Yaşlı müəllimlər nazirə niyə və necə mane olur? – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Son dövrlərdə Azərbaycanda təhsil sistemi tənəzzül keçirir. Xüsusən də, orta təhsil artıq acınacaqlı vəziyyətə gəlib. Bunu görmək üçün məktəbdaxili və ali məktəblərə imtahanların nəticələrinə baxmaq kifayətdir. Məktəblərin hələ özünə inanan, ali məktəbə imtahan verən məzunları belə 1-2 qiymətə cavab verirlər. Yəni, 100-200-300 bal toplayırlar. Lakin problem təkcə bu da deyil.

Son vaxtlar məktəblərdə baş verən və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan biabırçı hadisələr isə məktəbin artıq müqəddəs məbəd statusunu itirdiyini, müəllim nüfuzunun məhv edildiyini, şagirdlərə hər cür tərbioyəsizlik hüququnun tanındığı heç nəyə yaramayan formal bir binaya çevrildiyini aydın göstərir.

Bu istiqamətdə əsas problem müəllim nüfuzunun sındırılması ilə başladı. “Şagird yönümlü təhsil sistemi həyata keçiririk”, kurrikulum sistemi tətbiq edirik” deyə-deyə müəllimin bütün səlahiyyətlərini, şagirdlərin tərbiyəsinə nəzarət funksiyasını əlindən aldılar, onu sadəcə dərsi izah edən maketə çevirdilər. Valideynləri tərəfindən tərbiyə almamış çox sayda şagird isə onlar üçün yaradılmş bu gözəl fürsətdən necə lazımdır istifadə etdilər və müəllimi söyməkdən, döyməkdən tutmuş ən rəzil hərəkətlərə qədər imza atdılar. Belə tərbiyəsiz uşaqları tənbeh etməyə çalışan müəllim isə dərhal işdən çıxarıldığından digər müəllimlər artıq şagirdlərin belə həyasızlığına göz yummağa məcbur oldular. Nəticədə məktəblər dəlixanaya döndərildi.

Nazirliyin əsas xidmətlərindən biri də kişi müəllimlərin məktəblərdən didərgin salınması idi. Bunun üçün mümkün olan hər şeyi etdilər. İndi məktəblərimiz qadın seminariyasına dönüb, kişi müəllim tapılmır. Kişi müəllimlərin olmadığı bir yerdə yuxarı sinif oğlanlarının hegemonluğu qaçılmazdır. Qadın müəllimlər isə qorxularından onlara bir söz deyə bilmirlər.

İndi həmin bu nazirlik “proqram”ın əsas mərhələsinə keçib- yaşlı müəllimlərin məktəblərdən didərgin salınmasına. Cənab nazirin heyrətamiz açıqlamalarına görə, yaşlı müəlimlər çox savadsız imiş və təhsilə zərər vururmuş. Ona görə də min bir bəhanə ilə onları uzaqlaşdırmaq lazım imiş. Faktlar isə tam əksini göstərir. Kiçik istisnaları çıxsaq, heç vaxt dünənin gənc məzunu 20-30-40 il təcrübəsi olan müəllimdən daha savadlı, daha dünyagörüşlü, daha təcrübəli ola bilməz. Sadəcə nazirliyin məqsədi başqadır. Köhnə müəllimlər əsasən mühafizəkar olurlar, onlar tətbliğ olunan yad dəyərlərə yiyələnməyi rədd edib, öz milli-mənəvi dəyərlərimizə sadiq qalırlar. Uşaqları da milli ruhda, əxlaqi kriteriyalar üzrə tərbiyə etməyə və ənənəvi qaydada təhsil verməyə çalışırlar. Nazirliyə görünür bu sərf etmir, ona görə də onları didərgin salmaq lazımdır. Halbuki, həmin bu nazirə dərs deyən müəllimlər yaşlı müəllimlər olub. Əgər onlar yaxşı müəllim olmasaydı, indi o, nazir ola bilməzdi.

Təhsilin məhv olmasının daha bir səbəbi də ağır tədris proqramı ilə bağlıdır. Lazımsız biliklərlə doldurulmuş, “filankəsin qohumudur” prinsipi ilə savadsızlara yazdırılmış çox sayda dərsliklər, iş dəftərləri və sair materiallarla şagirdi silahlandırmaq ilk növbədə onun belini qırır. Çünki bu ağırlıqda çantanı heç valideyn daşıya bilmir. Məhz buna görə həkimlər deyir ki, uşaqların çoxu skalyozdur. Üstəlik, ağır dərs proqramı və ev tapşırıqları uşaqları zehni cəhətdən də həddən artıq yükləyir və nəticədə onlar aqressivləşir, məktəbə, dərsə nifrət edirlər.

Son onillərdə təhsilimizin başında aparılan əcaib eksperimetlər, tətbiq olunan metodlar təhsili də məhv etdi, tərbiyəni də, məktəbi də.Məktəblərdəki saysız-hesabsız problemləri müəllimlər, valideynlər, jurnalistlər deməkdən, yazmaqdan yorulub, amma nazirlik bunları heç vecinə də almır, yenə öz bildiyini edir və vəziyyəti daha da ağırlaşdırır.

Məktəblərlə bağlı çox sayda ciddi problemlər var ki, Elm və Təhsil Nazirliyi nəinki onları həll etmir, əksinə özünün səhv siyasəti ilə problemi daha da ağırlaşdırır. Qalan məsələlər haqda da növbəti yazımızda danışağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə