Əgər sözlərimizi idarə edə bilsəydik, həyat necə olardı?
Bəzən bir söz çıxır ağızdan, sonra saatlar, bəzən illər boyu gəzib dolaşır yaddaşlarda. Kiməsə toxunur, kimisə parçalayır. Və sən nə qədər desən də, “elə demək istəməmişdim” – artıq gec olur. Çünki söz, bir dəfə uçmağa başlayan quş kimidir və qayıdanda heç vaxt əvvəlki kimi olmur.
Antik dövr filosofu Aristotel demişdi: “Əgər söz ağızdan çıxdısa, o artıq sənin deyil.” Bu fikir bir zamanlar yunan forumlarında danışılan məntiqli çıxışların arxasında dayanan fəlsəfi ağıl idi. Amma bu gün, min illər sonra, o sözlər bizim ağızımızdan, bizim sosial mediadan, bizim telefon danışığımızdan çıxır. Bu sözlər bəzən dostluğu yıxır, bəzən bir ailəni sındırır, bəzən bir xalqın talehinə yön verir. Bu qədər böyük güc daşıyan bir varlıqla bu qədər məsuliyyətsiz davranmaq, necə də təhlükəlidir…
Söz təkcə bir səs, bir sətir deyil. Söz insan ruhunun səsini daşıyan bir alətdir. Bu alətlə mahnılar da oxumaq olur, amma qəlb də yaralamaq. Deyirlər, bəzən susmaq qızıldır. Amma danışmaq düzgün vaxtda, doğru tərzdə olarsa, insan qəlbinin xəritəsini çəkər. Əgər biz hər sözümüzü sükutun içindən çəkib çıxarsaydıq, bəlkə də daha dərin danışardıq. Bəlkə də dilimizin ucunda dayanıb qalan o minlərlə cümlədən, sadəcə biri kifayət edərdi. Amma biz danışdıqca yorulur, danışdıqca itiririk. Çünki artıq susmağa səbrimiz, sözə isə məsuliyyətimiz yoxdur.
Fərdlər danışır, cəmiyyət formalaşır – Saussure və dilin gücü
Dil – fərdi deyil, həm də kollektiv bir varlıqdır. Ferdinand de Saussure bunu açıq şəkildə deyirdi: “Dil bir struktur sistemidir. O, sadəcə fərdi deyil, sosial bir hadisədir.” Yəni biz hər dəfə bir söz deyəndə, təkcə öz adımızla yox, bir xalqın, bir toplumun dəyərləri ilə danışırıq.
Bəzən bir nəsil, bir kültür, bir ideologiya bircə cümlədə gizlənir. “Qadın susmalıdır”, “Uşaq başa çıxmaz”, “Kişi ağlamaz” – bu tip sözlər bizim sadə deyimlərimiz deyil, sosial kodlarımızdır. Biz fərqinə varmadan bu sözlərlə normativ dünyalar qurur, fərqli olanı sıxışdırırıq. Əgər biz bu sözləri deyərkən onun arxasında hansı tarixlərin, hansı acıların, hansı basqıların olduğunu düşünə bilsəydik… bəlkə danışmazdıq. Bəlkə də danışsaq belə, başqa cür danışardıq.
Dilin içində gizlənən güc – Vygotsky və düşüncənin dili
Lev Vygotsky dilin insan düşüncəsini qurduğunu deyirdi. Yəni, biz necə danışırıqsa, elə düşünürük. Bir insanın dilində sevgi yoxdursa, demək ki, içində də yoxdur. Əgər biri yalnız sərtlik, aqressiya, ya kin ifadə edirsə, deməli onun dünyası da elədir.
Biz sözlərlə içimizi formalaşdırırıq. Uşaqlara deyilən sözlər – “bacarmazsan”, “sus”, “utanmırsan?” – onların gələcək həyatını, öz güvənini, cəmiyyətlə münasibətini təyin edir. Bir ömür boyu insanlar içlərində bir vaxt eşitdikləri bir cümlənin kölgəsi ilə yaşayırlar. Söz bəzən fiziki zərbədən daha uzunömürlü yaradır. Amma bir “inanıram sənə”, bir “səni anlayıram” – bir insanı qaranlıqdan işığa çəkə bilər.
Goffman və sosial maskalar
Erving Goffman gündəlik həyatı teatr kimi təsəvvür edirdi. Biz hamımız bu səhnədə bir rol oynayırıq. Danışdığımız hər söz bu rolun bir hissəsidir. Ancaq problem budur: bu sözlər bizim həqiqi “mən”imizi gizlətməyə xidmət edir. İnsanlar içində gülərüzlə danışır, amma içində qırılır. Bəzən biri səni “dəyərsən” deyə tərifləyir, amma əslində əzələndə boşluq oyadır. Söz bəzən pərdədir, bəzən maska. Və hər pərdənin arxasında bir az qorxu, bir az da yalquzaqlıq var. Əgər danışmazdan əvvəl, özümüzə sual versəydik: “Bu söz həqiqətən mənimdir, yoxsa sadəcə maskadır?” bəlkə həyatımız daha şəffaf, daha dürüst olardı.
Sosial medianın mikrofona çevrilmiş dili
Əvvəllər insanlar yalnız evdə, ailə içində danışırdı. İndi isə hər kəsin bir “tribunası” var – sosial media. Duyğuların qızğın yerində atılan bir status, bəzən bir ömür boyu arxasınca gəlir.
Marshall McLuhan demişdi: “Media insanın uzantısıdır.” Amma biz indi media vasitəsilə dilimizin də uzantısını yaratmışıq. İstifadə edilən hər söz ekranlardan sıçrayaraq, minlərlə adama dəyir. Və bu insanlar sözümüzə ya gülür, ya ağlayır, ya da nifrət edir. Biz isə bir cümlə yazıb, ekrana baxmadan yolumuza davam edirik. Amma o cümlə hardasa birini titrədir, birini uçurumdan aşağı çəkir, birini dirçəldir. Söz budur. Görünməzdir, amma iz buraxır.
Bəlkə də, biz sözə uşaq kimi yanaşmalıyıq. Həm sevgi ilə, həm məsuliyyətlə. Uşaq necə safdırsa, söz də saf doğulur. Onu çirkləndirən niyyətimiz, onu zəhərə çevirən emosiyamız, onu uçuruma aparan isə qəfil düşüncəsizliyimizdir. Əgər sözə sahib ola bilsəydik, bəlkə də münasibətlərimiz daha dürüst, həyatımız daha sadə olardı.Bəlkə də sevgi bu qədər sınağa çəkilməzdi, dostluq bu qədər sınmazdı, nifrət bu qədər böyüməzdi. Çünki söz yaşadır da, öldürür də.
“Söz dediyin şey, insanın içini ifşa edən bir pəncərədir.”
Bəzən onu açmaq azadlıq gətirər, bəzən isə bütün sirrini ətrafa yayar. Elə isə, susmadan əvvəl danışmağı, danışmadan əvvəl susmağı öyrənməliyik.
Nigar Şahverdiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə