Vəli VƏLİYEV
Gürcüstanda “xarici agentlər haqqında” qanun müzakirə olunanda Qərbdə çaxnaşma düşdü. Bəyanatlar ard-arda düzüldü, prosesin dərhal dayandırılması barədə Vaşinqtondan və Brüsseldən əmrlər gəldi. Nə baş verdiyini, xüsusən də Qərbin açıq mətnlərlə tələbi ilk əvvəl anlaşılmadı. Niyə bir dövlət digər dövlətin qanunverici orqanından nəyin necə yazılmasını istəsin? Gürcüstana bu günə qədər verilən bütün dəstəyin dərhal dayandırılması isə qərb qonşumuzla Qərbin bu günə qədər hansı işbirliyində olduğunu faş etdi. Bu, həm də Gürcüstanda hər gün göbələk kimi çoxalan qeyri-hökumət təşkilatlarının və medianın fəaliyyətləri üzərindəki pərdə götürdü. Onların kimliyi üzə çıxdı, onların qeyri-hökumət yox, qeyri-Gürcüstan olduğuna şübhə yeri qalmadı. Vaşinqtondan və Brüsseldən gələn birgə və bircə əmrlə Gürcüstan QHT-ləri və Qərbdən maliyyələşən media orqanlarının əməkdaşları ayağa qalxıb küçə və meydanları tutdular. O da məlum oldu ki, bu ölkənin Fransada yetişmiş prezidenti də “xarici agentlər”lə bir səngərdədir. Bir sözlə, bircə tərpənişlə Gürcüstan ikiyə bölündü, cəmiyyətin ən aktiv hissəsi – QHT-lər və media hökumətə “buynuz çıxartdı”.
Bu hadisəni Gürcüstanda baş verməsinə baxmayın, Qərbin şirnikləndirdiyi bütün ölkələrdə vəziyyət belədir. Yəni söhbət bəzi QHT və mediadan gedir. Rusiya bir az “əlli” tərpənib “xarici agentlər haqqında” qanunu bir xeyli müddət əvvəl qəbul edə bilmişdi. Düzdür, Qərb Rusiyaya da təzyiq etmək istədi, amma bu, bəyanatdan uzağa gedə bilmədi. Bəs, “xarici agentlər” kimdir, onlar hakimiyyətə qarşı niyə təhlükə yaratsınlar? Bəli, əsas məsələ də budur. Başqa bir sual, məgər, Gürcüstanda dövlətin xaricdən maliyyələşən QHT və medianın fəaliyyətindən xəbəri yox idi? Əlbəttə, var idi, amma Avropa ailəsinə qoşulmaq iştahası gürcü dövlətininin bəsirət gözünü bağlamışdı. Ukrayna və Moldovanın Aİ-yə namizəd üzv olması, Gürcüstanın isə “ofsayt”da saxlanması səbəbi bəlli olunca olanlar oldu. Sən demə, Qərb Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhənin açılmasını tələb edib. “Yox” cavabı alınca Gürcüstanın çoxdan intizarında olduğu Avropaya “çıxışına” “stop” qoyulub.
Yenə qayıdaq sualımızın cavabına, “xarici agentlər” xaricdən dəstək alan və ya "xarici təsir" altında olan şəxslərə verilən statusdur. Anlayış 2012-ci ildə "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərin qəbulundan sonra ortaya çıxıb. Adından da görünür, xaricdən aldıqları maliyyə qarşılığında sifarişçilərə “işləyənlər” belə adlanır. Xaricdən QHT və yaxud media maliyyələşirsə, üstəlik yalnız onların sifarişini yerinə yetirirsə, beynəlxalq təşkilatlar da hesabatlarını həmin QHT və medianın məlumatlarından formalaşdırırsa, onda bunların adı daha dəqiq nə olur? Əlbəttə, xarici agent, casus, şpion. Bəs onlara qarşı cinayət məcəlləsində hansı cəzalar nəzərdə tutulub? Sovetlərin dönəmində belələri birbaşa “dövlətə xəyanət” damğası ilə içəri atılırdı. Məsələnin həllinə başqa bir tərəfdən baxaq. Əgər Azərbaycan dövləti alman, fransız, niderland, ingilis, yaxud amerikalı media əməkdaşı və QHT-si ilə eyni əməkdaşlığı etsəydi, nə baş verərdi? Yanlış cavab budur ki, bu əməkdaşlığa loyal yanaşardılar. Doğru cavab isə, həmin QHT və median dərdəst edib gedər-gəlməzə yola salardılar.
Bu gün Azərbaycanda konkret cinayət əməllərində şübhəli bilinərək istintaqa cəlb edilən “media əməkdaşları” var. Qeyd edək ki, onlara qarşı heç bir məhkəmə hokum çıxarılmayıb. Həmin “jurnalist”lərin sahibləri isə “stəkanda fırtına” törətməklə məşğuldurlar. Onların narahatlıqlarını da başa düşmək olar, çünki ifşa olunacaqlarından qorxurlar. Başqa bir ölkənin daxili işlərinə burunlarını soxduqları üçün təşvişə düşüblər, üstəlik də həmin “jurnalistər” ağalarının bütün planlarını, Azərbaycanda yaratdıqları şəbəkəni istintaqa söyləyə bilərlər.
Qərbin imperialist dairələri, müstəmləkəçilik azarına tutulmuşları əmr verməyə, tələb etməyə, istədikləri yerdə “at koşdurmağa” öyrəniblər. Azərbaycanla bağlı planlarında “dağa dirənmə” onların məqsədinə heç munasib deyil. Amma yenə cəhd edirlər, yenilərini ələ almağa çalışırlar. Xüsusən də təcrübəsiz gənclərdən istifadə edirlər. Xaricdə oxumaq istəyən, amma maliyyə imkanları məhdud olan savadlı gəncləri “verbovka” edərək onları potensial cinayətkara çevirirlər. Onlar sabahın “5-ci kolonu”, xarici agenti kimi yetişdirilir.
AŞPA-dakı bəzi deputatlar “ipə-sapa yatmayan” Azərbaycanı ram etmək üçün ölkəmizə qarşı əsl cəbhə yaradıblar. Bir tərəfdən Fransa düşmənimiz Ermənistanı yeni müharibəyə haqırlayır, onu silahlandırır, milyardlarla maliyyə vəsaiti ayırır, digər bir yandan Avropa institutlarında ölkəmizə qarşı bloklanırlar, nümayəndələrimizin fəaliyyətini əngəlləyirlər, bizimlə ultimatum dilində danışırlar, bu da azmış kimi ölkə QHT və mediasındakı agentlərini işə salaraq ölkəmizin nüfuzuna ləkə vurmaq istəyirlər. Təsadüfi deyil ki, həmin mərkəzlər Azərbaycanda noyabr ayında keçiriləcək beynəlxalq tədbirə – COP29-a hazırlaşırlar. Həm də açıq şəkildə bildirirlər ki, COP29-un Azərbaycanda keçirilməsini qəbul etmək istəmirlər. Bunun üçün fəallaşıblar, xarici və daxili rıçaqlarını aktivləşdiriblər.
Amma unudurlar ki, 2020-ci ildə misli görünməmiş qəhrəmanlıq nümayiş etdirərək torpaqlarını mənfur düşməndən, erməni vandallarından azad edən, ədaləti bərpa edən, bu gün isə ermənilərin viran qoyduqları əzəli və əbədi torpaqlarımızda quruculuqla məşğul olan, hər keçən gün dostlarının və məsləkdaşlarının sayını artıran Azərbaycan bu sınaqdan da üzü ağ çıxacaq, qalibiyyət estafetini əldən verməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə