İvan, Vasya və Vova bilməlidir ki... KÖŞƏ YAZISI

Rusiyanın Müdafiə Nazirliyinin informasiya bülletenində RF sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı avqustun 16-a həsr olunmuş məlumatı yayılıb. Sözügedən məlumatda bildirilir ki, rus sülhməramlıları 2020-ci ilin noyabrından hazırkı dövrə qədər 58 mindən çox avtomobilin və 210 minə yaxın insanın Laçın dəhlizindən keçmələrinə şərait yaradıb, eləcə də qida, ərzaq və müxtəlif məhsulların keçirilməsini təmin edib. O cümlədən, ötən müddətdə tərəfləri ayıran xəttə sutkaboyu, yəni gecə-gündüz fəaliyyətini davam etdirib. Necə deyərlər, pəkəla! Amma çox maraqlı və düşündürücüdür ki, ruslar özlərini tərifləyərkən, görəsən, yalnız ermənilərəmi tərifləyirlər, yoxsa..?

Çünki rus sülhməramlılarının son dövrlərdəki (elə əvvəlkiləri də daxil olmaqla) fəaliyyət istiqamətləri açıq-aşkar Azərbaycanın maraqlarına cavab vermir. Digər tərəfdən, Rusiya sülhməramlıları bəh-bəhlə özlərini tərif atına mindirərkən unudurlar ki, onların müvəqqəti yerləşdikləri ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinin də hərbi və s. nəqliyyat vasitələri keçir və rəqəmləri səsləndirərkən, bunu unutmamalıydılar. Həmçinin, bu, insanların ümumi göstəricisi deyil, sadəcə, hərəkət hallarının hesabıdır. Yəni rəqəmlər var ki, oraya avtomobillər daxil olur, rəqəmlər də var ki, oranı tərk edirlər. O cümlədən, bir avtomobili dəfələrlə hesaba salmaq olar. Bu baxımdan, rus sülhməramlıları say haqq-hesabı apararaq guya “çox peşəkar” fəaliyyət göstərdiklərini özlərinə tərif etmələri yerinə yaxşı olardı ki, atəşkəs rejiminə necə riayət olunmasını dərc etsinlər. Yaxud, gün ərzində neçə erməni silahlısının, ya da silah daşıyan maşınların saxlanıldığı barədə məlumat versinlər. Vermirlər - Halbuki, artıq belə halları təsbit edən onlarla faktlar, dəlillər, sübutlar mövcuddur!

Ona görə də təkrar-təkrar sual etmək olar ki, İvan, bəs Ermənistan silahlı qüvvələrinin erməni hərbçiləri (terrorçuları) və verbovka olunmuş muzdlularla dolu yük və s. avtomobillərini yoxlayırsınızmı? Yoxda onları da “mülki vətəndaşlar” kateqoriyasına əlavə edərək yola verirsiniz? Yaxud, mülki geyimdə Laçın dəhlizindən keçən terrorçuların silahlarını saymısınızmı?

Keçək digər məsələyə. Deməli, Rusiya sülhməramlıları kontingenti “Blokost” qurğuları yerləşdikləri müdafiə fottifikasiyalı müşahidə postlarında hərbi hazırlıq (?!) təlimləri keçirirlər, mümkün hücum aksiyalarının qarşısını almaq üçün müxtəlif tipli odlu silahlardan, hətta minaatanlardan və qumbaraatanlardan istifadə edirlər. Təbii ki, onlar digər tərəfdən, erməni silahlılarının iplərinin üzərinə odun yığa bilmirlər. Sabah-birigün onlara hücum edənlər də məhz bu gün başlarını sığalladıqları erməni silahlıları, terrorçuları olacaqlar.

Ona görə də İvan Azərbaycandan müdafiə olunmaq üçün təlimlər keçmir, o, Hakopdan, Mkrtıçdan, Rapikdən ya da hər hansı digər erməni silahlısından qorunmağı daha çox məsləhət görür. İvan yaxşı bilir ki, Azərbaycan heç vaxt (!) sülhməramlılara hücum etməz və onları bu ərazilərə də Azərbaycan dəvət edib. Əlbəttə, İvan da, Vasya da, Vova da bütün bunları çox gözəl bilir və dərk edir. Lakin...

Lakin bizdə belə bir söz də var – cızığından çıxmaq. Bu gün Rusiya sülhməramlıları məhz cızıqlarından çıxmamalıdırlar, onlar daha bir məsələni də dərk etməlidirlər ki, hər tərəfdən Azərbaycan hərbçilərinin, hərbi texnikalarının, müşahidə qurğularının izləməsindədirlər. Əgər öz məsuliyyətlərini dərindən anlaya bilməsələr, bu zaman İvan, Vasya və Vova bilməlidir ki, Azərbaycan Laçın dəhlizini ikicə saatın içində bağlaya və Hakopa, Mkırtıça, Rapikə elə bir dərs verər ki, həmin dərsdən onlar da müəyyən şeylər qazana bilərlər. Bax, bunun üçün də özünütərif elementlərinə yol verməkdənsə, terrorçu elementləri yığışdırsınlar. Nə qədər ki, gec deyil!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə