələn, Zatulin deyib: “Bizim tərəfimizdən hadisələrə aydın və ictimai qiymət verilməməsi Ermənistan cəmiyyətində məyusluq yaradır. Bunun arxasında dayanan Azərbaycan və Türkiyə, əslində, müttəfiq Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artmasına səbəb olan rıçaq qazandılar. Hakimiyyətin özü də bütün çətinlikləri, o cümlədən "Dağlıq Qarabağ"dakı ermənilərə görə məsuliyyəti Rusiyanın üzərinə atmaqdan çəkinmir. Ermənistanla Rusiya arasında münasibətlərinin bundan sonra necə inkişaf edəcəyi yaxın gələcəkdə qəbul ediləcək qərarlardan asılıdır”.

Bəli, yaxın gələcəkdə "sülhməramlı missionerlər"dən Zatulinin, yoxsa Pelosinin səfərinin daha effektiv olduğu ortaya çıxacaq. Rusiyalı deputatın, ermənipərəst Zatulinin bu cür dəstəyinin Ermənistan üçün faydalı olub-olmadığını öyrənəcəyik, o cümlədən bundan Zatulinin nə qazandığı da bəlli olacaq.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə