Biz torpaqlarımızın sahibləriyik. Həm də bu torpaqların sərvətlərinin sahibləriyik. 30 il boyunca ermənilərin taladıqları, satıb-sovurduqları sərvətlərimizə “Əl vurma!”, balta çaldığı ekologiyamızın zülmünə “Son!” deyənlərik.
Elə bu səbəbdən də düz 61-ci gündür ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Xankəndi-Laçın yolunda keçirilən aksiyalar davam edir.
Qürur dolu 61 gün. Bəli, necə ki, 44 gündə övladlarımızın cəbhəyə yollanması, düşmənin gözünə dağ çəkməsi, torpaqlarımızı qarış-qarış yağıdan azad etməsi ilə qürur duyurduqsa, müharibə meydanından çox-çox kənarda bombalanan evlərimizin, həyət-bacamızın düşdüyü yararsız vəziyyətə görə alnımızı belə qarışdırmırdıqsa, “təki qələbə çalaq, yurdumuz azad olsun”,- deyirdiksə, birliyimiz, həmrəyliyimizlə fəxr edirdiksə, ötən 61 gündə də Vətənimizin yetişdirdiyi gənclərin mübarizliyi fonunda eyni hissləri yaşayır, qürur duyuruq.
61 gündür aksiyaya fasilə verməyən ekofəallar, vətəndaş cəmiyyətinin təmsilçiləri, könüllülər hazırda havanın qarlı, şaxtalı olmasına baxmayaraq etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.
Günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayan aksiya iştirakçıları yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” kimi şüarlar səsləndirirlər.
Vurğulayaq ki, aksiya ötən il dekabrın 12-dən başlayıb. Rusiya sülhməramlılarının nəzarətindəki yolun Şuşadan keçən hissəsində davam edən etiraz aksiyasında azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin əsas tələbləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması, RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılmasıdır.
Biz Birinci Vətən Müharibəsi ilə İkinci Vətən Müharibəsi arasındakı zaman kəsiyinin o başında deyil, bu başındayıq. Yəni 30 ilin əvvəlindəki torpaqları işğala məruz qalan, yurdundan zorla qovulan, qapıları bağlı qalan, məcburi qaçqınlıq, köçkünlük həyatı yaşayan, gözüyaşlı insanlar deyilik.
Biz 44 günlük Vətən müharibəsinin Zəfərinin sahibləriyik. Torpaqlarımızı erməni işğalından azad edib, qələbədən ötən iki ildə qürurla yaşayan, başımızı dik tutub öyünən xalqıq.
Artıq əzəli torpaqlarımıza Böyük Qayıdışa başlayan, Qarabağın 30 illik qara örpəyini başından açıb, miskin libasını əynindən çıxararaq ona toy-bayram donu geyindirən, quran, yaradan xalqıq.
Bəli, nə Azərbaycan otuz il əvvəlki Azərbaycandır, nə də azərbaycanlılar 30 il əvvəlki insanlar deyil. Düzdür, hünərimizi, mübarizliyimizi ata-babalarımızdan almışıq, onların qanından hopub qanımıza vətənpərvərlik, lakin biz həm də 30 ildir ki, müstəqil ölkənin vətəndaşlarıyıq. Hüquqlarımızın müdafiəsində dayanan, insan amilini dövlət siyasətinin əsas prioritetinə çevirən bir ölkənin vətəndaşlarıyıq. Kim bizim ərazimizə yaxın gələ bilər, kim bizim sərvətlərimizi talaya bilər?
Bu gün bizi bütün dünya əzmimizlə, hünərimizlə, iqtisadi gücümüzlə, milli ordumuzla, birlik, həmrəyliyimizlə, ən əsası isə xalqının arxasında qətiyyətlə dayanan Ali Baş Komandanımızla, dövlətimizin layiqli rəhbəri ilə tanıyır. Bizi Zəfər xalqı kimi tanıyır... Bu Zəfəri həm siyasi, həm də döyüş meydanında qazanan oğullarımızı tanıyır.
Bütün bunlara görə də bu aksiyanın da sonunun nə ilə nəticələnəcəyini bu gündən görmək bir o qədər çətin deyil. Hələlik isə qürurlu günlər davam edir...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB