Türkiyədə fevralın 6-da baş verən zəlzələdə həlak olan tələbələrimizdən biri-Gəncə şəhərindən olan Şahin Vəliyev haqqında dünən oxuduğum bir xəbər, sözün həqiqi mənasında, ürəyimi çox göynəltdi. Göz yaşlarımı saxlaya bilmədim. Sonra bu həssas duyğularımın yerini qəzəb dolu hislər əvəzlədi. Başladım öz-özümə danışmağa: necə olub ki, indiyə qədər bu ailəyə bir ev çox görülüb?
İkinci Vətən Müharibəsindən iki ildən artıq zaman keçir. 2020-ci il oktyabr ayının 17-də ermənilərin Gəncəyə atdığı raket onlarla gəncəli kimi, Vəliyevlər ailəsinin də evini dağıtmışdı. Lakin o vaxt müharibə bölgəsindən çox uzaqlarda yerləşən ərazilərimizə ermənilərin tez-tez raket zərbələri nəticəsində evləri, həyətləri, əkin sahələri dağılan soydaşlarımız kimi, gəncəlilər də bütün bunları düşmənin nadanlığı, vəhşiliyi kimi qarşılayıb, müharibə gedən ölkədə bunları təbii hesab etmişdilər. Dağılan, tar-mar olan evləri, həyətləri, əkin sahələri üçün alınlarını belə qırışdırmayan bu insanlar “Ta ki Vətən sağ olsun, torpaqlarımız geri qaytarılsın, ərazi bütövlüyümüz bərpa olunsun”,- demişdilər. Çünki onlar çox yaxşı bilirdilər və dəfələrlə də görmüşdülər ki, ölkəmizin rəhbəri bu cür hadisələr nəticəsində evlərini itirən insanların hər birinin evini əvvəlkindən də gözəl vəziyyətdə onlara qaytarıb.
Dünən Şahin Vəliyevin evinin iki ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də verilməməsi, onların kirayədə yaşaması, Şahinin evi olmaması səbəbindən tətillərdə Gəncəyə gəlməməsi, Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən onların kirayə pulunun ödənilməsi xəbərini oxuyanda, belə qənaətə gəldim ki, bəzi icra hakimiyyətləri hələ də vəzifələrinin öhdəsindən yetərincə gələ bilmirlər. Belə çıxır ki, ölkədə bütün şəhid ailələrinin, evlərini müharibədə itirmiş insanların evlə təminatını tək ölkəmizin başçısı diqqətdə saxlamalıdır? Bəs yerlərdəki icra hakimiyyətləri və digər aid qurumların vəzifəsi nədən ibarətdir. Yəni onların evini müharibə səbəbindən itirmiş vətəndaşı evlə təmin etməsi üçün iki ildən də artıq zaman lazımdır?
Həm də Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşa nə qədər kirayə pulu ödənilirmiş? 250 manat. Gəncədə 250 manata olan evlərin hansı şəraitdə olacağını bu məbləğ o qədər açıq şəkildə ortaya qoyur ki, ta bunun izaha belə ehtiyacı yoxdur.
Dövlətimizin başçısı doğum günlərində, əlamətdar və bayram günlərində şəhid, qazi ailələri ilə birlikdə olursa, bu ailələrə hədiyyə etdiyi mənzillərdə onlarla süfrə arxasında əyləşib söhbət edirsə, problemləri ilə maraqlanırsa, aid qurumların bu kimi hərəkətləri anlaşılmazdır. Və Gəncəyə atılan raket nəticəsində dinc əhalinin düşdüyü vəziyyətdən iki ildən artıq zaman ötməsinə baxmayaraq onların ev məsələsinin həllini tapa bilməməsi ortaya xeyli suallar səpələyir.
Bəlkə də Türkiyədə zəlzələ baş verməsəydi, həmin zəlzələdə Malatya şəhərindəki İnönü Universitetində təhsil alan dörd tələbəmiz həlak olmasaydı, hələ də 44 günlük müharibə zamanı evlərini itirmiş gəncəlilərin də bu problemi gizli olaraq qalacaqdı.
Xəbərdə oxuduğumuz cümlələrə bir daha nəzər salaq: Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məsələ ilə bağlı bildirilib ki, qeyd edilən ünvanda zərər görmüş fərdi yaşayış evinə keçirilmiş baxış zamanı dəymiş ziyan müvafiq qaydada qiymətləndirilib və tikiləcək evlərin siyahısına daxil edilib: “Lakin evlərin planlaşdırılması zamanı təklif edilmiş layihəyə vətəndaş əvvəlcə razılıq versə də, sonra tikinti işlərinin dayandırılmasını və layihənin dəyişdirilməsini tələb edib. Bu səbəbdən yenidən individual tikinti layihəsi hazırlanıb və inşaat işlərinə başlanılıb. Qeyd edək ki, tikinti prosesi zamanı vətəndaşın həyətində mövcud olmuş yardımçı tikilinin yaşayış evi kimi layihələndirilməsi tələbi də inşaat işlərinin yubanması ilə nəticələnib. Hazırda işlərin böyük bir hissəsi yerinə yetirilib, evin içərisində tamamlama işləri gedir və qısa müddətdə vətəndaşa təhvil verilməsi planlaşdırılır.
Bu kimi açıqlamalar düşünürəm ki, heç də çıxış yolu deyil. Təbii ki, məsələ ilə bağlı hansısa bir quruma müraciət olunanda özünü vəziyyətdən çıxarmaq və özünümüdafiə olaraq bu kimi və buna oxşar cümlələr qurub danışacaqdır.
Lakin görünən odur ki, müharibədən iki ildən artıq zaman keçib, lakin hələlik haqqında məlumatımız olan bu ailə kirayədə yaşayır. Nə üçün?
Deməli, yaşadığımız 44 günlük Vətən müharibəsi və Türkiyədə baş verən zəlzələ xeyli məqamları ortaya çıxardı. Bu bir-birinin ardınca baş verən iki hadisə- müharibə+zəlzələ onunla nəticələndi ki, yerlərdə dövlətimizin başçısının etimadını yetərli şəkildə doğrultmayan məmurların olduğunu gördük...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB