Damsız Ağdam: 25 il sonra xatirələr məkanına - SƏYAHƏT

Elçin Bayramlı

Jurnalistlərin sonuncu Ağdam səfəri ilə bağlı bir neçə gün əvvəl “Kabuslar şəhərində 1 gün” adlı yazı və fotoreportaj vermişəm (https://sia.az/az/news/social/874492.html), xatirələrimi sonra yazacağıma söz vermişdim, bu günə qismət imiş...

90-ların ortalarında 3 il ərzində dayandığım postları, düşmənlə atışdığımız səngərləri keçmək başqa bir təəssüratdır. 25 il keçib. Əsrin 1/4 -i. Bu müddətdə səbrlə qisas gününü, vətənimizin işğalda qalan hissəsinin azad olunacağı günü gözlədik. Lakin bu, çox uzun çəkdi. Az qala ümidimizi itirdiyimiz bir vaxtda Ali Baş Komandanımız və şanlı ordumuz bir möcüzə yaradaraq, Qarabağımızı qaytardı. O vaxt yalnız binokla baxa bildiyimiz torpaqlarımıza indi sərbəst keçib gəzmək, baxmaq... bu hissi sözlə ifadə etmək mümkün deyil!

90-ların ortalarında ağır müharibədən yeni çıxmış ölkəmiz və ordumuz çox çətin vəziyyətdə idi. Dövlətimizin maliyyə imkanları son dərəcə zəif, ordu hələ formalaşmamış, maddi-texniki baza bərbad, əsgərlərin ərzaq, geyim təminatı son dərəcə pis idi. Ağdamın çöllərində şaxtada, cəhənnəm istisində bəzən ac-susuz səngərlərdə dayanırdıq. Ərazi düzənlik olduğundan səngərdən başını çıxaran kimi erməni snayperinin gülləsinə tuş gəlirdin. Bəzən zil qaranlıq, küləyin də əsdiyi gecələrdə göz də, qulaq da heç nəyə yaramırdı. Gecəgörmə cihazlarımız isə yox idi. Belə gecələrdə erməni kəşfiyyatı gizlicə neytral zona ilə posta yaxınlaşıb bir birinə bağlanmış bir neçə qumbaranı gündüzdən yerini müəyyən etdikləri posta atırdı və 2 əsgərimiz parça-parça olmaqla şəhid edilirdi. Lakin bunun qisası çox ağır alınırdı...

Müharibə yeni dayandığından ətraf ərazilər minadan təmizlənməmişdi və bəzən arxada hansısa əsgərimiz minaya düşüb həlak olurdu. Neçə-neçə əsgər yoldaşımızın parçalarını yığmışıq əllərimizlə...

Ən təhlükəli postlardan biri Ağdam yolunun üzərindəki "Toplar postu" deyiən yer idi. Bizim ön səngər boyu xətt üzrə digər postlardan xeyli qabağa çıxmış bu postun erməni postu ilə məsafəsi 50 metr civarında idi. Burada 24 saat tam döyüşə hazır vəziyyətdə olmalıydıq, paltarı, silahı, sursatı, kaskanı çıxarmaq olmazdı. Yatanda, yemək yeyəndə onlarla olurduq.

Silahlarımızı tez-tez dəyişirdilər- gah avtomat, gah qranatomyot, gah pulemyot, gah snayper, gah TŞK… hər an döyüş başlaya bilərdi və biz bütün silahlardan istifadəni bacarmalı idik.

Hücum döyüşləri baş vermirdi, yalnız qarşılıqlı atışmalar olurdu ki, bu zaman da həm biz tərəfdən, həm düşmən tərəfdən itkilər olurdu. Yalnız bir dəfə erməni döyüş qrupu qisas almaq məqsədilə (bir neçə gün əvvəl bizim snayper onların zabitini vurmuşdu) bir qrupla hücuma keçmişdi və bu zaman ağır döyüşlər getdi. Səhərə yaxın ermənilər otluqların arası ilə sürünərək postumuza yaxınlaşmışdılar. Artıq gecə postları dəyişmiş, cəmi 2 nəfər gündüz postuna çıxmışdı. Günün ən arxayın vaxtında gəlmişdi düşmən. Lakin düz qarşılarındakı postda dayanan əsgərimiz diqqətli olmuş, onları görmüş və gizləndikləri kolluğu aramsız atəşə tutmuşdu. Yan postda isə mən idim. Nə baş verdiyini və digər postdakının atəş xəttindən onun nə etmək istədiyini anlaya bildim. /\ şəklində çarpaz atəşlə kolluqların arxasını nəzarətdə saxlayır və geri çəkilmələrinə imkan vermirdik. Bu atəşə digər paralel postardan da dəstək verilmiş və arxadan ildırım sürətilə gələrək səngərlərə düzülmüş əsgərlərimiz onları görməsə də, həmin kolluqları aramsız atəşə tutaraq ayağa qalxıb geri qaçmalarına imkan vermirdi. Düşmənin diversiya qrupu heç cür geriyə qayıda bilmirdi. Bu zaman qarşıdakı düşmən postlarından bizim səngərlərin üzəri ilə güllə qatarları səpələyir, aramsız və şiddətli atəşə tutaraq qrupun qayıtmasına şərait yaratmağa çalışırdılar.

40 dəqiqə şiddətli döyüş getdi- qranatomyotların, pulemyotların da müşayiəti ilə. Sonra komandanlıq səviyyəsində əlaqə saxlanıldı və hər iki tərəf atəşi dayandırdı. Bu müddətdə biz öz işimizi görmüşdük- o kolluqlardan bircə nəfər belə sağ çıxa bilmədi- qarşı postlardan gələn ermənilər bizim müşahidəmiz altında cəsədləri sürüyüb apardılar- cəmi 8 cəsəd saydıq. Qarşı postlarda daha neçə düşmən həlak oldu, yaralandı- onu bilmədik.

Bizdən isə bir nəfər şəhid olmuşdu, səngərdə boğazına dəyən güllədən… 3 nəfər yüngül yaralanmışdı. Mənim kaskam isə bir gülləni sovuda bilmişdi. Zərbənin təsirindən 2 gün boynum ağrıdı, vəssalam.

Briqada komandirimiz Şair Ramaldanov bizə şəxsi heyət qarşısında təşəkkür elan edərək aralarında mənim də olduğum bir neçə nəfərə Şah İsmayıl Xətai adına Fəxri Fərmanla təltif etdi, hərəmizə də 10 günlük məzuniyyət verdi.

Bir müddət sonra qisas olaraq bizə ərzaq gətirən və əraziyə ilk dəfə gələn sürücünün lazım olduğundan çox yaxınlaşdırdığı maşını qranatomyotla vurdular və 2 əsgərimiz şəhid olmuşdu. Kəşfiyyatımız bu cinayətin qısasını ağır aldı. 4 nəfərlik qrup minalanmış sahə ilə erməni tərəfə keçmiş, kəşfiyyatçılarımızın bir sakitcə yaxınlaşaraq gecə yeraltı qazmanın qarşısında duran əsgəri 10 metr məsafədən bıçaqla boynundan vurmuş və onu sakitcə aradan götürmüşdülər. Bir-birinə bağlanmış 6-7 qumbaradan ibarət “hədiyyə buketini” blindajın bacasından içəri buraxaraq geri qayıtmışdılar.

Bu dəqiqələrdə mən də oraya yaxın postda idim. Bir də gördük erməni tərəfdə möhkəm gurultu qopdu, toz duman havaya sovruldu. Ermənilər kəşfiyyat qrupunun qayıtmasına imkan verməmək üçün minalanmış sahəni aramsız atəşə tuturdular, biz başa düşdük ki, neytral zonada bizimkilər var, ona görə oraya atırlar və erməni səngərlərinin üzərindən fasiləsiz güllə qatarları buraxaraq başlarını qaldırmağa imkan vermədik. Kəşfiyyatçılarımız sağ-salamat geri qayıtdı. 10 nəfərdən artıq düşmən əsgəri o blindajda layiqli cəzasını almışdı…

Bir müddət isə snayper müharibəsi getdi. Gündüz vaxtı biz tərəfdə kimsə ehtiyatsızlıq edib açıqlığa çıxırdısa ermənilər vururdu. Sonra biz günlərlə müşahidədə dayanıb qisas üçün imkan axtarırdıq və belə şans düşən kimi erməni əsgərini snayperlə vururduq. Bir dəfə 3 saat səbrlə apardığım gündüz müşahidəsində odun daşıyan və hiss etmədən açığa çıxan erməni əsgərini nişangahda görən kimi düşünmədən snayperin tətiyini çəkdim, əsgər yerə yıxıldı, dəqiq görə bilmədim güllə dəydi, yoxsa özü yerə uzandı. Bəlkə də siftəm korlanmışdı, hardan bilim?

3 il ərzində maraqlı və təsirli çox hadisələr olub. Çox zəngin xatirələrimiz var bu torpaqlarda. Bəzilərini heç vaxt yazmayacağam. Bunları isə ilk dəfədir yazıram. Qalanlarını nə vaxtsa bir kitabda yazdım bəlkə.

Gəlin, birini də danışım. Əhvalat vaqe olur Ağdamın Ayaq Qərvənd yaxınlığında. 96-cı ilin payızı. Çöl quşlarının köç vaxtı idi. Durna, qaz qatarları bizim arxamızdan uçaraq düşmən tərəfə keçməklə yollarına davam etmək fikrindəydilər. Bunu görən bir döyüşçümüz avtomatı qaldıraraq bütün maqazini boşaltdı və qatardan bircə quş da havada qalmadı, hamısı yerə töküldü. Aylardır, yağsız perlova supu və suxarı ilə dolanan əsgərlər üçün əsl bayram idi. Bir neçə gün durna kababı, qaz çığırtması yedik. Bundan sonra uşaqlar diqqətlə müşahidə aparır, növbəti qatar gəldikdə hamısını vurub salırdılar, qəsdən düşmən tərəfə bir quş da buraxmırdıq. Bunu müşahidə edən ermənilər əsəbiləşir və bizə güllə yağdırırdılar. Lakin farslar demiş çifayda…

Bir ay müddətində biz bol durna və qaz əldə etdik, ermənilərə isə biri də qismət olmadı. Artıq olanları aparıb kənddə başqa ərzağa dəyişirdik. İndi düşünürəm ki, o vaxt lap zooqətliam törətmişik. Lakin bu, məcburən olub. İnsan ac qalanda…

Bunu da danışım daha bəsdir. 1997-nin noyabrı. 3 gün aramsız leysan yağdı. 4 cərgə tranşeylərimizin hamısı su ilə doldu. Postlarda belə dayanırdıq- soyuq su ilə dolu səngərin içində güllə daraqları çantasını başımıza yaylıq kimi bağlayaraq, silahı isə çiynimizin üstündə tutaraq. Yarım saatdan bir dəyişirdik, o müddətdə geri blindaja gedib gəlmək də bir zülm idi, üstə çıxmaq olmaz, tranşeylər isə su ilə doludur, sadəcə kiçik bir təpəciyin arxasında səngərdən çıxıb gözləyirdik, yarım saatda yaş paltarları quruda bilmirdik və yenidən suyun içinə qayıdırdıq. Heyətin yarısı növbə ilə axırıncı- 4-cü çərgə səngələri qazıb suyu aşağı sahələrə yönəltməyə getdiyindən 2 qat artıq postlarda bu vəziyyətdə dayanmalı olurduq. Briqadadan kömək gəldi, birtəhər 120 metrlik kanal açıb suyu tranşeylərdən boşalda bildik. Bu şəraitdə demək olar ki, heç kim xəstələnmədi- hətta mənim kimi şəhər uşaqları da. Çöl həyatı bədənimizi möhkəmləndirmişdi…

Bunlar o qədər də maraqlı xatirələr olmasa da, yazdım. Kitab üçün maraqlı xatirələri saxlamaq lazımdır axı…))

Bu səfərimizdə xidmət etdiyim ərazilərin, kəndlərin çoxunu görə bilmədim. Bunun üçün özüm ayrıca səfər edəcəyəm. Ən əsası odur ki, bir vaxtlar yalnız binoklla baxa bildiyim torpaqlarımızı indi addımlayaraq qürurla gəzdim. Oraları azad etmək bizə qismət olmasa da, 25 il sonra böyük sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz bunu bizə bəxş etdi. Həm də həmişəlik…

Ağdam səfərində bu şəhərin dağılmasına heyflənsək də, bu, artıq bizim üçün dərd deyildi. Çünki bilirik ki, tezliklə burada hər şey dəyişəcək, bu şəhər bərpa olunacaq, bu xarabalıqların yerində yeni, müasir bir şəhər görəcəyik. Hazırda qızğın iş gedir- yol çəkilir, su və elektrik xətləri çəkilir, binaların özülü qoyulur, park salınır…

Bu gün damları olmayan, tikililərinin yalnız uçmuş divarları qalan Ağdam yenidən ucalacaq, həm də daha hündür, daha möhtəşəm damları ilə.

Bu fotolar isə yalnız yaddaşlarda qalacaq. Erməni faşizminin və vandalizminin tarixin yaddaşına köçmüş sənədləri kimi...

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...