Ulu Öndər Heydər Əliyevin irsi haqqında düşüncələr zaman kontekstində

Zaman baxımından uzaqlaşdıqca Ulu Öndər Heydər Əliyevin irsinə daha yaxından bələd olmaq zərurəti bizi düşündürməkdədir. çünki bu irs kecmişi gələçəklə bağlayaraq ümumilli mənafeyimizin qorunması baxımından qarşıda duran hədəflərin düzgün müəyyənləşməsi yolunda mühüm tarixi –siyasi əhəmiyyət kəsb edir. Elə buna görə də sadə vətəndaşlardan, görkəmli şəxsiyyətlərədək dahi siyasi xadim haqqında müxtəlif fikirlər səsləndirilir. Deyərdim ki, bu yalnız əfsanəvi tarixi şəxsiyyətlər üçün mümkündür və mövcuddur. Hətta bir sıra tarixcilər XX əsrin 60-cı illərindən sonrakı zamanı Heydər Əliyev dövrünün başlanması kimi xarakterizə edirlər. Elə buna görə də Əliyevşünaslıq bir elm kimi fundamental araşdırmanın aktual məsələləri sırasındadır.

Liderlik adətən siyasətlə bağlı anlayış kimi qəbul edilir. Lakin bu anlayış daha geniş mənada cəmiyyətin, dövlətin, bütövlükdə isə bəşəri proseslərin fövqündə dayanaraq hadisələrə təsir imkanları kimi meydana çıxır. Bu baxımdan siyasi xadimlərin cəmiyyətdəki proseslərə təsir imkanlarının mahiyyətinə varmaq, onun müxtəlif aspeklərini təhlil etmək zərurəti tədqiqatcı olaraq təbii ki, qarşımıza çıxır. Xüsusilə cəmiyyət transformasiya mərhələsini kecərkən hakimiyyətin idarə olunması siyasi analitik təfəkkür və müdriklik tələb etdiyi üçün hadisələri mahiyyətinə və xarakterinə görə dərin məntiq və müqayisəli təhlil vasitəsilə araşdırmaq zərurəti yaranır.

Azərbaycada XX əsrin 90-cı illərindən sonrakı tarixi-siyasi hadisələrin təhlilini vermək elmi-ictimaiyyatdan ona görə böyük məsuliyyət tələb edir ki, bu proses həm daxili həm də xarici təhlikəli amillərin dövlətin parcalanmasına şərait yaratması fonunda baş qaldırmışdır. Daxildə qeyri stabillik və dövlət çevrilişi cəhdləri, xaricdə isə erməni işğalı və beynəlxalq miqyasda yarıtmaz xarici siyasətin yeridilməsi nəticəsində ölkənin imicinin aşağı düşməsi bilavasitə prosesi daha da sürətləndirmişdir.

Belə çətin siyasi şəraitdə xalqın itirilmiş ümidlərinin siyasi liderin iradəsi ilə bərpası, dövlətə, hakimiyyətə cəmiyyətin sosial institutlarının nəinki inamını yaratmaq hətta bu prosesi qırılmaz olaraq sıx şəkildə bir-birinə bağlamaq kimi zərurət tarixin sınağı ilə üz-üzə dayanmışdır. Həmin vaxt üçün Azərbaycan reallıqlarında daha önəmli məsələ bu idi ki, əvvəlcə siyasi hakimiyyət sahəsində xeyli islahatlar aparılmalı, dövlət idarəciliyində bu prosesin mahiyyəti dəqiq müəyyənləşməli, bununla da prezident institutunun formalaşdırılmasına və milli həmrəylik istiqamətində mühüm tədbirlərin həyata keçirilməsində möhkəm baza ortaya qoyulmalı idi. İnkaredilməz faktdır ki, yalnız müdrik siyasi xadimin uzaqgörən fəaliyyəti və hakimiyyət bacarığı ilə xalqın mənafeyini ifadə edən konsepsiyanın həyata keçirilməsinə nail olmaq mümkün idi. Bu isə xalqın milli həmrəyliyi və vəhdəti ilə mümkün olduğu üçün məsələyə kompleks yanaşma tələb olunur.

Təhlil göstərir ki, liderlik və müdrik siyasi xadim arasında xeyli fərqlər mövcuddur. Məlumdur ki, XX əsrdə həm Avropada, həm də yaxın və Uzaq Şərqdə milli azadlıq hərəkatları çox olmuşdur. Hec şübhəsiz ki, bir çox liderlər məhz inqilablar nəticəsində milli-azadlıq hərəkatları dövründə siyasi liderlikdən "milli lider", "dahi siyasi xadim" statusunu qazanmışlar. Türkiyə Respublikasının 1918-1923-cü illərdə Avropa dövlətinin təzyiqi altında olması Mustafa Kamal Atatürkü siyasi liderlikdən millət atası statusuna ucaltdı. Qeyri-adi siyasi fəaliyyət isə onun əbədiyaşar liderlik missiyasını tarixin silinməz yaddaşına həkk etdi. Yaxud, Ulu Öndər Heydər Əliyevin liderlik fəaliyyəti, siyasi zəkası, siyasi mədəniyyəti və milli ruh fonundakı mövcud potensialı ölkənin xaos vəziyyətinə düşməsi məqamında xalqın yeganə xilas yoluna çevrildi. Dahi siyasi xadimin respublikaya hakimiyyətə qayıdışından sonra saysız hesabsız teleyüklü milli problemlərin həllindəki uğurlu fəaliyyəti onun Ulu Öndər və Ümummilli lider statusunu tamamladı. Bu məqamda xalqın yaddaşına həkk olunmuş öndərin fəaliyyəti qiymətləndirilərkən əbədiyaşarlıq missiyası milyonların verdiyi qiymət olduğu üçün tarix səhnəsində daha möhkəm yer tutur. Dünya təcrübəsi göstərir ki, belə tarixi sınaq zamanı xalqla liderin birliyi ümummilli niçat yolunun tapılması ilə nəticələnir.

Amerikalı politoloq K.Stoqdilun fikrincə "lideri yalnız onun öz fərdi keyfiyyətləri baxımından dəyərləndirmək onun fəaliyyət sferasını daraltmaqdır. O, tabeçiliyində olan insanların fəaliyyətini və istəklərini uzlaşdırmalı, nəinki problemlərin həllinə yanaşmalı, həmcinin insanların özünün də intellektual potensialını hərəkətə gətirməlidir.

Ulu Öndər Heydər Əliyev dünya siyasi arenasında özünü məhz belə lider kimi göstərdi. İstər Azərbaycana başçılıq etdiyi illərdə, istər Moskvada SSRİ-nin hakimiyyət sistemində yüksək rəhbər vəzifələr tutduğu vaxtlarda, sadə adamlardan tutmuş böyük siyasi xadimlərin də etiraf etdiyi kimi əlahiddə istedadı və dühası baxımından həmişə fərqlənib. Bu həm də ona görədir ki, insanları müəyyən bir ideya ətrafında və məqsəd uğrunda birləşdirmək, səfərbər edə bilmək və bu zaman yaranacaq bütün mümkün çətinlikləri öncədən görərək onların həllinə əvvəlcədən hazır olmaq qabiliyyəti müəyyən vəzifə tutub tutmamağından asılı olmayaraq dahi siyasi xadimin ayrılmaz təbii xarakterik xüsusiyyəti olmuşdur. Bu baxımdan da o, çox siyasətçilərdən fərqlənmişdir. Bu meyarların əhatəsini düşünərkən Heydər Əliyev şəxsiyyətində tamamlanmış bütün keyfiyyətlərin ümummilli maraqlara cavab verdiyi elmi cəhətdən təsdiqini tapır. Heydər Əliyev şəxsiyyəti həm də zaman kecdikcə öz unikallığı, təkrarolunmazlığı, siyasi xadim üçün xas olan xüsusiyyətləri ilə nəinki bu kriteriyaları əhatə edir, hətta onların əhatə dairəsindən kənara belə çıxaraq mən deyərdim ki, siyasi lider anlayışını politoloji baxımdan zənginləşdirir, məzmun etibarilə çoxşaxəli edir. Siyasətçinin və liderin siyasətdə və tarixdə əbədiliyini və örnək nümunəsi olmasını müəyyən edən bu meyar məhz Heydər Əliyev kimi şəxsiyyətlərin sayəsində cilalanaraq politoloji anlayış kimi siyasi lüğətə daxil olmuş və qəbul edilmişdir. Bu yaxınlarda rusiyalı xüsusi xidmət orqanı generalının çıxışında belə bir fikir yer almışdır ki, "Biz Heydər Əliyev şəxsiyyətinin timsalında Azərbaycan xalqının mənəvi keyfiyyətlərini, milli dəyərlərini və müdriklik simvollarını acıq aydın görürük və bu bizdə geniş təsəvvür yaradır".

SSRİ və postsovet ölkələrindəki prosesləri tədqiq edən analitik Zbiqnev Bjezinski Heydər Əliyevin dünya siyasətinə təsir imkanlarından danışarkən demişdir: "Şəxsən mən onunla görüşlərdən sonra Azərbaycan və Amerika arasındakı strateji əlaqələri formalaşdırmaq kimi nadir imkan əldə etdim". Tarixçi alim T.Svaxotovski SSRİ-də gedən siyasi prosesləri şərh edərkən 60-cı illərdən sonrakı dövrü Heydər Əliyev dövrünün başlanması kimi təhlil edir. Qitədə və dünyada baş verən proseslərdə Heydər Əliyev zəkasının, siyasi iradəsinin, müdrikliyinin və idarəcilik qabiliyyətinin rolunu əsaslandırır.

Artıq real tarixə çevrilmşdir ki, 1996-cı ilin 2-3 dekabrında ATƏT-in Lissabon Zirvə toplantısında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə məsələnin müzakirəsi zamanı Heydər Əliyevin diplomatik manevrləri və siyasi gedişləri diplomatiya dərsliklərində özünə yer tutmalı və öyrəniməli mövzulardandır. Burada vəziyyətin milli maraqlara uyğun olmadığını görən Heydər Əliyev dünya diplomatiyası tarixində analoqu olmayan bir addım ataraq, bəyannamənin bütün mətni üçün konsensus verməkdən imtina etdi. Nəticədə ATƏT-in fəaliyyət göstərən sədri Flavio Kottinin zirvə görüşünün bütün iştirakçıları adından edilən və sammitin yekun protokoluna daxil olunan bəyanat verdi. Belə qısa zaman çərçivəsində, müzakirələrin davam etdiyi, sərbəst fikirləşməyə və məsləhətləşməyə imkan olmadığı bir şəraitdə yeganə düzgün qərar qəbul etməsi ən başlıcası isə dünya siyasətini bu qərarın qəbuluna sövq edə bilmək qabiliyyəti Ulu Öndərin dühasının və diplomatiyasının nəsillərə və əsrlərə örnək olası çoxsaylı parlaq qələbələrindən sadəcə, bir nümunə idi.

Yaxud Azərbaycanın gələcəyinin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilərkən "Azərbaycançılıq" ideologiyasının inkişafı prosesində bizdən tələb olunan təfəkkür tərzi cəmiyyətin ümumi yekdil mənəvi etiqadına çevrilmişdir. Bu böyük dahinin simasında xalq öz birliyini vəhdətini və bölünməzliyini dərk etmiş və gələcəyimizin yeganə inkişaf yoluna çevrilmişdir. Ona görə azərbaycançılıq ideologiyası milli ideya olaraq Azərbaycanın yeni nəslinin mənəvi-əxlaqi və sosiomədəni obrazının əsası olması kimi öz təsdiqini tapdı. Əlbəttə, bu proses davamlı olaraq cəmiyyətin ictimai-siyasi qüvvələri, ziyalılar tərəfindən məqsədyönlü şəkildə aparılmalıdır.

Dahi alman mütəfəkkiri Fridrix Nitşe yazır: "Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır". Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir. Ümummilli Lider Heydər Əliyevin siyasi qətiyyəti onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin ideoloji–siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş strateq olaraq xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Bu anlayışların dialektik təhlil onu deməyə əsas verir ki, şəxsiyyətlərin siyasi təcrübəsində mənəvi keyfiyyətlərində, habelə fəaliyyət miqyasında çox güclü iradə formalaşır.

Ulu Öndər dərindən bilirdi ki, xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri təkmilləşdirərək bir necə dəfə dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. Böyük mütəfəkkir və filosof Mark Avreli haqlı olaraq yazmışdır ki, "hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan mütəfəkkirlərin dövlətçilik fəaliyyətində açıla bilər". Bu mənada, Ulu Öndər Heydər Əliyev də siyasətdə və dövlət idarəçiliyində bütün böyük uğurlara məhz xalqın mənəvi dəstəyi, etimadı sayəsində nail olmuşdur. Həmişə xalqın güçünə arxalanmasına görə Heydər Əliyev müstəqillik illərində də xalqı vahid ideya ətrafında birləşdirən şəxsiyyətə çevrilmiş, cəmiyyətin mənəvi bütövlüyünə nail olmuşdur.

Elmi araşdırma göstərir ki, Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil onun ən çətin və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur. Böyük strateqin 1993–cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışından çox qısa vaxtda Azərbaycanda əldə edilmiş milli birlik ən qiymətli mənəvi–ideoloji sərvət idi. çünki Milli Qurtuluşa nail olmaq da onun xalqla mənəvi birliyinin nəticəsində mümkün olmuşdur. Ulu Öndər bu mərhələdən etibarən ictimai–siyasi sabitliyi tam təmin edərək sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Böyük strateq iqtisadi və hüquqi islahatların paralelliyini təmin etməklə, məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi dövlət qarşılıqlı münasibətlərin qaydaya salınmasının, cəmiyyətdə nizam–intizamın və sabitliyin təmini vasitəsidir. Akademik Ramiz Mehdiyev yazır: "Ulu Öndər Heydər Əliyevin yeni siyasi şəraitdə böyük müdriklik və uzaqgörənliklə ərsəyə gətirdiyi azərbaycançılıq ideologiyası xalqı, cəmiyyəti öz dövləti ətrafında səfərbər edən, birləşdirən saf və sağlam bir ideyadır. Bu ideya dövrün, müstəqilliyin ən çətin və ağır sınaqlarından mətanətlə çıxdı, məkrli hücumlara sinə gərərək, əksinə, daha da möhkəmləndi, mətinləşdi, həm də əbədiləşdi. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" – Ulu Öndərin böyük fəxarətlə dediyi bu sözləri indi hər bir Azərbaycan vətəndaşı iftixarla söyləyir. Bu bir tarixə çevrilmişdir. Ulu Öndər demişdir ki, "dövlətçilik hər bir insanın qəlbində olmalıdır" milli dövlət xalqın əldə etdiyi elə bir nemətdir ki, burada milli dəyərlər xalqın malik olduğu milli özünəməxsusluq, xalqla dövlətin birliyi və himayəsi altında qorunur, dövlətçiliklə millilik birləşmiş olur və inkişaf bu əsasda müəyyənləşdirilir. Ona görə də milli dövlətçilik vətənpərvərlik anlamının və vətən anlayışının düzgün dərk edilməsindən doğur. Ölkənin maraqları şəxsi maraqlardan üstün tutulur. Siyasi lider üçün isə bu proseslərin dönməzliyinin təmin edilməsi xalq qarşısında ən böyük xidmətdir. Bu prosesin davamlılığının təmin edilməsi baxımından isə ziyalı məramının, mövqeyinin zamanında ifadəsi parlaq gələcəyə gedilən yolun hərəkətverici qüvvəsidir. Deməli, milli ədəbiyyatı da, musiqini də, adət-ənənələri də, dini dəyərləri də qoruyub saxlayan, bütöv, sağlam bir orqanizm kimi yaşadan milli dövlət qurmaq və dövlətçilik ənənələrini bərpa etmək həm ziyalılığın, həm də siyasətin ən ali amalı olmalıdır. Fikrimcə, Azərbaycan reallıqlarında bu irs və varislik prinsipinə söykənir və daha zəruri məsələyə çevrilir. çünki biz bütöv zəngin bir tarixin müasirliklə əlaqəsini və bağlılığının elmi əsaslarını müəyyənləşdirmək kimi tarixi vəzifəni həyata keçirməli olmuşuq. Burada vətəndaşların rolu əhəmiyyətlidir və cəmiyyətdə vətəndaş özünü dövlətin bir hissəsi hesab etdiyi halda dövlətçilik strategiyasında vahid ideyanın formalaşması prosesinin aydın dərk edilməsi mümkün olur. Bunlar isə öz mükəmməlliyini azərbaycançılıq ideologiyasının dərk edilməsində və onun düzgün təbliğində tapır. Doğrudur, ideyalar haqqında ayrıca elm sahəsi mövcud olmasa da XIX əsrin əvvəlində fransız mütəfəkkiri A.L.Destüt de Trasi ilk dəfə ideologiya anlayışını elmə gətirmiş, onu insanlarda ideyaların yaranması və onun ümumi qanunlarını öyrənən elm kimi səciyyələndirmişdi. Onun cəmiyyətin inkişafında və dövlətçiliyin formalaşdırılmasındakı rolunu önə çəkir.

Bunlarla bağlı şərhlər etməyə bizim daha çox haqqımız vardır ona görə ki, XX əsrin əvvəllərində Şərq aləmində dövlətçilik ideyalarının bəşəri prinsiplərə əsaslanan xüsusi bir axını Azərbaycandan başladı. Bu dövr siyasi varisliyin prinsipləri əsasında milli ideya və milli kimlik siyasi düşüncəsini dövlətçilikdə tətbiq edən demokratiya və dünyəviliyin harmoniyasında bütün dünyaya unikal bir dövlətçilik modeli təqdim edildi. Bu isə SSRİ dövründə də Azərbaycan dövlətçilik tarixinin özünəməxsusluğunu sübut etdi. Bu proseslərə Azərbaycan siyasi elmində ardıcıl olaraq irs və varislik əlaqələrinin sıx bağlılığı kontekstində yanaşılmalıdır. Şərq mütəfəkkirlərinə görə: "Əgər hara getdiyini bilmirsənsə, o zaman heç bir səmt küləyi sənə kömək edə bilməz". Bu deyimin doğruluğunu XX əsin 90-cı illərində Azərbaycanın düşdüyü vəziyyət çox gözəl ifadə edir. Yəni ideyanı xalqın ictimai fəallığı, tarixi dövlətçilik ənənələri ilə bağlayaraq, hara getməyi aydın hədəflərlə müəyyən edən lider ideyaların gerçəkləşdirilməsində əvəzsiz rola malikdir. Aydındır ki, dövlətçiliyin ağır məqamlarında insanları vahid məqsəd uğrunda birləşdirən ideyalara böyük ehtiyac duyulur. Odur ki, Heydər Əliyev milli ideyanı tarixin verdiyi çox qısa və çətin zamanda milli varlığın təcəssümünə çevirməyə nail oldu. Akademik Ramiz Mehdiyev həmin tarixi şəraiti şərh edərkən "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" adlı məqaləsində yazır: " Proseslərin gedişi təkidlə tələb edirdi ki, Azərbaycanı parçalanmaq təhlükəsindən yalnız, sözün həqiqi mənasında, həm Azərbaycan millətinə xas olan mühüm dəyərlərin müəyyən toplusunun təcəssümü rolunda, həm də qeyri-standart siyasi qərarların güclü və iradəli mənbəyi rolunda çıxış etməyə qadir olan şəxsiyyət- Böyük dövlət xadimi xilas edə bilər." Ümummilli Lider Heydər Əliyevin timsalında bu cahanşümul məqsədlər müstəqil Azərbaycanda reallığa çevrildi, irəli sürdüyü ideoloji konsepsiyanın tarixi ənənələrdən başlanğıc götürərək zəngin dövlətçilik irsinin ihkişaf strategiyasına tərbiq olunması çox mühüm əhəmiyyət daşıyırdı. Buna əsaslanaraq irs və varislik prinsipi də zaman kontekstində önə çəkilməlidir. Məsələn, 27 may 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki uzun tarixə planlaşdırılmış strategiyanın möhkəm əsaslara malik olmasını inamla belə ifadə edirdi: "Biz düz yolla - Demokratiya, Həqiqət, Müstəqillik yolu ilə gedirik. İnanın ki, tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır. Gələçək nəsillər bizim etdiyimiz işlərin bəhrəsini görəçəkdir".

2001-ci il oktyabrın 17-də - Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 10-cu ildönümünə həsr edilmiş yubiley toplantısında isə demişdir: "Biz Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin varisiyik. Onların işinin davamçısıyıq - ancaq yeni şəraitdə, yeni zamanda. Bu müstəqillik Azərbaycan xalqının istiqlal arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bu günkü nəsillər tərəfindən ucaldılmış böyük bir abidədir. Əgər Xalq Cümhuriyyəti 1920-ci ildə, o vaxtkı tarixi şəraitdə yaşaya bilmədisə, Azərbaycan müstəqil dövlət olaraq yaşayacaq və müstəqilliyimiz əbədi olacaq". Fikri ilə varislik prinsipinin dövlət idarəciliyində önəmli amil olması baxımından təkcə 1998-ci ildə AXC-nə dair 4 sərəncam imzaladı. (AXC 80 illiyinin keçirilməsi haqqında 30 yanvar 1998-ci il tarixli Sərəncam,) əsərlərin nəşr edilməsi haqqında 22 fevral 1998-ci il tarixli Sərəncam, AXC-nin 80 illik yubileyinə həsr edilmiş ümumrespublika mərasiminin keçirilməsi haqqında 24 may 1998-ci il tarixli Sərəncam, AXC Parlamentinin 80 illiyi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı 11 dekabr 1998-ci il tarixli qərarı,) 01 fevral 2003-cü il tarixdə isə AXC-nə abidə ucaldılması haqqında Prezident Heydər Əliyev sərəncam verdi. Bütün bunlar Heydər Əliyevin dövlət idarəciliyi sistemində siyası varisliyin praktik baxımdan xüsusi bir modelinin formalaşdırması kimi qiymətləndirilməlidir. Məsələn belə bir müqayisəli təhlil aparmaq yerinə düşür. Əgər ücrəngli bayrağın yaradılması ilə AXC-i milli-mənəvi mənsubiyyətimizi ideya kimi ortaya qoydusa, Ulu Öndər Heydər Əliyev bu əsaslara söykənən azərbaycancılıq ideologiyasını zamanında dövlətin sarsılmaz idealına çevirdi. Əgər M.Ə.Rəsulzadə son nəfəsində Azərbaycan, Azərbaycan, Azərbaycan deyərək müstəqillik fədaisi kim dünyanı tərk etdisə, Ulu Öndər Heydər Əliyev "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı ilə bütün dünya azərbaycanlılarının qürur mənbəyi kimi özünəməxsus azərbaycanlı obrazı ilə mlyonların mütəşəkkilliyini yaratdı, Azərbaycan şeirini özünəməxsus ifa tərzi ilə səsləndirərək kicikdən böyüyə qədər hamıda vətən sevgisi yaratdı. AXC-nin devizi kimi əgər "Bir kərə yüksələn bayraq, bir daha enməz" fikri uzaq gələcəyimizə nikbin baxışlar yaradırdısa, Ulu Öndər Heydər Əliyev "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır" ifadəsi ilə dövlətçilik ruhunun formalaşması yolunda hamımızda siyasi iradə və vətənpərvərliyin mütəşəkkilliyini yaratdı.

Ona görə də Azərbaycan dövlətçiliyi ifadəsi xatırlanarkən dövlətçiliyimizin tarixi sınaqları və bu sınaqlarda əfsanəvi bir şəxsiyyətin vətəninə, xalqına sevgisi haqlı olaraq çoxlarımızı düşündürür, fikirlər söyləməyə, əsərlər yazmağa sövq edir. Bu o, böyük şəxsiyyətdir ki, onun siyasi iradəsi hamımızı bir araya gətirdi, milli məsələlərdəki məsuliyyətin dərk olunmasını qarşımıza qoydu. Fikrimizcə, bu özü əbədiyaşarlığın mahiyyətini ifadə edən amildir.

Təhlil göstərir ki, bu addımlarla dahi siyasi xadim həm də Azərbaycanı çətin siyasi durumdan müasir demokratik, sivil, Qərb siyasi modelinə əsaslanan bir ölkəyə çevirməsi onun hər an milli maraqlarımızın yorulmaz müdafiəcisi olmasının elmi əsaslarını təsdiq edir. Bu baxımdan Azərbaycanın 1993 cü ilədək regionda düşdüyü çətin siyasi durum zamanı dahi siyasi xadimin milli maraqlarımızın müdafiəsi uğrunda qonşu dövlətlərlə apardığı çətin siyasi mübarizəyə diqqət etməyə ehtiyac duyulur. Bu gün biz, 1994-cü il 20 sentyabrda "Əsrin müqaviləsi"nin imzalanması ilə böyük bir strategiyanın əsasının qoyulduğunu yazırıq, deyirik. Lakin bu prosesin reallaşması uğrunda Heydər Əliyev nə qədər çətin anlar yaşamışdır. Bu bir yana imzalanmadan sonra isə regionda qonşu dövlətlər Azərbaycanın dayaqlarının sarsıdılmasına yönələn əsassız, hüquqa zidd addımlarla həlli çətin vəziyyətə düşmüş problemlər meydana çıxardılar. Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu tarixi sınaq qarşısında Ulu Öndər Heydər Əliyevin məğrurluğundan, iradəsindən, uzaqgörənliyindən uzun əsrlər danışılacaq, yazılacaqdır. Gərgin siyasi vəziyyətdə neft müqavilələrinin imzalanması ilə dahi siyasi xadim əvvəldən qarşıya çıxacaq bütün maneələrə hazır olan bir diplomatik cəbhə yaratdı.

Beləliklə də, hakimiyyətə gəlişinin ilk vaxtlarından dahi siyasi xadim xalqla siyasi lider arasında harmoniyanı yaratmaqla dövlətə və dövlətçiliyə inamı bərpa edərək xalqdan böyük dəstək qazanmağa nail olaraq növbəti mərhələ üçün yarana biləçək bütün maneələri aradan qaldırdı. Növbəti mərhələdə isə atılan addımlarla Azərbaycanı çətin siyasi durumdan müasir demokratik, sivil, Qərb siyasi modelinə əsaslanan bir ölkəyə çevirmək üçün strateji xətt müəyyənləşdirdi və qısa zaman kəsiyində milli maraqlarımızı yorulmadan müdafiə edərək böyük bir strategiyanın əsasını qoydu. Bu siyasətin tərkib hissəsi olaraq dünyanı Xəzər bölgəsinə gətirməklə bir yandan Azərbaycan öz sərvətlərinə, öz tarixi suveren hüquqlarına sahib çıxdı, digər tərəfdən isə dünya dövlətlərinin iqtisadi imkanlarından istifadə edərək güclü dövlət qurmaq yolunda yaranmış tarixi şəraitdən məharətlə istifadə etdi ABŞ başda olmaqla dünyanın aparıcı şirkətlərinin atdığı imzalarla rəsmiləşən qlobal əhəmiyyətli layihə və müqavilələrlə Azərbaycanın təhlikəsizliyinə bilavasitə təminat almış oldu. Bu mərhələdə Heydər Əliyevin siyasi iradəsi xarici kapitalı Azərbaycanın geosiyasi təhlükəsizliyi üçün başlıca qaranta çevirə bildi.

Növbəti mərhələni- (1995-ci ildən sonra) güclü dövlətçilik strategiyasında Heydər Əliyevin siyasi baxışlarının inikası və dövlət quruculuğunun strateji hədəflərinin möhkəmləndirilməsi kimi qiymətləndirmək mümkündür. Bu mərhəlni dövlət quruculuğu və demokratik islahatların gerçəkləşməsi prosesi kimi səciyyələndirmək də olar. Ölkədə inzibati hakimiyyətin proseslərə tam nəzarəti əsaslı islahatların həyata keçirilməsi bu strategiyanın əsas xəttini təşkil edirdi. Heydər Əliyev həm də sübut etdi ki, demokratiya ancaq güclü hakimiyyətin iradəsi hesabına mövcud ola bilər. Odur ki, Qərb standartlarını tətbiq etdi və həmin standartların milli mentalitetlə vəhdətini yaratdı. Müasir siyasi nəzəriyyələrdə isə bu prinsip prioritet kimi qəbul edilir və sivil ölkələrədəki təcrübələr göstərir ki, demokratiyanı güclü hakimiyyət və milli mentalitetdən kənarda təsəvvür etmək mümkün deyildir. Bu mərhələdə həm də Azərbaycanda yaşayan hər bir xalqın milli mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi kimi siyasi məsələ deyərdim ki, çox dəqiq və zamanında həll edildi. Onlara yaxşı şərait yaratmaqla yanaşı bütöv xalqı vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Bu isə ölkədə sabitlik yaratmağın çox mühüm amili oldu. Həmin tarixi şəraitdə ümummilli lider milli ideologiyamıza olan zərurəti və onun əhəmiyyətini öz tarixi nitqi ilə belə ifadə edirdi: "Azərbaycanın suverenliyi, bütövlüyü və bölünməzliyi, ölkəmizin bütün vətəndaşlarının mənsub olduğu azərbaycan xalqı, azərbaycançılıq, ölkəmizin dövlət dili olan azərbaycan dili, xalqımızın tarix boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli-əxlaqi mentaliteti, ümumbəşəri dəyərlər və bütün bu dəyərlərin sintezi respublikamızın ilk demokratik konstitusiyası, bu konstitusiyada hər bir vətəndaş üçün vəzifələr və hüquqlar, Azərbaycanın milli bayrağı, gerbi, himni – bütün bunlar mənim fikrimcə müstəqil Azərbaycanın milli idelogiyasının əsasını təşkil edən prinsiplərdir". Bu ardıcıllığın praktik baxımından həyatımıza tətbiqi Azərbaycanı müasir demokratik, sivil yol tutmuş ölkə kimi qısa vaxtda dünyaya tanıtdı. İnkişafın Azərbaycan yolu deyilən bir model meydana çıxdı. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikasının Konstitusiyasi qəbul edildi. Hesab edirik ki, bu strateji xətt ümummilli liderin siyasi fəaliyyətinin bu mərhələdəki ən böyük tarixi uğurlarından oldu. Bu siyasi iradə neft strategiyasının sonrakı mərhələlərdə uğurlu nəticələrin həyata keçirilməsini təmin etdi. Azərbaycan Cənubi Qafqaz regionunda həyata keçirilən enerji və digər layihələrin reallaşdırılmasında avanqard rolunu oynayan ölkə olaraq geosiyasi proseslərin məcrasını dəyişdi. Hesab edirik ki, öz qlobal əhəmiyyətinə görə bu mövzü Azərbaycanın siyasi həyatının yüz illərlə aktual mövzusu olaraq qalacaqdır.

Xarici ölkələrə səfərləri zamanı isə həmişə vaxt taparaq bu ölkələrdə yaşayan soydaşlarımızla görüşmüş, onlarla çox mövzularda, xüsisilə də Azərbaycanın milli maraqlarının qorunması, Azərbaycanı dünyada fəal təbliğ etmələri, xaricdəki azərbaycanlıların milli-mənəvi birliyi istiqamətdə güclü iş aparılması barədə söhbətlər aparmışdır. Həmin proseslərin nəticəsində də azərbaycançılıq ideologiyasının dünya azərbaycanlıları tərəfindən milli ideologiya kimi qəbul edilməsi və vahid azərbaycan milləti ideyasının dərk olunması öz təsdiqini tapmışdır. Nəticədə 2001-ci ildə Azərbaycanda Dünya Azərbaycanlılarının I qurultayı keçirilmiş və bu möhtəşəm tədbir Dünya Azərbaycanlilarının vahid milli ideya – Azərbaycançılıq ətrafında sıx birləşməsində, milli maraqlar naminə həmrəy olmasında çox böyük əhəmiyyət daşımış və davamlı xarakter almışdır. Hələ Naxcıvan Muxtar respublikasında Ali Məclisin dədi olarkən bu ideyanı reallşdırmış, hər il dekabrın 31-i dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul edilmişdir.

Ötən əsrin 90-cı illərində dünyadakı geosiyasi konsepsiyalar ətrafinda fikirlər söyləyərkən Z.Bzejinski, S.Hantinqton, H.Kissincer, F.Fukuyama və digər nəzəriyyəcilər yeni yaranmış dövlətlərin bəzilərinin ifrat liberalizm, ifrat konservatizm xəttini secməsini əsaslandırarkən dahi siyasi xadim Heydər Əliyevin dövlətçiliyin qurulmasında siyasətin elmi əsaslarını daha düşünülmüş model əsasında müəyyənləşdirdiyini və bunun da milli dövlətçiliyin sosial-mədəni təkamülünün özəlliklərinə üyğun sintezinin yaradılmasına nail olmasını təhlil etmişlər. Bu xətt özünün sistemli ifadəsini milli ideologiyanın formalaşmasında və üzun tarixi dövrə planlaşdırılmış strateji hədəflərin müəyyən olunmasında tapdı. Həmin kurs geniş və əhatəli ideya strukturuna malikdir ki, biz onun dərindən öyrənilməsini məntiqə söykənən fundamental tədqiqatlar vasitəsi ilə həyata keçirməliyik.

Ulu Öndər Heydər Əliyev xalqı, milləti və Vətəni qarşısında o qədər böyük işlər görmüşdür ki, müstəqil dövlətimizdə yaradılmış möhkəm sabitlik, əmin-amanlıq, inkişaf və tərəqqi haqqında düşünərkən irs və varislik əlaqələrinin vəhdətinə və bilavasitə onların birliyinin bu strategiyanın dayanıqlığına əsas olmasını məncə önə çəkmək vacibdir. Ümumiyyətlə, Heydər Əliyev Azərbaycan dövlətçilik tarixində irs və varisliyin vəhdətini yaradan və bu vəhdəti əsaslı olaraq güclü dövlətçilik naminə cəmiyyətə tətbiq edə bilən siyasi liderdir. Heydər Əliyevin irəli sürdüyü dövlətçilik konsepsiyasının əsaslarını öyrənərkən bir daha aydın olur ki, bu strategiya ümümmilli inkişafın, bəşəri dəyərlərdə Azərbaycan yolunun özünəməxsusluğunu tamlıqla özündə birləşdirir. Gələcəyə baxışda ideoloji xətti müəyyənləşdir. Ulu Öndər belə bir kəlamı əsas gətirirdi ki, "keçmişi öyrənərək, dərindən təhlil edərək gələcəyi müəyyənləşdirmək mümkündür". Bununla da dövlətçilik irsimizin fundamental əsalarını müasir Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasına çevirdi və 2003-cü ilin prezident seçkilərindən sonra ölkəmizin həyatındakı mütərəqqi meyillərin daha da inkişaf etməsi, demokratikləşmə prosesinin daha intensiv xarakter alması bir daha hamımıza aydın etdi ki, Azərbaycan özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq demokratik transformasiya və sivilizasiyalı birliyə inteqrasiya yoluna möhkəm və həmişəlik qədəm qoymuşdur. Ona görə də bəşəriyyətdə baş verən istənilən siyasi prosesdə ölkəmiz qloballaşan dünyanın çağırışlarına cavab verir. Bax, bu davamlılıq Heydər Əliyevin zəngin irsini dövlətçiliyimizə tətbiq edərkən müasirliklə möhkəm vəhdətinin yaradılmasını aydın göstərir.

Ulu Öndər Heydər Əliyev milli mənəvi dəyərlərimizi hər birimizin qürur mənbəyi hesab edərək həm də onları özünə məxsusluğumuzun mühüm amili hesab etməklə hər bir vətəndaşın həyat amalına çevirmişdir. Doğrudan da, tarix boyu nə qədər yanlış ideologiyalar, qondarma adətlər, başqa xalqların xüsusiyyərlərindən doğan yad vərdişlər həyatımızada cərəyan etsə də xalqımız milli özünəməxsusluğunu saxlamışdır. Bu bir tərəfdən dəyərlərimizin dərin köklərə gedib çıxmasını, min illərlə yaddaşlarımıza hopmasını və xalqımızın xarakterinin möhkəmliyini ifadə etsə də digər tərəfdən XX əsrin sonunda çətin tarixi sınaq qarşısında xalqımızın öz müdrik, möhkəm iradəyə malik siyasi liderinin simasında bəşəriyyətdə yeni inkişafa qədəm qoyması ilə sıx bağlı oldu. Beləliklə də, xalqımızın zəkasından gələn özünəməxsusluq ali dəyərlərimizlə bizim digər xalqlardan fərqlənməyimizi məhz Ulu Öndər Heydər Əliyev öz qüdrəti sayəsində bütün bəşəriyyətə çatdırdı. Biz ziyalılar da bu özünəməxsusluğun fövqündə dayanarkən irs və varislik ideyasına düzgün yanaşmalıyıq, gənc nəslə bu məsələnin mahiyyətini düzgün çatdırmalıyıq. Burada alimlərin əməyinə böyük ehtiyac var.

Məlumdur ki, varislik prinsipindən irəli gələn vəzifələri dövlətin strateji xətti kimi Prezident İlham Əliyev mərhələlərlə xüsusi proqramlar cərcivəsində qarşıya qoyulmuşdur. Bunları əhatə edən islahatlar həyata keçirildi, azərbaycancılıq ideya kimi milli birliyin harmoniyasında müəyyən mərhələyə qədəm qoydu, gələcəyə baxış bir hədəf olaraq öz komponentlərinin geniş əhatəsini tapdı. Belə vəziyyətdə məhz elmi ictimaiyyatın qarşısında duran vəzifələr mahiyyət etibarı ilə onu göstərdi ki. Heydər Əliyevin dövlətçilik strategiyası haqqında düşünərkən bu irsin öyrənilməsi, praktitki baxımdan səmərələliyi hələ ideya həyata keçiriləndən başlamışdır. Yəni dahi siyasi xadim həyata keçirdiyi hər bir konsepsiyanın gələcəyini əvvəldən görmüşdür və hec biri də mənfi təsirə malik deyildir. Ona görə də bu prosesin elmi cəhətdən əsaslarının tətbiqi üçün intellektual, təhlil qabiliyyətli mütəxəssislərə zərurət həmişə olacaqdır. Bu gün çoxsaylı təşkilatlarda yaradılmış mərkəzlərin, yaxud məktəblərin fəaliyyətində bu strategiyadan başlanğıc götürmüş hədəflərin düzgün müəyyənləşməsi istiqamətində elmi potensialın intellektinə zərurət vardır. 2015-ci ilin payızında Prezident İlham Əliyev AMEA nın 70 illiyinə həsr edilmiş ümumi yığıncaqda çıxış edərkən Azərbaycanın hərtərəfli inkişafının davamlı olması üçün elmin güçünə xüsusi diqqət yetirdi. Elmi potensialın ölkəmizin gələcəyində yeganə meyar olmasını konkret faktlarla əsaslandırdı. Azərbaycan özünün istər iqtisadi, istərsə də siyasi modelini dünya miqyasında ortaya qoyması ilə elmi ictimaiyyatın dəstəyini günümüzin tələbatına çevirmişdir. Məsələn sistemli şəkildə hayata keçirilən addımlarla Azərbaycan dünyaya son illər göstərmişdir ki, terrorizmə münasibət, narkotik və nəzarətsiz zonalardakı vəziyyətin bəşəriyyətə vurduğu zərbələrin, işgalçılıq, ikili standartlar bir tərəfdən dünyadakı siyasi vəziyyəti gərginləşdirir o, biri tərəfdən xalqlar arasındakı qarşılıqlı anlaşmaya, dini dözümlülüyə, qurulacaq sivil münasibətlərə zərbə vurur. Əlbəttə ki, belə vəziyyətlə dünyada sülhə nail olmaq mümkün deyildir. Bunları əsas tutaraq Azərbaycan son illər beynəlxalq tədbirlərə ev sahibliyi edərək bəşəriyyətə bir cağırış etməkdədir. Bu baxımdan prezident İlham Əliyev demişdir: "Azərbaycanda son illər keçirilən mühüm tədbirlər- Bakı Hümanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu artıq Azərbaycanı dünyada multukulturalızmin mərkəzi kimi təqdim edibdir. Multukulturalizm Azərbaycanda dövlət siyasətidir, eyni zamanda ictimai sifarişdir. çünki bu bizim həyat tərzimizdir. Halbuki biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Bəzi siyasi liderlər də çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu yanlış və təhlükəli fikirlərdir. Nədir alternativ- ksenifobiya, diskriminasiya, ayrı-seçkili, irqçilik. Azərbaycan bu sahədə öz modelini ortaya qoyur. Azərbaycan alimləri bu sahədə daha fəal ola bilərlər. Azərbaycanda multukulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət siyasəti əsasında azərbaycan və xarici dillərdə böyük əsərlər yarada bilərlər. Bu isə bizim üçün çox faydalı olacaqdır"

Elə buna görə də Fəlsəfə və Hüquq İnstitutunda Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ edilməsi ölkə başcısının yeni tələblərə və cağırışlara əsasən qarşıya qoyduğu addımlar əsasında qurulmuşdur.

Deməliyəm ki, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda son illər bu istiqamətdə xeyli iş aparılmış və dövlətçiliyimizin inkişafının zaman kontekstindəki çağırışlarına institutun elmi potensialı aktiv olaraq cavab vermişdir. Professor İlham Məmmədzadə görülən işləri şərh edərək yazır: "İnstitut əməkdaşları son bir ildə nüfuzlu beynəlxalq konfranslarda iştirak etməklə və yüksək reytinqli elmi jurnallarda dərc olunmaqla dünya elmi mərkəzləri və akademiyalarla qarşılıqlı əlaqələr yaratmışlar. Eyni zamanda, biz öz elmi prioritetlərimizi də müəyyənləşdirərək Heydər Əliyevin inkişaf strategiyasındakı qarşıya qoyulan problemlərə əhatəli elmi təhlillərlə yanaşırıq. Onlardan birincisi, fənlərarası metodologiyanın və fəlsəfə tarixinin inkişafı, ikincisi, modernləşmə modelinin, azərbaycançılıq ideologiyası və informasiya cəmiyyətinin dəyərlərinin öyrənilməsinə və yayılmasına sosial fəlsəfənin, sosiologiyanın, siyasi sosiologiyanın, eləcə də hüquq elminin cəlb edilməsi, üçüncüsü, mənəvi, vətənpərvər və estetik tərbiyə məsələləri ilə məşğul olmaq üçün tətbiqi etika və estetikanın əsaslarının qoyulması olmuşdur. Bu məsələlərin həllinə hüquq elmini cəlb etməklə biz onun imkanlarını genişləndirmiş, Heydər Əliyev irsinin əsaslarını elmi tədqiqata cəlb etmək üçün Ulu Öndərin adını daşıyan məktəb yaradılmışdır. Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin dəstəyilə REA-nın Fəlsəfə İnstitutu ilə birgə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı əlaqəsi" mövzusunda keçirilmiş konfrans Rusiya elmi ictimaiyyətində böyük əks-səda doğurmuşdur. Konfransda edilən çıxışlar əsasında artıq eyni adda konfrans materialları işıq üzü görmüşdür. Rusiya tərəfinin həmin konfransı ənənəvi olaraq hər il keçirilməsi təklifi məmnuniyyətlə qəbul edilmiş və ölkəmizdə bu irsin öyrənilməsinə yönəlmiş elmi kütləvi tədbirlərin keçirilməsinə təşkilatcılıq edilmişdir. Bunlar Azərbaycan və Rusiyanın çoxsaylı elmi-ictimaiyyatına olan təsiri böyükdür və ideoloji baxımdan da səmərəli əhəmiyyət kəsb edir".

Yeri gəlmişkən qeyd edim ki, Fəlsəfə və Hüquq İnstitutunun "Heydər Əliyev məktəbi"nin də Azərbaycanın dövlət siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsini qarşıya qoyaraq Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin həm tədqiq həm də təbliğini bu proseslərin tərkib hissəsi kimi öyrənməyi qarşıya qoyur. Bu sahədə necə illərdir ki, institutumuzda fündamental işlər gedir. Biz calışmalıyıq ki, öz əməli işlərimizlə indi bu irsdən irəli gələn vəzifələri düzgün qiymətləndirək, gənc nəsilin gələçək həyat amalına çevirək.

Bütün xəbərlər Facebook səhifəmizdə