Azərbaycan və Somali aqrar əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb - FOTOLAR

Azərbaycan və Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Məcnun Məmmədov Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir bildirib ki, Prezident İlham Əliyev Afrika ölkələri, o cümlədən Somali ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. O, kənd təsərrüfatının gələcək əməkdaşlıq üçün ən perspektivli sahələrdən biri olduğunu, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu qeyd edib. M.Məmmədovun sözlərinə görə, bu baxımdan, hər iki ölkənin biznes subyektləri arasında birbaşa əlaqələrin qurulması və ixrac potensialı yüksək olan məhsullar barədə informasiya mübadiləsinin aparılması mühüm əhəmiyyət daşıyır.

Nazir Somali tərəfini Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”nun 2026-cı ildə keçiriləcək sərgisində fəal iştirak etməyə və milli pavilyonla təmsil olunmağa dəvət edib. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sektorunda tətbiq edilən ən son texnologiya və təcrübələrin Somali ilə paylaşılmağa hazır olduğu vurğulanıb. Eyni zamanda, Somalidən olan tələbələr Azərbaycan Dövlət Aqrar Universitetində təqaüd proqramları çərçivəsində təhsil almağa dəvət olunub.

M.A. Hayir öz növbəsində ölkəsinin Azərbaycanla bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu bildirib, kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu vurğulayıb. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.

Daha sonra Anlaşma Memorandumuna imza atılıb. Sənədi iki nazir imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, tərəflər kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, qarşılıqlı maraq doğuran prioritet istiqamətlərdə birgə investisiya layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi, ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac potensiallı kənd təsərrüfatı məhsulları barədə məlumat mübadiləsi, kənd təsərrüfatı sahəsində rəqəmsallaşdırma, aqrar sığorta sahəsində təcrübənin paylaşılması, suvarma suyunun idarə edilməsində qabaqcıl təcrübələrin inkişafı və mübadiləsi, kənd təsərrüfatı sahəsində elmi və texnoloji yeniliklərin mübadiləsi, aqrar sahədə təlim və seminarların təşkili, aqrar tədqiqat, kənd təsərrüfatı infrastrukturunun inkişafı, ticarət missiyalarının təşkili, özəl sektorun işgüzar tədbirlərə cəlb olunmasının təşviqi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə