...Hindistanın baş naziri Narendra Modi vətəndaşları xaricdə istehsal olunan məhsullardan imtina etməyə və yerli istehsal olanları qəbul etməyə çağırıb. Bu bəyanat ABŞ-la ticarət əlaqələrinin pisləşməsi fonunda verilib.
SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp Hindistan idxalına 50 faiz rüsum tətbiq etdikdən sonra Modi “Swadeshi” konsepsiyasını - Hindistanda istehsal olunan məhsulların istifadəsini fəal şəkildə təbliğ etməyə başlayıb.
Onun tərəfdarları Amerika brendlərini, o cümlədən ölkədə son dərəcə populyar olan McDonald's, Pepsi və Apple-ı boykot etmək üçün kampaniya başlatdılar.
Modi xalqa müraciətində "Hər gün istifadə etdiyimiz bir çox məhsul xaricdə hazırlanır və biz bunu bilmirik... biz onlardan qurtulmalı olacağıq”,- deyib.
...Biz Hindistanda istehsal olunan malları almalıyıq, - deyə o, konkret ölkələrin adını çəkmədən əlavə edib.
Qeyd edilməlidir ki, 1,4 milyard əhalisi olan Hindistan Amazon və yerli şəbəkələr vasitəsilə aktiv şəkildə yayılan Amerika malları üçün ən böyük bazardır.
Son illərdə Amerika brendlərinin təsiri hətta kiçik şəhərlərdə də artıb. Modi həmçinin mağaza sahiblərini Hindistan mallarının satışına diqqət yetirməyə çağırıb və bunun ölkənin iqtisadi artımını sürətləndirəcəyini vurğulayıb.
Son həftələrdə bir çox şirkət yerli məhsulların tanıtımını gücləndirib.
Hindistanın ticarət naziri Piyuş Qoyal ticarət gərginliyinin azaldılmasına yönəlmiş danışıqlar üçün tezliklə Vaşinqtona səfər etməyi planlaşdırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə