RSK mandat istəsə də Bakının öz planları var! KÖŞƏ YAZISI

İnformasiyalara görə, rəsmi Bakının Rusiya sülhməramlıları kontingentinə (RSK) mandat verməməsinə səbəb tərəflər arasında fikir ayrılıqları ilə bağlıdır. Fikir ayrılıqları isə üç kateqoriyaya aiddir:

1. Erməni tərəfi (Ermənistan respublikası deyil, məhz tərəfi!) üçtərəfli razılaşmanın müvafiq bəndlərinə əməl etməyərək, RSK-nın Qarabağa daxil olduğu zaman paralel şəkildə erməni güclərini (yalnız Ermənistanın silahlı qüvvələri deyil, bütün erməni silahlıları!) oradan çıxarmayıblar.

2. RSK Laçın dəhlizindəki hərəkətləri oradakı nəzarəti tam olaraq təmin etmir, xarici vətəndaşların və xarici avtomobillərin keçidlərinə imkanlar yaradır, eləcə də silahlı erməni həbrçilərinin də Qarabağ ərazisinə sızmalarına barmaqarası baxır.

3. Bakı mandatı imzalayacağı təqdirdə üçtərəfli bəyanatda irəli sürülən tələblərin yerinə yetirilməsinə tam qane olmalıdır, həmçinin RSK-nın Qarabağda qalma müddəti məsələsində də qərarı məhz o (Bakı) verməli, RMK-nın çıxmasında onlar tərəfindən heç bir əngəl yaşadılmayacağı zəmanətini almalıdır.

Maraqlıdır ki, Moskva erməni güclərinin və silahlı dəstələrinin Qarabağdan çıxarılması məsələsində sözün əsl mənasında “nala-mıxa” döyəcləyir, guya RSK-nın qarşı tərəfin (ermənilərin) çıxarılmasına məcbur edilməsi yönündən təsir etmək mexanizminə malik olmadığını (?!) bildirir. Halbuki, bu çox gülünc və izaholunmaz bir bəhanədir ki, Rusiya sülhməramlıları guya (!) erməni silahlılarının çıxarılması prosesində aciz qalıb və s. Halbuki, bir əmr üçtərəfli bəyanatda qeyd edilən məlum bəndi işlək vəziyyətə gətirə bilər.

Sözsüz ki, Bakı qətiyyətlə bu bəhanəni rədd edir və tələb irəli sürür: ya RSK üzərinə götürdüyü öhdəliklərinü əməl etsin, ya da çəkilsin kənara və prosesi Azərbaycan Silahlı Qüvvələri çox qısa müddətdə həyata keçirsin. Göründüyü kimi, bu məsələdə də ümumi konsensus yoxdur.

Laçın dəhlizi məsələsinə gəlincə isə RSK əvvəlcə ona qarşı sürülən iddiaları yaxınına belə buraxmırdı, lakin Azərbaycanın ortaya çıxardığı danılmaz faktlarından və sübutlarından sonra ümumiyyətlə, bu mövzuya toxunmamağa çalışırlar, yəni susurlar. Susmaq isə razılıq əlamətidir, ruslar Laçın dəhlizi məsələsində irəli sürülən ittihamlara qarşı susurlarsa, demək ki, hansı pozuntulara yol verdiklərini dolayısı ilə etiraf edirlər!

Belə olan halda isə Bakı suveren ərazilərinin toxunulmazlığı ilə yanaşı, sözügedən mandatı da imzalamaya bilər və bu, Moskvanın imicinə ciddi zərər vuracaq ki, həmin məsələ barədə Azərbaycan deyil, məhz Rusiya düşünməlidir.

Bu gün bəzi rus politoloqlarının üçtərəfli bəyanatın “dəqiq və ikibaşlı olmaması” və ya bəyanatın detallarının incələnməsinə ehtiyacın olmaması barədə iddiaları isə sadəcə küləklə sovrulan saman təsirini bağışlayır. Bakının arqumentləri qəti və ədalətlidir: yəni bizim üçün RSK-nə mandatın verilməsi prosesini uzatmaq heç də çətin deyil. Nə vaxta qədər ki, Moskva erməni silahlılarının Qarabağda qalmasına göz yumacaq, Laçın dəhlizində qanunsuzluqların baş verməsinə barmaqarası baxacaq və mandat tələb edəcəksə, qoy belə də qalsın. Bakı isə istənilən zaman, istədiyi vaxta qarşısına qoyduğu məqsədlərinə tam şəkildə çatması üçün öz ərazilərində gözlənilməz (həm də gözlənilən) addımlarını atacaq. Buna isə artıq heç bir şübhələr qalmır. Beləliklə, RSK mandat istəsə də, Bakının öz planları var!

Bütün xəbərlər Facebook səhifəmizdə