Bilmirəm düşünülmüş qanlı plan idi, yoxsa doğrudan da qatı Rusiya düşməni olan Co Baydenin Moskvaya olan nifrətindən qaynaqlandı, hər nə idisə Ukrayna fəlakəti tarixə keçdi. Yaddaşını itirmiş qoca Bayden Vladimir Putini “tələyə” salıb öz “qapısındaca” məhv etmək istəyirdi, yoxsa Rusiya əleyhinə bədbəxt Ukrayna üzərindən aparılan qanlı test idi. Belə görünür ki, Qərb V.Putini Ukrayna “bataqlığına” çəkib “tələyə” salmaq istədi, amma əvəzində indi özü çırpınır.

Yaxşı yadımdadır, keçən il V. Putin bütün dünyaya düz iki dəfə şok yaşatdı. Birinci şok soyuq fevral gecəsində yaşanmışdı. Rus tankları Ukraynaya hücum edəndə ABŞ başda olmaqla bütün qərbdəkilər 2-3 aylıq körpə kimi qorxudan necə “batırmışdılarsa”, özləri qarışıq bütün dünyanı da Putin xofuna bələdilər. İkinci şok cəmi bir neçə aydan sonra rus əsgərləri Ukrayna çöllərində benzin, öz qarınlarını doyurmaq üçün toyuq-cücə axtaranda baş verdi. Birincidə Putin xofundan “batıran” qərbdəkilər, ikinci halda var gücləri ilə dünyaya təbliğ edirdilər ki, Vladimir Putinin olan-qalan ordusu, sınıq-salxaq tankları bu qədərdir. Bəs kül bizim başımıza ki, yalandan V.Putin xofundan möhkəm “üyütmüşük.”

Keçən qışda dünya mediası, Qərb ekspertləri var gücləri ilə bağırırdılar ki, gələn ilə kimi rus ordusu pərən-pərən düşəcək, Ukrayna Krımı da qaytaracaq geri. Elə o zaman da gülürdüm, indi də gülürəm ki, dünyanı belə axmaqlar və bəlkə də axmaq cildində olan hiyləgərlər idarə edirlər. Olan bədbəxt Ukrayna xalqına oldu. Qərbin, xüsusilə Ağ Evin hazırkı sahibi olan C. Baydenin dünya siyasi xəritəsini yenidən müəyyənləşdirmək, Qərblə Rusiyanın sərhədini artıq Ukraynada çəpərləmək iddiası onunla nəticələndi ki, minlərlə ukraynalı qoca, qadın, uşaq ayaqyalın, şaxtalı günlərdə çöllərə axışıb qaçmağa yer axtarırdılar. Bir çoxları heç Rumıniya, Polşa sərhədlərinə çatmamış elə yolda-izdə ölüb getdilər. İsti evini-ocağını qoyub qaçqın düşdülər. Nə var-nə var C.Bayden Rusiya ilə sərhədləri Ukraynadan salmaq istəyir. Bu qoca və yaddaşını itirmiş amerikalının qanlı eksperimenti Ukrayna dövlətinin məhvinə, şəhər və kəndlərin xaraba qalmasına, yüzlərlə insanın qanlı cəsədlərinin küçə və meydanlarda qurd-quşa yem olmasına səbəb oldu.

Bu qanlı planın baş aktyorunu da tam yerində seçdilər: uzun illər Rusiyada şoumenlik edən yəhudi əsilli aktyor Vladimir Zelenski! Bu adam da sanki möcüzəli qəhrəman kimi əsl şoumenlik roluna girdi. Rus bombaları od kimi göydən yağır, hər yer dağılır, amma V.Zelenskinin Kiyevdəki bunkeri sağ-salamatdır, rus tankları da nədənsə Kiyev darvazalarının qapısından içəri girmədən geri dönürlər. Oyunmu, ssenarimi- bir Allah bilir, bir də C.Bayden, V.Putin, eləcə də aktyor V.Zelenski. Amma bilinən odur ki, Ukrayna uzun on illiklər boyu bu dəhşətli və qanlı eksperimentin acılarını, dağılan şəhərləri, məhv olmuş insan qaynaqlarını, inamı qaytara bilməyəcək.

Bəs indi nə baş verir? İndi artıq müharibə tam başqa məcra alıb. Artıq rus ordusu kənd-kənd, qəsəbə-qəsəbə Ukraynanı nəzarətə götürür. Qərbin, NATO-nun milyardlıq silah-sursatı heç bir qəpiyə də dəymir. C.Baydenin dünya siyasi xəritəsini dəyişmək, Rusiyanı oyundankənar vəziyyətə salmaq və ən əsas Qərblə Rusiya arasında sərhəd xəttini Ukraynaya çəkmək planı çoxdan iflas olub. Axı ilk gündən hamıya bəllidir ki, Rusiya neçə on illiklərdir müharibə üzü görməsə də, cinayətkar və bürokrat məmur təbəqəsi ordunu yeyib batırsa da Rusiya Rusiyadır və onunla “öz evində”, yəni keçmiş sovet ərazilərində kəllələşmək çox mənasızdır. Hətta deyərdim, yatmış divi oyandırmaqdan başqa heç nəyə yaramayan cəhddir. C.Bayden minlərlə ukraynalının qanı hesabına da olsa, bu planlara cəhd etdi, amma bu, alınan deyil. Əvvəla ona görə ki, Rusiya nə qədər zəif olsa da, Qərblə sərhəd xəttini Ukraynadan keçməsinə heç vaxt razı olmayacaq. Sonrası da Moskva siyasi coğrafiyasını heç vaxt öz evinin kandarından salmayacaq. Gec, ya tez, Rusiya rusiyalılığını işə salacaq, burası tam mənada belədir. Moskvanı öz evinə həbs etdirmək gülünc və qan-qada hesabına başa gələn sadəlövhlükdür.

Və sonda mən sizə bir söz deyim, amma bu sözümü qəribçiliyə salmayın: zaman gələcək qanlı Ukrayna ssenarisinə görə C.Bayden qiyabi də olsa Haaqa məhkəməsində məhşərə çəkilən ABŞ prezidenti olacaq. Demədi demə...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə