Ağıllı kənd nədir? Necə tətbiq olunacaq? - KÖŞƏ YAZISI

Dünyamız günü-gündən inkişaf edir və bütün yönlərdə bu yeniliklər öz praktikasını tapmaqdadır. Ağıllı kənd də ictimaiyyətin maraqla qarşıladığı proyektlərdəndir. Bu cür ərazilər özünü bütün alternativ enerjilərlə təmin edir və kənardan heç bir yardıma ehtiyac duymur. Bu cür kəndlərin günəş panelləri, su elektrik stansiyaları, su təchizatları olur, tibb, təhsil ilə özünü təmin edir. Beləliklə özü-özünü tamamilə idarə edir. Nəticədə kənd yerlərində daha yüksək yaşayış səviyyəsi təmin olunurdu. Bu ideya ilk dəfə XXI əsrin əvvələrində öz praktikasını tapsa da ilk ideya mənbəyi, anarxist kəndlərdə görülüb. Belə ki, bu anarxist kəndlər, daha da radikal səciyyə daşıyaraq özünü nəinki alternativ enerji və xidmət sahələri ilə hətta tekstil, kommunikasiya, inşaat, istehsalat və. s ilə təmin edirdi. Belə kəndlərdə pul-əmtəə olmur, natural təsərrüfat hökm sürürdü. Bu anarxist kəndlər öz praktikasını daha az tapsa da ağıllı kəndlər artmaqdadır.

XXI əsrin əvvəllərində yaramağa başlayan bu ideya öz tətbiqini dünyanın dörd bir yanında tapıb. Qərb ölkələrində, Amerikada, Misirdə yaranmağa başlayan bu proyekt olduqca əhatəli maraq doğurub. Asiya ölkələri isə bu proyektlərdə Qərbi belə geridə qoyublar. Xüsusən də əhali sıxlığı olan Çin və Hindistanda ağıllı kənd və şəhər proyektləri uğur qazanır. "Schneider Electric", "IBM", "Microsoft", "Cisco" kimi şirkətlər bu proyekti dəstəkləyir və maliyyələşdirir.

Bu proyekt bir növ yarışma, inkişaf və güc göstəricisi kimi qəbul olunur. Hər il dünyanın ən ağıllı şəhəri seçilir və mükafatlandırılır. Məsələn, 2015-ci ildə bu mükafatı Barselona almışdısa, digər ilin mükafatı Avstraliyada idi.

Azərbaycanda isə bu yöndə mütəxəssis olmadığı üçün, strateji tərəfdaş və dost ölkə olan İsrail ağıllı kənd və şəhər proyektini bizim üçün edəcək. Təsadüfi deyil ki, Təl-Əviv 2014-cü ildə ən ağıllı şəhər seçilib. Məlum olduğu kimi pandemiyanın dünyanı lərzəyə gətirdiyi bir dövrdə, həm də müharibə dərhal bitən kimi, belə bir addım atmaq, Azərbaycan dövlətinin gücünü və inkişafa olan qətiyyətini göstərir.

Bu proyektin Zəngilan rayonunun Ağalı kəndində olması isə cənab Prezident tərəfindən düşünülmüş addımdır. Belə ki, bu ərazilərdə 30-a yaxın su elektrik stansiyası olsa da tam yararsız vəziyyətdə idilər. Bu ərazidə ağıllı kənd proyektinin keçirilməsi isə Qarabağın artıq əmin əllərdə olduğunu dünyaya göstərəcək. Digər tərəfdən isə ağıllı kəndlərin anarxist ideyalogiyadan bəhrələnməsinə baxmayaraq, Azərbaycandakı tətbiqi, idarəçiliyimizin necə də azad fikirli və qlobal düşündüyünü bir daha göstərir.

Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dediyi kimi "Mən demişəm. Biz bu torpaqları cənnətə çevirəcəyik və biz bundan sonra, bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!". Boşuna deyil ki, ağıllı kənd proyekti həqiqətən də cənnəti bizə Qarabağda yaşadacaq. Azərbaycandakı ağıllı kəndlərin göl, istirahət mərkəzindən tutmuş, fiber-optik interneti və kənd boyu təhlükəsizlik kameraları olacaq. Enerjini əldə edərkən ətraf mühitə verdiyi minimum zərərlə ekologiya dostu olacaq bu proyekt demək olar ki, xətasızdır. Bu kəndlər təsərrüfat üzrə də təkmilləşərək, ən son texnologiyalarla təchiz olunmuşdur.

Prezidentimiz artıq ağıllı kəndlərin təməlini qoymuşdur. Bu təməlqoyma mərasimi zamanı ağ göyərçinlərin buraxılması isə bütün dünyaya sülh və əmin-amanlıq mesajı vermişdir. Bu cür proyeklərin və işlərin görülməsi çox müsbət haldır və hər bir Azərbaycan vətəndaşını sevindirir. Çox yaxında Zəngilanda, Ağalıdakı ağıllı kəndi görmək ümidi ilə.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə