“İsa, sən Allah qayıt, zühur et!” KÖŞƏ YAZISI

Bugünlərdə çoxdandır ki, ortalıqlarda görünməyən Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin kiçik bir açıqlaması ilə qarşılaşdım. Deyir ki, partiyanın sıravi üzvü olmasından “şərəf” duyur, lakin bu gün başqanlıq postuna qayıtması barədə niyyəti yoxdur və s.

İsa Qəmbər xatırladıb ki, Müsavat partiyası 2014-cü ildə “nümunə” (?) ortaya qoyub: “Düşünürük ki, eyni adamların eyni vəzifədə uzun müddət qalmasına son qoymaq, dəyişikliklərə yol açmaq lazımdır. Bu, dövləti zəiflədən amildir”. Görün ha, dövlət haqqında düşünür, özü də 2003-cü ilin oktyabrında dövləti xarici qüvvələrin əli ilə devirməyə, satmağa hazır olan birisi!

Əlqərəz, maraqlı və düşündürücüdür, eyni adamların bir siyasi partiyanın rəhbərliyində “uzun müddət” qalması deyərkən İsa Qəmbər neçə ili nəzərdə tutur? 23 ilimi? Axı bildiyimiz qədər onun özü partiyaya 22 il (!) başqanlıq edib, özü də sərasər. Deməli, onun üçün bir partiyanın rəhbərlik postunu tutmaq 22 ili əhatə edirsə, bu, qısa müddət, 23 ili əhatə edirsə, bu da uzun müddətiymiş? Görün ki, 1 ilin nə qədər böyük kəraməti var imiş siyasət aləmində!

Əslində, Müsavat partiyasının zəifləməsinin də səbəblərindən biri məhz İsa Qəmbərin bütövlükdə 20 ildən artıq zamanda adıçəkilən siyasi təşkilata rəhbərlik etməsi olub və bu barədə uzun-uzadı, gecəli-gündüzlü danışmaq olar. Ona görə də bu məsələnin üzərindən sürətlə keçir və onun digər iddiasını ələk-vələk edirik. İsa Qəmbər utanmaz-utanmaz özünün yaratdığı feyk, yəni saxta “Müsavatını” tarixi Müsavat partiyasınının davamçısı kimi zorla ictimai rəyə sırıyır, özü də partiyanın “beşinci başqanı” elan edir (?!). Absurddur! Absurd və ayıb!

Hələ bu harasdır? Daim özünü “birinci” kimi göstərmək marağına sahib olan İsa Qəmbər Müsavatın başqanlığından gedişini “ilk nümunə” kimi ictimai rəyə dürtüşdürməyə çalışarkən unudub ki, ona qədər müxalifətin bir partiyası, daha dəqiq desək, bir partiyasının sədri digər müxalifət partiyalarına nümunə göstərib – AMİP və onun sədri Etibar Məmmədov.

1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasını yaradan Etibar Məmmədov 2004-cü ildə partiya sədrliyindən istefaya gedib-cəmi 12 il bu siyasi təşkilata rəhbərlik edib. İsa Qəmbər isə unudub ki, özünü “nümunə” kimi göstərməzdən əvvəl Etibar Məmmədovdan icazə almasını unudub. Misal üçün, o, ən azından Müsavatın eks-başqanı kimi AMİP-in eks-sədrinə zəng edərək soruşa bilərdi ki, “icazə ver, özümü səndən əvvələ salıb və nümunə kimi göstərim”. Nə danışırsınız, elə şeymi olar? Kim-kim, İsa Qəmbər gedib Etibar Məmmədovdan icazə alsın? Özünə nə gəlib ki, heç nəyə baxmadan irəli dürtülüb “nümunə” ola bilər zatən...

Hə, qaldı ki onun Müsavat partiyasının başqanlıq postuna qayıtmaq niyyətinin olmamasına, bu da bir oyundur, əslində - minnət-sünnət oyunu. Sən demə, millət işini-gücünü atıb gözləyirmiş ki, ayə, görəsən, İsa öz “müqəddəs” qəlyanını püskürdə-püskürdə bir də nə vaxt siyasi arenada zühur edəcək, nə zaman yenidən gəlib başqanlıq kreslosunda oturacaq, özündənmüştəbeh pozaları, fikirləri ilə yekə-yekə məsələlər haqqında danışacaq? “İsa Qəmbər, sən Allah qayıt, zühur et” “siyasi duaları” ilə.

Üstəlik, bu gün Müsavatda fəaliyyət göstərən şöbələrdən biri də gizli saxlanılır, adı da “İsanın zühuru” şöbəsidir! Deyilənə görə, orada sırf məxfilikdir, şöbənin açarı da, məhz sabiq başqanın saxtakarlıq yolları ilə öz yerinə təyin etdirdiyi Arif Hacılının cibişdanındadır. Olmaya birdən müsavatçıların beyinləri qızıb onu devirsələr, dərhal həmin açar İsa Qəmbərə veriləcək və o da partiyanın qərargahında “zühur” edəcək. Vallah nə desən olar, xüsusilə Müsavatda!

Bütün xəbərlər Facebook səhifəmizdə