“Kabuslar şəhəri”ndə 1 gün - FOTOREPORTAJ

Və ya vaxtilə ən abad şəhərlərimizdən olmuş, son 30 ildə erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış Ağdam şəhərinin xarabalıqlarına fotosəyahət

İyunun 4-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Ağdam şəhərinə təşkil olunmuş media-tur çərçivəsində Ermənistan işğalı dövründə tamamilə dağıdılmış Ağdam şəhərinin qalıqları ilə tanış olduq.

Səfərdə media nümayəndələri ilə yanaşı, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Turizm Agentliyi, Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və digər dövlət orqanlarının əməkdaşları, həmçinin arxeoloq alimlər və kulturoloqlar iştirak edirdi.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov media-tur iştirakçılarına ermənilərin bu ərazilərdə törətdikləri müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verdi.

Əvvəlcə, şəhərdə əsası qoyulan tikintilərə baş çəkdik. Zəfər və İşğal muzeyləri, yeni yaşayış binaları, Ağdam Meşə Parkı, Sənaye Parkı və s. Hər tərəfdə tikinti gedir, yol çəkilir, su və elektrik xətləri çəkilir.

Səfər çərçivəsində Ağdam şəhərində yerləşən mədəni irs nümunələri Cümə məscidi, Çörək muzeyi, Şahmat evi, Dram Teatrı, “İmarət” kompleksi, Qiyaslı məscidi, Şahbulaq qalası, və s. tikililərə baş çəkdik. Daha doğrusu onların qalıqlarına. 30 ilə yaxın çəkən işğal dövründə ermənilərin burada törətdikləri vandallıqlarla, vəhşiliklərlə əyani tanış tanış olduq.

Ağdam şəhərində yeganə salamat qalan tikili Cümə məscididir, onu da minarələrini müşahidə qülləsi, özünü isə hərbçilərinin və heyvanlarının yaşayış yeri kimi saxlamağa məcbur olublar. Şəhər ətrafında isə yalnız Şahbulaq qalası salamat qalıb ki, onu da turizm mərkəzi, restoran kimi istifadə ediblər.

Bütövlükdə Ağdam şəhəri və kəndləri tamamilə dağıdılıb. Belə kadrları yalnız müharibə getmiş səhərdə görmək mümkündür, lakin Ağdam şəhərində müharibə getməyib. Stalinqrad və onun kimi dağılmış şəhərlər uzun və ağır döyüşlərin yadigarı idi, Ağdam isə dinc dövrdə qəsdən dağıdılmış, yer üzündən silinmiş yeganə şəhərdir. Xarabalıqlar şəhəri. Məhz buna görə, xarici jurnalistlər Ağdamı kabus şəhər adlandırırlar.

1990-cı illərin ortalarında 3 il ərzində dayandığım postları, düşmənlə atışdığımız səngərləri keçmək başqa bir təəssüratdır. 25 il keçib. Az qala ümidimizi itirdiyimiz bir vaxtda Ali Baş Komandanımız və şanlı ordumuz bir möcüzə yaradaraq, Qarabağımızı qaytardı. O vaxt yalnız binokla baxa bildiyimiz torpaqlarımıza indi sərbəst keçib gəzmək, baxmaq... Bu bir kiçik yazıya sığmaz. Bu təəssüratlarımı ayrıca yazacağam, ona görə də burada sadəcə oxucularımızı fotosəyahətə aparmaq qərarına gəldim. Fotolar hər şeyi deyir. Bunlar danışan şəkillərdir.

Tezliklə burada hər şey dəyişəcək, bu xarabalıqların yerində yeni, müasir bir şəhər görəcəyik. Bu fotolar isə yalnız yaddaşlarda qalacaq. Erməni faşizminin və vandalizminin tarixin yaddaşına köçmüş sənədləri kimi...

Elçin Bayramlı

Fotolar müəllifindir

Bütün xəbərlər Facebook səhifəmizdə