ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar və Ukraynaya yardım haqqında qanun layihəsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası cümə gününə keçən gecə Ukraynaya hərbi yardımın göstərilməsini və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu barədə The Hill nəşri məlumat yayıb.

Məlumata görə, qanun layihəsinin lehinə 226, əleyhinə isə 195 konqresmen səs verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sənədin qəbulunda 18 respublikaçı konqresmen və Kaliforniya ştatından müstəqil konqresmen Kevin Kili demokratlara qoşularaq qanun layihəsini dəstəkləyib.

Bundan əvvəl Nümayəndələr Palatası prosedur səsverməsi zamanı təşəbbüsün müzakirəyə çıxarılmasını təsdiqləmişdi.

Qanun layihəsinin müəllifi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü, demokrat konqresmen Qreqori Miksdir.

Bununla belə, The Hill qeyd edir ki, sənədin respublikaçıların nəzarətində olan Senatda qəbul edilməsi ehtimalı azdır. Nəşrin yazdığına görə, Senatdakı çoxluğun lideri, Cənubi Dakotadan olan respublikaçı Con Tun indiyədək prezidentin mövqeyindən nadir hallarda kənara çıxıb.

Qreqori Miks isə bildirib ki, respublikaçı rəhbərlik bu qanun layihəsinə qarşı çıxır.

Qanun layihəsinə əsasən, Ukraynaya 8 milyard dollar həcmində hərbi kreditlərin ayrılması, Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsünün (USAI) 2027-ci ilədək uzadılması və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi nəzərdə tutulur. USAI proqramı ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) Ukraynaya silah və hərbi texnikanı birbaşa təqdim etməyə imkan verir.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə