“Lider qadınlarla görüş” 160 saylı klassik gimnaziyada

Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərdə elan edilmiş Uşaq Hüquqları Aylığında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Lider qadınlarla görüş” layihəsi çərçivəsində ilk görüş İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ilə Bakı şəhəri 160 saylı klassik gimnaziyada keçirilib. Tədbirdə çoxsaylı şagirdlər və müəllimlər iştirak edib.

SİA xəbər verir ki, gimnaziyanın direktoru Faina Ələkbərova qonaqları salamlayıb, E.Süleymanovanın zəngin tərcümeyi-halı, onun alim, dövlət və ictimai xadim, İnsan Hüquqları üzrə Müvəkkil kimi çoxşaxəli fəaliyyəti, dövlət tərəfindən yüksək təltiflərə layiq görülməsi barədə iştirakçılara ətraflı məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova layihənin məqsəd və məramını açıqlayıb, ilk görüşün zəngin həyat yolu keçmiş, elm, insan hüquqları, o cümlədən qadın və uşaq hüquqları sahəsində böyük təcrübəyə malik Müvəkkilə həsr edildiyini vurğulayıb. O, təmsil etdiyi qurumla Ombudsman təsisatı arasında uşaq və qadın hüquqları istiqamətində effektiv əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Müvəkkil dəvətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və vurğulayıb ki, bu il əlamətdar hadisələrlə zəngindir, 100 il əvvəl 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyi elan olunub və qəbul edilən “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olmağı, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğu, bütün vətəndaşlara heç bir ayrı-seçkilik olmadan bərabər vətəndaşlıq və siyasi hüquqlar, o cümlədən qadınlara seçki hüququ verildiyi təsbit edilib. Xalq Cümhuriyyəti dövründə çoxsaylı böyük tarixi nailiyyətlərlə yanaşı, müstəqil respublikamızın dövlət atributları təsis edilmiş, ilk Ordusu, Daxili İşlər, Prokurorluq, Ədliyyə orqanları, Parlamenti yaradılib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkəmizdə Xalq Cümhuriyyəti İlinin elan olunması, bununla əlaqədar paytaxt və regionlarda silsilə konfransların, tədbirlərin, hərbi paradların təşkili, bu günlərdə Dövlət Bayrağının 100 illiyi ilə bağlı tədbirlər hər bir azərbaycanlıda fərəh hissi yaşadır.
Ombudsman dünya miqyaslı tanınmış, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasının, Prezident seçilməsinin bu il 25-ci və anadan olmasının 95-ci ildönümlərini qeyd etdiyimizi, Ümummilli liderimizin rəhbərliyi ilə müstəqil respublikamızda hərtərəfli və köklü islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Müstəqil dövlətimizin 230-dan çox beynəlxalq konvensiyalara, o cümlədən Uşaq Hüquqları Konvensiyasına qoşulduğunu bildirilib.
Ulu öndərin böyük səyləri ilə müstəqil respublikamızın 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş ilk Konstitusiyası sonrakı dövrlərdə referendumlar nəticəsində daha da təkmilləşmiş, insan hüquqlarının səmərəli təmininə zəmin yaraib.
Müvəkkil islahatların bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin sürətlə inkişafını, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmini ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, bu istiqamətdə zəruri tədbirlərin görüldüyünü bildirib. Ölkəmizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın bu sahədə dəyərli işlər gördüyü yüksək qiymətləndirilib.
Tədbirdə professor E.Süleymanova həyat yolu, elmi və ictimai fəaliyyəti, haqqında ətraflı məlumat verib, Azərbaycanda Ombudsman təsisatının yaradılması, mandatı, səlahiyyətləri və insan hüquqları sahəsində gördüyü işləri diqqətə çatdırıb.
Belə ki, elm sahəsində yüksəlməsinin özülündə məktəbdə təhsil aldığı illərin İkinci Dünya Müharibəsi dövrünə təsadüf etməsinə baxmayaraq, təhsilə və kitaba xüsusi maraq göstərdiyi, nəticədə kimya elmləri doktoru elmi dərəcəsinə, professor rütbəsinə yüksəldiyi vurğulanıb. E.Süleymanovanın alim ömrünün bəhrələri, onun tədqiqatları, yeni kimyəvi maddələr, onların alınması üçün təklif etdiyi orijinal üsullar və texnoloji proseslər 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, müəlliflik şəhadətnamələrində öz əksini tapmış, 4 elmlər doktoru, 16 elmlər namizədi yetişdirməsi ilə nəticələnib. Müvəkkil şagirdlərə kitabla, təhsillə, elmlə, xarici dillərlə, müasir informasiya-kommunikasiya texnologiyaları ilə dərindən maraqlanmağı tövsiyə edib.
E.Süleymanova zəngin ictimai fəaliyyəti, 1980-ci ildən etibarən respublikamızda qadın hərəkatının genişlənməsində mühüm xidmətləri, Azərbaycan qadınlarının qurultaylarında iştirakı, bu illərdə beynəlxalq səviyyədə gördüyü işləri diqqətə çatdıraraq, şagirdləri vətənpərvər ruhda böyüməyə, hər zaman vətəndaş mövqeyindən çıxış etməyə, ictimai fəallığa çağırıb.
E.Süleymanovanın ölkəmizdə 1994-cü ildən beynəlxalq miqyasda tanınmış qadın qeyri-hökumət təşkilatı – Azərbaycan Qadın və İnkişaf Mərkəzini, 2000-ci ildən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsini və onun nəzdində Liderlik Məktəbini, eyni zamanda Ahılların Resurs Mərkəzini, Qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi üzrə QHT Alyansını yaratdığı və həmin qurumların indi də müntəzəm və rəngarəng fəaliyyətini davam etdirdikləri vurğulanıb.
Yüksək işgüzarlığının, cəmiyyətdə böyük nüfuz qazanmasının nəticəsi olaraq, 2002-ci ildə ölkə Prezidenti cənab Heydər Əliyevin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəddən biri Elmira Süleymanovanın Azərbaycanın ilk Ombudsmanı seçilməsi diqqətə çatdırılıb.
Müvəkkil kimi çoxşaxəli fəaliyyət zamanı digər hüquqlarla yanaşı, uşaqların hüquqlarına, paytaxt və regionlarda hüquqi maarifləndirməyə böyük diqqət yetirdiyi, bu sahədə dövlət qurumları, beynəlxalq təşkilatlar, o cümlədən BMT və bu qurumun strukturları olan İnsan Hüquqları üzrə Ali Komissarlıq, UNİCEF, BMT QAK, UNESCO, habelə vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb.
Eyni zamanda ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında təsbit olunmuş Uşaq hüquqları üzrə pilləli tədris proqramının Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində həyata keçirildiyi diqqətə çatdırılıb. Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramının paytaxtda və regionlarda olan 170-dən çox məktəbdə uğurla həyata keçirildiyi, bu layihədə 10 mindən artıq şagirdin, 800-dən artıq müəllim və direktorun iştirak etdiyi, onların sertifikatlarla təltif olunduğu nəzərə çatdırılıb.
Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində respublikamızda hazırda Uşaq Hüquqları Aylığının uğurla davam etdirildiyi vurğulanıb.
Sonra Müvəkkil məktəblilərin çoxsaylı suallarını ətraflı cavablandırıb.
Eyni zamanda Ombudsmanın həyat və təcrübə yoluna həsr olunmuş biblioqrafiyası, təsisatın hüquqi nəşrləri, həmçinin uşaq hüquqları, o cümlədən 916 Qaynar xətt xidməti haqqında plakatları klassik gimnaziyaya hədiyyə edilib.
İştirakçılar bu görüşə görə Ombudsmana minnətdarlıqlarını bildiriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə