Məqsədlərinə çatmayan müxalifət blokları ARAŞDIRMA

Son 20 ildə Azərbaycanda hakimiyyətə iddialı olan müxalifət partiyaları bütün seçkilər ərəfələrində müxtəlif adda çoxsaylı bloklarda birləşməyə cəhd ediblər. Lakin son anda şəxsi iddialar və siyasi ambisiyalar müxalifətin bir yerdə fəaliyyət göstərməsinə əngəllər törədib. Xüsusilə, AXCP (AXC) və Müsavat təşkilatları arasında yaşanan qarşıdurma və ziddiyyətlər düşərgənin ağır məğlubiyyətlərlə qarşı-qarşıya qalmalarına şərait yaratmış olub. Beləliklə, Azərbaycanda müxalif qüvvələrin son 20 ildə yaratdığı əsas birliklərin siyahısını nəzərdən keçirərkən, səbəblərini araşdırarkən məhz bu kimi halların mövcudluğunun şahidinə çevrilirik.

Demokratik Konqres (Demkonqres) 1994-cü ildə Müsavat, Demokrat, Ana Torpaq, Xalq Azadlıq partiyaları və Xalq Cəbhəsinin (hələ partiya statusu almamışdı) iştirakı ilə yaradılıb. 1995-ci ilin parlament seçkisi ərəfəsində ADP blokdan nümayişkəranə şəkildə gedib, həmin il və daha sonra bloka başqa partiyalar - Əhrar, Xalq Demokratik Partiyası, Azərbaycan Xalq Partiyası və s. Partiyalar qoşulub.

Lakin 2000-ci ildə AXCP parçalanan zaman Demokonqres də ikiyə parçalanıb – Demkonqres -1 və Demkonqres - 2. 2003-cü ilin prezident seçkisi ərəfəsində isə adıçəkilən blokların hər biri tarixin arxivinə yazılıb.

Qeyd edək ki, digər zamanlarda Demokratiya Uğrunda Hərəkat (DUH) adı altında qurum yaradılsa da nəticəsi səmərəsiz olub. Buraya Demokratiya Uğrunda Böyük Birlik (DUBB) blokunu da əlavə etmək olar.

Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat - SİDSUH 1998-ci ilin prezident seçkisi ərəfəsində Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyasının patronajlığı, başqa müxtəlif siyasi və ictimai təşkilatların iştirakı ilə yaradılıb. Elə həmin ildəcə yaranmış intriqalar səbəbindən fəaliyyətini dayandımağa məcbur olub.

Birləşmiş Müxalifət Hərəkatı - BMH 1998-ci ilin prezident seçkisindən sonra Müsavat və Xalq Cəbhəsi partiyaları başda olmaqla bir neçə qurumun iştirakı ilə yaradılıb. Fəaliyyəti bir neçə il çəksə də heç bir siyasi uğur qazanılmadığına görə daxili parçalanmalara məruz qalaraq dağılıb.

"Bizim Azərbaycan" bloku isə 2003-cü ilin prezident seçkisi ərəfəsində Müsavat Partiyasının liderliyi ilə yaradılıb. Seçkidən qısa müddət sonra fəaliyyətini dayandırıb.

"Azadlıq" bloku. 2005-ci ilin prezident seçkisi ərəfəsində Demokrat, Xalq Cəbhəsi, Müsavat partiyalarının iştirakı ilə yaradılıb.

2006-cı ildə Müsavat Partiyası qurumu tərk edib. Sonra təşkilat Liberal, Vətəndaş və İnkişaf partiyaları qoşulmaqla yoluna davam edib. Bir müddət sonra Demokrat Partiyası da qurumdan ayrılıb. "Azadlıq" bloku da digər bloklar kimi onların aqibətlərini yaşayıb. Beləliklə, 2010-cu ilin parlament seçkisi ərəfəsində bu qurum fəaliyyətini başa çatdırıb, AXCP-Müsavat seçki bloku yaradılıb.

Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı. 2009-cu ilin konstitusiya referendumu ərəfəsində Ümid, Demokrat, Liberal, Vətəndaş və İnkişaf, Xalq Cəbhəsi, Müsavat partiyalarının iştirakı ilə yaradılıb. Həmin il fəaliyyətini dayandırıb.

İctimai Palata. 2010-cu ilin parlament seçkisindən sonra Vətəndaş Həmrəyliyi, Xalq, Milli İstiqlal, Müsavat, Xalq Cəbhəsi və sair təşkilatların, ziyalıların iştirakı ilə yaradılıb. 2013-cü ilin prezident seçkisi ərəfəsində fəaliyyətini faktiki olaraq dayandırıb.

Milli Şura. 2013-cü ilin prezident seçkisi ərəfəsində ölkənin bütün aparıcı müxalifət qüvvələrinin iştirakı ilə yaradılıb. 2013-cü ilin sonunda və 2014-cü ilin əvvəlində həmin təşkilatlardan bir neçəsi, o cümlədən Liberal və Müsavat partiyaları qurumu tərk edib.

Hazırda Azərbaycanda Qarabağ bloku (2010-cu ildə yaradılıb. Ümid, Demokrat, Aydınlar partiyalarını birləşdirir) və Vətən (2013-cü ildə yaradılıb. Ədalət, Yaşıllar və İslam partiyalarını birləşdirir) blokları fəaliyyətdədir.

Xatırladaq ki, siyasi proseslərdə adıçəkilən bloklardan başqa birliklər də mövcud olub. Müxalifətin Koordinasiya Mərkəzi (MKM), "Amal" Ziyalılar Forumu, MBH və digər çoxsaylı təşkilatlar artıq tarixi məzarlıqda dəfn olunublar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə