1999-cu ilin son dekabr axşamından Kremlin sahibi olan Vladimir Putin indi daha kritik seçim qarşısında durub. Lenini SSRİ-ni yaratmaqda “Rusiyanın altına bomba qoymaqda” ittiham edən V.Putin, indi sovetdən öncəki Rusiya imperiyasını bərpa etməyə köklənib. Onun fikirlərindən belə aydın olur ki, sovet dövlətinin yaranması böyük Rusiya imperiyasının məhv olması demək idi və hazırkı Rusiyanın bu vəziyyətə düşməsində dünya proletariatının rəhbəri günahkardır. Adam əməllicə imperiya iddiasındadır, özü də lap möhkəmindən. Bu dəfə tarixin təkərini yüz səksən dərəcə dəyişməyə qərar verib və bəyənmədiyi Lenin o zamankı işğal siyasətinə “dobro” verir. Özü də nəzərə alsaq ki, gələn ayın 19-da Rusiyada seçkilər olacaq, onda V.Putin üçün kritik bir zamanın start götürdüyünü demək olar. Lap seçkilərdə V.Putinin partiyası ənənəvi 98 faiz “səs toplasa” belə...

Artıq balacaboy sovet çekisti dalana dirənib. Leninqradlı Putinin ədəbiyyatsız, iqtisadiyyatsız qoyduğu, qanunların rüşvətin ayaqları altında tapdanıb inildədiyi Rusiyanı qorumağın bir yolu var: yenidən ətrafdakıları ayı pəncəsinə keçirib ÖZÜNÜNKÜLƏŞDİRMƏK, Rusiyanı Romanovlar sülaləsinin dövründəki kimi nəhəng imperiyaya çevrilmək, vəssalam.

Qarabağ məsələsində son bir neçə həftədə mövqeyini “korrektə” edən V.Putin, sanki Leninsayağı plan üzərində baş sındırır. Səbəb? - səbəb sadədir: Rusiyanı ayağa qaldırmaq üçün yenidən ətrafdakıları qamarlayıb ələ keçirmək, sərvətlərini istismar edib rəsmən imperiya elan etmək. Onsuz da hazırkı böhranda boğulan Rusiya üçün başqa çıxış yolu qalmayıb. Çünki Rusiyanın öz millli iqtisadiyyatını qurmaq, söz azadlığı, qanunların hökmranlıq etdiyi cəmiyyət qurmaq, yenidən Lermantovlar, Puşkinlər, Çexovlar, Dostayevskilər yetirən böyük rus ədəbiyyatı yaratmaq...-artıq bütün bunlar gecdir. Bu işləri görmək Rusiyanı korrupsiya və cinayətkar məmur zəncirində inildədən V.Putinin qaldıra biləcəyi yük deyil...

Rusiya rəhbərinin imperiya iddialarına daha bir açıq nümunə: Əziz Vladimir Vladimiroviç deyir ki, sovet tarixi Rusiyanın bir hissəsidir, qalan məsələlər getdi işinin dalınca. Belə çıxır ki, hazırda müstəqil olan keçmiş sovet respublikalarının tarixi Moskvada “oxunmur”, vəssalam. Onsuz da həmişə “kiçik qardaşların” (Rusiya hələ də keçmiş kiçikləri öz “doğması” sayır. Yəni “evin içi”...) varlığı, dövlət kimi tarixləri Moskva üçün qıcıq doğuran cızmaqaradan başqa bir şey olmayıb. Moskva sevmir özündən kiçik respublikaları özünə bərabər görməyi. Yalanmı deyirəm?,- qəti!. Hər şeyi rusların adına çıxmaq ənənəvi Kreml siyasətidir, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq.

Bir məsələ neçə illərdir ki, Rusiyanın aqressiv siyasətindən cana doyan slavyanlara da, qafqazlılara da, pribaltikalılara da gün kimi aydındır: Moskva bütün zamanlarda keçmiş sovet ərazilərini özünün “məhrəmi” sayıb, vəssalam. ABŞ üçün Avropa necə “məhrəm” təsir dairəsidirsə, MDB ərazisi də Rusiya üçün eləcə vazgeçilməz təsir dairəsi sayılır. Rusiya keçmiş sovet ərazilərini heç kəslə paylaşası deyil. Baxmayaraq ki, baltikyanı dövlətlər NATO bayrağı altındadır, Ukrayna Co Baydenin qanadının altına sığınır, Gürcüstan hərdən qərb havası qoxulamağa meyillidir,- bunların heç biri Moskvanın keçmiş “qardaşları” yenidən öz çətiri altına toplamasına mane ola bilməz. Moskva üçün Baltikyanı dövlətləri NATO çətirindən ayırmağa nə var ki. Rus çəkməsinin ayaq səsləri bu ərazilərdə hər an eşidilir. Onsuz da Moskva buralardan heç yana getməmişdi, uzaqlarda deyildi axı...

Mıs-mıs deyinc elə birbaşa tarixi MUSTAFA-nı deyim qurtarsın: Rusiya imperiyasız yaşaya bilməz, vəssalam. Dünyada hansı axmaq siyasətçi axtarıb tapmaq olar ki, Rusiyanı demokratiyaya qovuşdurmaq barədə sərsəmləsin?-heç vaxt mümkün deyil!

Çünki Rusiyanın gücü onun imperiya olmasındadır. Demokratiya ruslar üçün deyil. Bu, gerçəkdən belədir. Çünki rus düşüncə tərzində qərb demokratiya tipli ictimai modelə yer yoxdur. Rus hökmranlıq etməlidir, rus “böyük qardaş” olmalıdır, rus əlini masaya çırpmalıdır. Hə, bir də ənənəvi “vodka” ilə beynini yaxalayıb tank əvəzinə hər yeri qırıb çatmalıdır. Vaxtı ilə İosif Stalinin almanlara qarşı müharibədə hər rus əsgərinə yüz qram araq içirdib Hitlerin üstünə göndərdiyi kimi.

Bu gün Avropanın qorxduğu da odur ki, V.Putin hər rus əsgərinə 200 qram təmiz “vodka” içirdib Avropanın canına salmasın. Moskvaya nə var, bir gecə ayıldın ki, artıq rus əsgəri Polşa və baltikyanı ölkələrdə “marselyoza” oxuyur. Onsuz da rus çəkməsi bu ərazilər üçün çoxdan qəribsəyib...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə