Ağdərə və Xocalı məsələsi: od olmasa tüstü çıxmaz KÖŞƏ YAZISI

Ötən həftə sosial şəbəkə seqmentlərində ən çox danışılan mövzulardan biri də Rusiya sülhməramlıları kontingentinin (RSK) məsul oldunduğu ərazilərimizdə yerləşən iki inzibati vahidin - Ağdərə və Xocalının Azərbaycanın yuridiksiyasına veriləcəyi prosesinin başlanacağı barədə oldu. Hətta müstəqil blogerlərin xüsusilə Ağdərə istiqamətinə ən yaxın olan ərazilərdən videoçəkilişləri də aparıldı. Məhz bu görüntülər məlumatın daha çox reallığa yaxın olmasını nümayiş etdirdi. Çünki buna daha bir səbəb Rusiyanın RBK agentliyinin sözügedən məsələ ilə bağlı xəritə yayması oldu. Agentlikdə “Hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgəyə daxil olan keçmiş Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzi Azərbaycana təhvil verilir”, deyə informasiya yerləşdirilsə də, sonradan bu məlumat adıçəkilən deaktiv edildi, yəni silindi.

Lakin təbii ki, istər Ağdərə olsun, istər Xocalı olsun, istər Əsgəran olsun, istərsə də Xankəndi və digər inzibati ərazi vahidləri olsun - ümumiyyətlə, bu ərazilərimizin tezliklə Azərbaycana təhvil verilməsi prosesi baş tutacaq və buna da kimsənin şübhəsi yoxdur. O cümlədən, bu məlumatın Rusiyanın nüfuzlu saytlarının birində yerləşdirilməsi və sonradan silinməsi isə suallar yaratdı: xəbər niyə ictimailəşdirildi və sonra da aradan qaldırıldı? Bu xüsusda qədim atalar sözümüzü xatırlamağın tam yeridir – od olmasa, tüstü çıxmaz. Deməli, ortada nə isə var və bu “nə isə” gec, ya da tez üzə çıxacaq.

Əlbəttə ki, separatçılar da bu məlumatdan təşvişə düşdülər və həmin təşvişi araşdıran separaçı siyasi ekspert Bella Lalayan da bəzi detalların üzə çıxmasına, həmçinin müəmmaların işıq üzü görməsinə kifayət qədər zəmin yaratmış oldu. Misal üçün, onun dediyinə görə, Xocalının və Ağdərənin Azərbaycana, yəni sahibinə təhvil verilməsi haqqında son zamanlar daha tez-tez danışırlar. Və o cümlədən, həmin danışıqlar yalnız sadə insanlar arasında deyil, həmin msələ eləcə də quldur rejimin pərdəarxası kuluarlarında ən çox bəhs edilən mövzulardandır.

Ermənilərin “Hraparak” qəzeti isə öz araşdırmasını apararaq bir sıra nəticələrə gəlib. Qəzetin jurnalisti əvvəlcə quldur rejim “parlamentinin xarici əlaqələr komitəsinin üzvü”, daşnaksyutun təmsilçisi Vahram Balayandan proses barədə nə isə öyrənmək istəyib. Lakin sonuncu onun suallarını cavablandırmaması ilə yanaşı, suala cavabın verilməsi üçün həm də daha “böyük” şəxslərin üzərinə göndərib.

Nəticədə erməni media təmsilçiləri qondarma qurumun baş separatçı-qulduru Araik Arutyunyanın özünə “çıxa” biliblər. Məhz onda əsl həqiqətlər üzə çıxıb.

Baş separatçı-quldur əvvəlcə deyib: “Hələlik bu məlumatı şərh etməyəcəm”. Ondan niyəsini soruşanda isə “Əlimdə rəsmi nə isə olanda şərh edəcəyəm”, deyə o jurnalistlərə cavabında bildirib.

Bəs bu cavablardan hansı nəticələri hasil etmək olar?

1. “Hələlik bu məlumatı şərh etməyəcəyəm” deməklə, əslində Araik belə bir mövzunun gündəmdə olduğunu isbatlayıb, yəni məlumat mövcuddur və çox yəqin ki, erməni jurnalistləri də bunu seziblər.

2. “Əlimdə rəsmi nə isə olanda şərh edəcəyəm”, deyən Arutyunyan bu cavabı ilə də etiraf edib ki, o İrəvandan komana gözləyir və həmin mövzu ətrafında RSK-nin vasitəsçiliyi ilə yekun nəticələr müəyyən edilməkdədir.

3. Erməni jurnalistlərin “İmzanız olmadan həmin bölgələrin Ermənistan hakimiyyəti tərəfindən təhvil verilməsi mümkündürmü?” sualını da cavablandıran baş separatçı-quldur “bunu Ermənistan hakimiyyətindən soruşun”, cavabını verməsi ilə növbəti dəfə təsdiq edib ki, artıq İrəvandan ona siqnal verilib və hazır olması tapşırılıb.

Beləliklə, bir daha “od olmasa tüstü çıxmaz” məsələsi yada düşür və çox yəqin ki, yalnız Ağdərə və Xocalının deyil, Qarabağımızın yerdə qalan hissəsinin də birdəfəlik olaraq separatizm caynaqlarından xilas olacağına özümüz qədər inanır və əlbəttə ki, səbrsizliklə gözləyirik!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...