Yaradanın dünyaya bəxş etdiyi gecə və gündüz rəngləri ilə fərqləndiyi kimi, hadisələrin başvermə vaxtı ilə də bir o qədər fərqlidir. Bu iki zaman kəsiyindən gündüz hadisələrin baş verməsi üçün gecədən xeyli əlverişlidir. Elə buna görə də deyirik ki, gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır.

6 fevral gecəsi də Türkiyəyə heç də gözəl bir gündüz bəxş edə bilmədi. Gecənin yarısı insanları şirin yuxudan böyük bir fəlakət oyatdı. Kahramanmaraş vilayətinin Pazarcık rayonunun sakinləri 7,4 bal gücündə zəlzələ ilə, həm də bu fəlakətin bəxş etdiyi böyük çarəsizliklə üz-üzə qaldılar. Bu müdhiş gecə səhərə kədərli bir gündüz bəxş etdi.

Bütün Türkiyə səhər bu fəlakət xəbərini duydu və onu böyük kədərlə qarşıladı. Yenə də zəlzələ... Yenə də insan taleyi... Yenə də ölüm, dağıntı, itki, insanların düzəninin pozulması, evlərinin dağılması, dağıntılar altında qalanlar... Kədər, qəm və qüssə bir-birinə qarışdı.

Ölkəmiz Türkiyənin kədərinə ilk reaksiya verən ölkə oldu. Yəni başqa cür də ola bilməzdi. Çünki Türkiyə bizim qardaşımız, canımızdır. Bütün sevincli və kədərli günlərdə bu iki ölkənin bir-birinin yanında olması artıq ənənə halını alıb. Azərbaycan Türkiyəyə həm mənəvi, həm də maddi yardımını göstərdi. Xilasediciləri Türkiyəyə-dağıntılar altında qalan insanların həyatlarını xilas etməyə göndərdi.

Həyat belədir. Biz insanlar bəzən hansı hadisələrlə qarşılaşacağımızı ağlımıza belə gətirə bilmirik. Bir də baxırıq ki, həmin hadisənin içərisindəyik. Ya onun zərbələrini, ya kədərini, ya da ağrılarını yaşayırıq.

Ötən gecənin yarısı Türkiyədə baş verən fəlakətin nə olduğunu təxmin edənə qədər kimi həyatını itirdi, kimi dağıntıların altında qaldı, kimi də hələ də nə baş verdiyi anlamağa çalışdı.

Zəlzələnin Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa və Osmaniye vilayətlərində də hiss olunduğu, ölən və yaralananların, dağıntıların olduğu bildirilir. 7,4 bal gücündəki zəlzələnin Misir, Livan, Suriya və İraqda da güclü hiss olunduğu bildirilir.

Biz də gecə yarıdan bu kədərli xəbəri kədərlə də qarşıladıq. Fəlakət, faciə, müharibə görmüş bir xalq kimi təbii fəlakətin də nə olduğunu çox yaxşı anlayırıq. O yerdə ki, insan itkisi var, yaralı var, ev-eşiyini itirən, ocağı dağıdılan, viranə qalan var, orada hər bir azərbaycanlının ürək ağrısı var, deməkdir. Çünki biz illərlə soydaşlarımızı itirmişik, evlərimizdən zorla çıxarılmışıq, yurdumuz dağıdılıb, viranə qalıb. Bundan böyük dərd, kədər, qəm-qüssə ola bilərmi yəni?

Hələ düşünəndə ki, biri var, təbii fəlakət nəticəsində yuxarıda sadaladıqlarımız ola, biri də var ki, insanlar bu faciələri bir-birinə yaşadalar, bax belə olanda, hadısə daha da kədərli olur. Çünki burada bir-birini öldürən, evini dağıdan, yurdunu boş qoyan gözəgörünməz bir qüvvə deyil, insanlardır.

Türkiyədə baş verən zəlzələnin də hələ təbiimi olduğunun, yoxsa süni şəkildəmi törədildiyinin araşdırılması hələ sonrakı mərhələdə olacaqdır. Əgər süni şəkildə yaradılıbsa, yenə də insanlığa təəssüflər olsun. Yox, əgər təbii şəkildə baş veribsə, bu, Allahın işidir ki, ona qarışmağa heç birimizin haqq yoxdur.

İnşallah, bütün dost və qardaş dövlətlər Türkiyəyə bu zəlzələnin nəticələrinin qısa bir zamanda aradan qaldırılması üçün əlindən gələni əsirgəməz. Heç olmasa evini, yuvasını itirən insanlar tez bir zamanda qışın bu soyuq günlərində daldalanmağa bir yer tapa bilərlər. Ümidvarıq ki, dostların və qardaşların köməkliyi sayəsində bütün bunlar qısa zamanda həyata keçiriləcəkdir.

Türkiyənin kədəri Azərbaycanın kədəridir. Allah həyatını itirən bütün türk bacı və qardaşlarımıza rəhmət eləsin. Başın sağ olsun, Türkiyə!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə