Hələ “Molla Nəsrəddin” dövründə yazırdı: “Bu İran nə mənə şeydirsə, aftafasını əlinə alıb, Arazı keçib gəlib bizə din dərsi verməyə çalışır, amma dərindən baxanda görürsən ki, bu zatların hamısı dələduz, fırıldaqçı və millətin kürəyinə yapışmış molla zəliləridir”.

Allah sizə rəhmət eləsin, mollanəsrəddinçilər, bu yazdıqlarınızı sanki bu gün üçün söyləmisiniz. Həqiqətən də elə bil aradan bu qədər illər keçməyib ki, keçməyib. İran elə İranlığında qalmaqdadır. Burada insanların hüquqlarını heçə sayan, onları həmişə təzyiq altında saxlayan, din pərdəsi altında min bir fırıldağa yol açan molla rejimi elə həmin rejimdir ki, dəyişməz olaraq qalır.

Öz ölkəsində insan amilinə heç bir dəyər verməyən, günahkarı ictimai qınaq, hüquqi cəza əvəzinə dar ağacından asdıran, insanlığı təhqir edən bu rejim, bəli, hələ bir bizə də, başqalarına da insanlıqdan, siyasətdən dərs verməyə, yol göstərməyə çalışır. Deyir, keçəl dərman bilsə, birinci öz başının çarəsinə baxar da. Bəs belə olan təqdirdə İranın molla rejimi nə üçün öz ölkədaxili problemlərini həll edə bilmir və yaxud həll etməyə cəhd etmir, başqalarına yol göstərməyə çalışır. Hə, bunun iki səbəbi var. Ya başı başqalarını qızışdırıb qonşunun üstünə salmağa qarışıb, ya da daxilindəki parçalanma və qarşıdurmalardan özünü o qədər itirib ki, nə edəcəyini bilmir.

Axı belə götürəndə, molla mollalığında qalar, bu qədər də problem yaşanmaz da. Molla qalxıb siyasətlə məşğul olanda, dövləti də belə idarə edəcək də. Budur bax, bir tərəfdən ölkə qarışıb bir-birinə. İnsanlar dövlətə qarşı çıxıb hüquqlarını, haqlarını tələb edirlər. Bir tərəfdən idarə edə bilmədikləri ölkədə səfirliyə hücumlar olunur. Bunun da qarşısını almağa çalışmırlar. Digər tərəfdən isə ərazisində zəlzələ baş verir, insanlar kütləvi şəkildə zərər çəkirlər, onlara nə özü yardım edir, nə də kənar yardım göstərməyə icazə verir.

Məsələ gün kimi aydın deyil, bəs necədir? Aydındır, aydın olan budur ki, dələduz, fırıldaqçı və millətin kürəyinə zəli kimi yapışmış molla rejimi nə qədər bərqərar olacaqsa, İranda yaşayan insanların bundan savayı görəcəkləri olmayacaq.

İkiüzlülük deyək, çoxüzlülük deyək, yoxsa yoxüzlülük deyək ki, molla rejiminin əsl üzünü açsın, ortaya qoysun. Ortaya qoysun ki, bir dövlət zəlzələdən əziyyət çəkən insanlara yardım etmir, vətəndaşının qayğısına qalmır. Çünki o vətəndaşlar azərbaycanlılardır. Bax, mahiyyət bundadır. Çünki İranın tarixən dərdi-səri Azərbaycan məsələsi olub. Nə edək, necə edək ki, azərbaycanlıların dilini kəsək, başlarını qalxmağa qoymayaq. Ki, başları qalxan kimi şimal-cənub söhbəti də baş qaldıracaq.

Budur, İranda azərbaycanlılara qarşı köhnə niyyətlər. Bu səbəbdən də molla rejimi azərbaycanlıların qəniminə çevrilib. Xoyda köməksiz, çarəsiz qalan insanlara nə özü kömək edir, nə də Azərbaycan və Türkiyədən yardım almalarına imkan vermir. Belə bir sual çıxır meydana: görəsən İranda bineyi-qədimdən əldə rəhbər tutulan və pərdəsi altında min yox, min bir oyun törədilən din mollalar üçün bu qədər əhəmiyyətsizdir? Ətrafa din dərsi keçənlər indi nə üçün bu dinə qarşı çıxırlar? Axı o din ədaləti, haqqı, mərhəməti təlqin edən dindir.

Bir də ki, kimdən, nədən danışırıq axı? İndiyədək hansı mərhəmətin, haqqın-ədalətin sahibi olub axı bu rejim? Ki, indi biz yenə də bu mövzuya qayıdırıq. Dar ağacından asılan insanlara bu cür cəzanı din qadağan etdiyi halda bunlar əsrlərdir ki, o dinə qarşı çıxmırlarmı? Günahsız minlərlə insanın qanını tökən, heç bir günahı olmayan adamları bir gecənin qurbanına çevirən bu dinsizlərdən nə gözləmək olar? Onları nə Azərbaycan səfirliyində hazırladıqları planlı faciə, nə də Xoyda zəlzələdən əziyyət çəkənlər düşündürəcək.

Təəssüf, çox təəssüf ki, İran, sən molla rejiminin bu cür qurbanı oldun. Təəssüf ki, 30 mindən artıq soydaşımız orada bu zülmlərlə üz-üzədir.

Düşünəndə bu İran nə mənə şeydir axı...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə