“Bakı Enerji Həftəsində aparılan müzakirələr enerji sahəsində mövqeyimizi möhkəmləndirdi” -DEPUTAT DANIŞDI
“Bakı Enerji Həftəsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin enerji sektorunda əldə etdiyi uğurların, həyata keçirdiyi strateji layihələrin və gələcək inkişaf prioritetlərinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Çıxışda vurğulanan məqamlar göstərdi ki, Azərbaycan bu gün yalnız enerji resurslarının ixracatçısı deyil, eyni zamanda beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaşdır”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, müstəqilliyin ilk illərində ciddi siyasi və iqtisadi çətinliklərlə üzləşən Azərbaycan Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitlik və inkişaf yoluna qədəm qoydu:
“Hazırda ölkəmizin qazandığı uğurların təməlində məhz həmin strateji kurs və Prezident İlham Əliyevin rəhbərliyi ilə onun uğurla davam etdirilməsi dayanır.
Azərbaycanın enerji siyasəti ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji layihələri regionun enerji xəritəsini dəyişdirərək yeni əməkdaşlıq imkanları yaradıb. Bu gün Azərbaycan Avropa ilə Asiya arasında etibarlı enerji körpüsü rolunu oynayır və tərəfdaş ölkələrin enerji təminatında mühüm yer tutur.
Enerji gəlirlərinin səmərəli idarə olunması nəticəsində ölkədə genişmiqyaslı sosial-iqtisadi layihələr reallaşdırılıb, infrastruktur yenilənib, əhalinin rifahı yüksəlib və iqtisadi dayanıqlıq güclənib. Eyni zamanda, güclü iqtisadi potensial ölkənin müdafiə qabiliyyətinin artırılmasına və milli maraqların qorunmasına da mühüm töhfə verib.
Azərbaycanın enerji strategiyasında mühüm istiqamətlərdən biri də enerji mənbələrinin şaxələndirilməsi və bərpaolunan enerji sektorunun inkişafıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri, günəş və külək elektrik stansiyalarının tikintisi, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq ölkəmizin bu sahədə iddialı hədəflərə malik olduğunu göstərir.
Bununla yanaşı, Azərbaycanın iştirak etdiyi nəqliyyat, logistika və enerji layihələri ölkənin geostrateji mövqeyini daha da gücləndirir. Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşən Azərbaycan regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın vacib mərkəzlərindən birinə çevrilib.
Hesab edirəm ki, Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycanın enerji sahəsində mövqeyinin daha da möhkəmlənməsinə, yeni investisiyaların cəlb edilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB