Sevgi arzularının sıxıntıları

Hər bir insan bu həyata göz açanda ağlaya-ağlaya gəlir. Elə bil əvvəlcədən hiss edir ki, özünün ömür səhifələrində müəyyən sıxıntılarla, dərdlərlə, problemlərlə rastlaşacaq, onun sevgi hisslərində qəm yağışı olacaq, ömür yollarını isə həsrət dumanı bürüyəcək. Elə bil insanın sanki əvvəlcədən ürəyinə damır ki, onun arzuları hər tərəfə dağılaraq puç olacaq. Həmişə də fikirli, sözlü adam olduğu üzündəki, alnındakı qırışlarda açıq şəkildə nəzərə çarpacaq və görünəcək. Bu cür ömür yaşayan, həmişə də sıxıntılarla mübarizə aparan və az vaxtda da original düşüncə tərzi və istedadı ilə ətrafına, yaradıcılığına çoxlu oxucu toplayan, mənim də bu yaxınlarda tanış olduğum belə maraqlı insanlardan biri, şairə Tünzalə Arazlıdır.

Tünzalə xanımla tanışlığımız belə oldu. Bir məclisə yaxın tanıdığım Kirman müəllim vasitəsi ilə dəvət olunmuşdum. Söhbət əsnasında dedi ki, “mənim bacım da şairədir. Neçə-neçə kitabı çıxıb”. O, həmin kitablardan birini mənə təqdim etdi. Kitab belə adlanırdı: “Dağılmış arzular”. Müəllifi Tünzalə Arazlı. Bu imza mənə tanış idi. Tünzalı xanımın mətbuat səhifələrində çoxlu şeirini oxumuşdum və xoşuma gəlmişdi, amma özünü tanımırdım. Kitabın adı da xoşuma gəldi. Bu kitabı vərəqlədikcə burada Tünzalə xanımın nakam sevgisinin, göz yaşlarının, ürək çırpıntılarının, sevimli atasını itirmiş bir övladın, arzuları yarımçıq qırılmış bir insanın iztirablarının, sarsıntılarının şahidi oldum. Kitabdakı “Hara yazım mən” şeiri diqqətimi daha çox cəlb elədi. Həmin şeridəki bu sətirlər isə mənə daha orijinal təsir bağışladı.

Bu ayrılıq qəfil döydü qapımı,
Qəm, kədər kəsdirdi dörd bir yanımı,
Yazanım tərs yazdı alın yazımı,
Bu sevgi taleyin hara yazım mən?

Öldü arzularım qollarım üstə,
Bu sevgi dən tökdü saçlarım üstə.
Elə qalsın deyə başdaşım üstə,
Qoy yazım bu sevgi taleyini mən.

Puç olan arzuları həyatda vaxtsız dünyasını dəyişən cavan insanların yarımçıq qalmış taleyidir. Belə ki, günlər ötdükcə həyatda baş verən hadisələr bir-birini əvəz etdikcə, ədəbi mühitdə də yeniliklər baş verir, yeni mövzular, poetik obrazlı yeni-yeni şeirlərlə rastlaşmaq olur. Oxuculara məlum olan “Dağılmış arzular” kitabını vərəqlədikcə bir daha yəqin etdim ki, sevgi dünyasında ürəyə yatımlı sözlər nə qədər könlümüzü şad edirsə, bununla paralel sevginin göz yaşları və qana bələnmiş arzularını da bu kitabdakı şeirlərdə görmək olur. Bunlardan biri də “Məhəbbət nədir?” şeiridir. Həmin şeirdəki bu sətirlərdə puç olan arzular aydın nəzərə çarpır.

Artmayıb qəlbimdə həsrətin cili,
Necədir bilməzsən kədərin dili.
Heç olmamısan ki, sevgi əlili,
Sən bilə bilməzsən məhəbbət nədir?

Yolunu qar, yağış, duman almayıb,
Özündən xəbərsiz gözün dolmayıb.
Məhəbbət əqrəbi səni çalmayıb,
Sən bilə bilməzsən məhəbbət nədir?

Əlbəttə, sevgi ilə yaşayan hər insan xoşbəxt olmur. Çünki xoşbəxtlik elə bir varlıqdır ki, o da çoxlarına ömürləri boyu qismət olmur. Görürsən ki, birinin gözəl bir yaşayışı var, evində hər avadanlıq gözəldir, amma həmin evdə sevgi yoxdur. Həmin evdə səmimiyyət, mehribançılıq, məhəbbət elə bil ki, qayalara çırpılıb. Kədər, qəm o evə elə yol açıb ki, üzlərdəki təbəssüm də sanki göydəki qara buludları xatırladır. Elə “Bu payız axşamı” şeirində olduğu kimi.

Tutulub göz üzü ürəyim kimi,
Yağış damcıları birəbir düşür.
Torpağa açır o imcə qəlbini,
Yadıma bir sevgi nağılı düşür…

Başımın üstündə payız yarpağı,
Qoparaq astaca üstümə düşür.
Bürüyüb qızıla yenə torpağı,
Yadıma bir eşqin vidası düşür.

Ömrünün cavanlıq illərini yaşayan Tünzalə Arazlı, həmişə özünün tənhalıq içində yaşadığını görür. O, özünü tənha bir çiçəyə bənzədir. Elə bir çiçək ki, heç kim həmin təravəti duya bilmir. O təravəti Tünzalə xanım yalnız oğlu Akın, qızı İlkayla birgə bölüşdürür. Və yazdığı şeirləri, çap olunmuş kitabları Tünzalə xanımın həmsöhbəti və bir yoldaşı, sirdaşı kimi dərdlərini bölüşdürən varlıqdır. Bu istedadlı xanımın ayağının altını qazanlar, cərasətinə qısqananlar, ona sevgi yolunda sipər olmağa, ayağının altına daş-kəsək tökməyə çalışanlar da çox olublar. Onlar bu istədiklərinə qismən nail olsalar da, amma onun inadının, mübarizliyinin qarşısını ala bilməyiblər. Tünzalə xanım bu çətinlikləri özünün iti ağlının sayəsində dəf edə bilib. Öz sevgisini ürəyində boğaraq, övladlarını böyütmək üçün əlindən gələni əsirgəməyib. O, bütün bəşəriyyəti sevgi dolu görmək istəyir. Bütün körpələrin yanında ata-anasının olmasını, mehriban yaşamasını arzulayır. Dünya həmin dünya, gecə həmin gecə, gündüz də həmin gündüzdür. Amma bu tarazlığı pozan, səmimiyyəti nifaqlara çevirən, bəşəriyyəti yalançı bir məkana çevirən isə yalnız adamlardır. Onsuz da bir gün yaranıbsansa bir gün də dünyadan köçəcəksən. Amma xoş o adamın halına ki, özündən sonra xoş əməllər qoyub gedir. Tünzalə xanımın atası Nəriman kişi kimi. Tünzalə xanımın atasına həsr etdiyi şeirlərində, elegiyalarında bu aydın görünür. Amma uğursuz yağışların insan sevgisinə yağması, arzuların solğun çiçəklər tək boynunun bükülməsi, sevgi dilinin əlillik həyatına məhkum olması da Tünzalə xanımın həyatının hekayətini sanki dəniz fırtınalarına bənzədir. Amma bütün bunlara həmişə öz dözümü, iradəsi ilə üstün gəlməsi və yeni-yeni bədii əsərlər yazması da Tünzalə xanımın həyat sevgisindən irəli gəlir. O, hər bir şeiri ilə oxucuların məhəbbətini qazanır və onun bu şeirlərində hər kəs öz nisgilini, dərdini, atalı, atasız dünyasını görür və onlara cavab axtarır. Ona bu yaradıcılıq yolunda böyük uğurlar arzulayırıq. Çünki Tünzalə xanımın “Yalan dünya” şeiri çox istedadlı bir xanımın ədəbiyyata gəlməsindən xəbər verir. Dünya haqqında milyonlarla şairlər şeirlər yazıb. Məncə həmin şeirlərin içərisində Tünzalə Arazın şeiri də orijinaldır.

Cavabı olmayan min bir sualsan,
Sonu olmayan roya, bəlkə xəyalsan,
Ömürü yoldaca yarı qoyansan,
Sən cavan ömürlər alansan dünya,
Əvvəlli, axırı yalansan dünya.

Sinəmiz üstündə daşlar göyərir,
Daha nə dərdlərə ürək dözməyir.
Xoşbəxtlik daima bizi sevməyir,
Sən bizi haradan sevənsən, dünya?
Bizimlə ağlayıb, güləsən dünya.

Dünyanı yalançıya çevirən adamlardır Tünzalə xanım. Qoy Tanrı da sizi həmişə yalançı, əqidəsi, xisləti çirkin olan adamlardan qorusun. Sağlam qələm, sağlam düşüncə, sağlam arzularla həmişə yaradıb yaşayasınız. Çünki sizin atanızın ölümünə həsr eydiyiniz və bu kitabda çap olunan bir neçə şeiriniz, elegiyalarınız bütün atasızları sızıldadır və ATA yoxluğunu ürək arzusu ilə ona xatırladır. “Nursu dağları” şeirinizdə isə atanızın yoxluğuna üsyanınız məni daha valeh etdi.

Varmıdır xəbərin, Nursu dağları?
Qoynundan ayrılıb bir ATA köçdü.
Gözləmə Şahbulaq o şən çağları,
Sulardan doymayan bir ATA köçdü.

O, Toxluqayası, o Şəngərtəpə
Görəsən atamı gözləyəcəkmi?
O Kəklikbulağı, Çaşırlı təpə,
Bilsə atam köçüb, üzüləcəkmi?..

Əli RAFİQ
Şair-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...