Baltik dənizi regionunda genişmiqyaslı oğurluq hadisəsinin qarşısı alınıb

İsveçin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı beynəlxalq polis əməliyyatı nəticəsində Baltik dənizi regionu ölkələrində, eləcə də Norveç və İslandiyada 57 nəfər saxlanılıb. Onlardan 22-si İsveç ərazisində tutulub. Əməliyyatın məqsədi təşkilatlanmış oğurluq hallarına, qaçaqmalçılığa və digər transsərhəd cinayətlərə qarşı mübarizə olub. SİA xəbər verir ki, əməliyyat zamanı hüquq-mühafizə orqanları oğurlanmış avtomobillər, qayıqlar, velosipedlər, saatlar və hətta yük maşını müsadirə ediblər. Bir neçə gün davam edən əməliyyat çərçivəsində bərə xətlərində, yollarda, körpülərdə və hava limanlarında 20 mindən çox şəxs və 15 minə yaxın nəqliyyat vasitəsi yoxlanılıb.

İsveçin məhkəmə icraçıları təxminən beş milyon İsveç kronu (təxminən 460 min ABŞ dolları) dəyərində əmlaka həbs qoyub. Həmçinin bir neçə kiloqram narkotik vasitə də müsadirə olunub.

Ağır oğurluq, çirkli pulların yuyulması, ekoloji hüquq pozuntuları və narkocinayətlər üzrə təxminən 100 cinayət işi açılıb.

Əməliyyat zamanı ən çox həbs İsveç və Danimarkada qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə