Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Sentyabrın 22-dən 27-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransı (IAEA 2019) keçirilir. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir.

Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Ötən il konfrans İngiltərədə təşkil olunub. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub. IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur.

SİA xəbər verir ki, builki konfransın işində Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Sentyabrın 23-də "Fairmont Baku" otelində konfransın rəsmi açılış mərasimindən sonra tədbir bölmələr üzrə işini davam etdirəcək. Bölmələrin işi sessiyalara bölünür. Hər gün əsas məruzəçilərin çıxışından sonra sessiyalar fəaliyyətə başlayır və saat 17:30-dək davam edəcək. Sessiyalar qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları və strategiyaları, diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, sinif qiymətləndirməsi, dilin qiymətləndirilməsi, qiymətləndirmə sistemlərinin yoxlanılması, qiymətləndirmə islahatları, müəllim hazırlığı və qiymətləndirmə, ibtidai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və s. mövzuları əhatə edəcək.

Xatırladaq ki, sentyabrın 22-də keçirilən konfrans öncəsi məşğələlər "XXI əsrin funksional savadlılığına uyğun olaraq təhsildə və qiymətləndirmədə dayanıqlı keçidə nail olmaq üçün təlimlərin təşkili", "Qiymətləndirmə ədalətlidirmi?", "İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi" mövzularına həsr olunacaq. Həmin məşğələlərdə Niderlandın Cito qiymətləndirmə təşkilatının təmsilçisi Niko Diteren, Kembric Qiymətləndirmə (Cambridge Assesment) departamentindən İsabel Nisbet, Stüart D.Şou, RCEC-in direktoru Arnold Brauer təqdimatlarla çıxış ediblər.

Konfransın işıqlandırılmasında AZƏRTAC Dövlət İmtahan Mərkəzinin rəsmi media tərəfdaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...